Rusiyadan Azərbaycana kütləvi axın ehtimalı

Ukrayna torpaqlarını işğal edən Rusiyaya Qərbin tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatına mənfi təsirini göstərməkdədir, nəticədə rus rublu da dəyərdən düşür. Bütün bunlar Rusiyada məskunlaşmış miqrantlara da problemlər yaradır.

Artıq Rusiyada baş qaldırmaqda olan böhranla əlaqədar azərbaycanlıların da kütləvi şəkildə bu ölkədən Vətənə qayıdacağı barədə məlumatlar yayılır. Belə kütləvi dönüş olarsa, Azərbaycanda hansı fəsadlar, problemlər ortaya çıxa bilər? Azərbaycan iqtisadiyyatının yeni işçi ordusunu həzm etmək gücü varmı?

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli “Media forum” saytına bildirib ki, Rusiyada yaşayan azərbaycanlıların kütləvi şəkildə Vətənə qayıdacağı gözlənmir: “Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi embarqo ölkə iqtisadiyyatına müxtəlif dərəcələrdə təsir göstərir. Rubl qiymətdən düşür, bəzi məhsulların qıtlaşdığı görünür, inflyasiya artır, iş yerləri azalır və digər problemlər müşahidə edilir. Bu problemlər Rusiyada təkcə azərbaycanlılara yox, hər kəsə mənfi təsir göstərir, gəlirlərin azalmasına, iş yerlərinin itirilməsinə gətirib çıxara bilir. Amma bu, azərbaycanlıların kütləvi şəkildə Rusiyanı tərk etməsinə səbəb ola bilməz. Azərbaycanlıların bir qisminin gəliri azala bilər ki, bu da onların Azərbaycana, öz ailələrinə göndərdikləri pulun məbləğinə təsir göstərə bilər. Azərbaycanlıların digər qismi isə Rusiyada ərzaq sahəsində yaranan problemdən faydalanıb oraya mal daşıya və əlavə qazanc əldə edə bilər”.

İqtisadçı ekspert Natiq Cəfərli də Rusiyadan gələn pul kütləsinin azalmasını narahatlıq doğuran əsas amil sayır: “Bütün azərbaycanlıların geri qayıtması mümkün deyil. Bu, çox zəif bir ehtimaldır. Təqribən 700 minə yaxın azərbaycanlının artıq Rusiya vətəndaşlığı var. Bir çoxları təkcə bazarlarda deyil, müxtəlif biznes sahələrində çalışır. Aşağı maaşlı işlərdə çalışan, qeydiyyatı olmayan azərbaycanlılar geri qayıda bilər. Sözsüz, bu da balaca hadisə deyil, çünki hətta bu halda da söhbət on minlərlə insandan gedir. Proses kütləvi hal alacaqsa da (yenə deyirəm, bu, çox zəif ehtimaldır), yalnız müəyyən zaman keçəndən sonra olacaq. Çünki oradakı insanlar hələ ümidlə yaşayırlar. Həm də bilirlər ki, Azərbaycana qayıtsalar, iş problemi ilə üzləşəcəklər. Daha çox Rusiyada qalaraq digər şəhərlərə və ya Belarus, Qazaxıstan kimi ölkələrə miqrasiya etməyə çalışacaqlar.

Azərbaycan üçün daha çox Rusiyadan gələn pul axınının azalması problemi var. Rusiyadakı azərbaycanlıların əksəriyyəti öz ölkəsinə, ailəsinə pul göndərir. Rəsmi məlumata görə, burada söhbət ildə 1,8 milyard dollara yaxın vəsaitdən gedir. Qeyri-rəsmi məlumata görə, bu məbləğ daha çoxdur, ən azı ikiqat artıqdır. Bu axın əsasən Azərbaycanın regionlarında sosial gərginliyin azalmasına təkan verir, insanların dolanışığı ilə yanaşı əmlak, avtomobil bazarına ciddi təsir göstərir. Bu mənada Rusiya iqtisadiyyatının çökməsi Azərbaycana gələn gəlirlərin azalması deməkdir. Amma bu, uzunmüddətli bir prosesdir. Çünki çox güman, Rusiyaya qarşı sanksiyalar uzunmüddətli olacaq və ölkənin iqtisadiyyatı birdən-birə yox, mərhələ-mərhələ zəifləyəcək. Bunun Azərbaycana yarada biləcəyi əsas təhlükə regionlarda sosial problemlərin artması ola bilər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar