SINDIRILMIŞ ÇAR... - Bu “qiyam oyunu”nun qalibi kim oldu?

Priqojinin qiyamı rusiyalıların Putinə “sevgisini” göstərdi

Əgər rusiyalıların böyük əksəriyyətinin gündəlik həyatda işlətdiyi və bir tərəfdən də Yevgeni Priqojini onlara sevdirən kriminal jarqondan istifadə etsək, deyə bilərik ki, Putin artıq “paxan” deyil. Çünki sındırılmış “paxan” artıq “paxan” sayılmır...

Dünən BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, dünyanın ən böyük ərazisinə və ən böyük nüvə silahı potensialına malik dövləti Afrika və Cənubi Amerikanın 1980-ci illərdəki “banan dövlətləri” səviyyəsinə endi. Bu dövlətin başında duran şəxs isə boynu sümük boyunbağılı, başı isə rəngarəng quş lələkli hansısa Afrika dövləti liderinin uğradığı qiyamdan da betər bir qiyam biabırçılığı yaşadı.

Bir neçə saat isərisində onun rəhbərlik etdiyi dövlətin bütün hakimiyyət strukturları, ərazilərdəki rəhbər nümayəndəlikləri, ordusu, polisi, xüsusi xidmət orqanları və s. kriminal bir liderin və onun başçılıq etdiyi hərbi qruplaşmanın qarşısında diz çökərək, əsir düşdü. Onu bu vəziyyətdən isə qonşu dövlətin legitimliyi bütün sivil dünya tərəfindən rədd edilən, nəinki dünyanın, hətta öz xalqının belə qəbul etmədiyi şəxs qurtardı.


Yevgeni Priqojini aldatdılar, qorxutdular, şirnikləndirdilər, ona hansısa mediaya açıqalnmayan vədlər verdilər, ya başqa razılaşmalar oldu və s. – əsas məsələ bunlar deyil. Əsas məsələ odur ki, Putin hakimiyyətinin, Putinin özü başda olmaqla, onun siyasi, hərbi, məmur elitasının rəzil, qorxaq, çürük, prinsipsiz, qanundan kənar, dövlətçilikdən uzaq mahiyyətinin bütün çılpaqlığı ilə üzə çıxarıldı. Üzə çıxdı ki, Rusiyada dövlət - filan yoxdur...

Ən əsası, bu qiyam Rusiya xalqının Putinə və onun hakimiyyətinə gerçək münasibətini ortaya qoydu. Nə böyük şəhərlərdə Putini dəstəkləyən kütlələri gördük, nə də qiyam qaldıran “Vaqner”-in tanklarının qarşısına çıxan əli yalın vətəndaşları. Türkiyədə 2016-cı il 15 iyun qiyamını xatırlasaq, Türkiyə xalqının hakimiyyətə verdiyi dəstək, tankların, silahlı qiyamçıların qarşısına çıxaraq, ölümə meydan oxuması, şəhidlər verməsi mənzərəsi ilə dünən Rusiya sakinlərinin Putin hakimiyyətinə qarşı biganəliyini müqayisə edə bilərik. Rusiya xalqında türklərin 15 iyundakı fədakarlığını görmədik və bu, sözsüz ki, xalqların və hakimiyyətlərin fərqliliyindən, demokratiya ənənələrindən, dövlətçiliyə münasibətdən irəli gəlir... 

Putinə dəstək konsertlərində Kremlə yaltaqlanan, əttökən məddahlıq nitqləri söyləyən, “qoyda” deyib çığıran, “za Pitina, Za Rossiyu” deyib bağıran sırtıq müğənni, artist, aktyor sifətlər də yoxa çıxmışdı. Əvəzində Moskvadan müxtəlif istiqamətlərə şəxsi təyyarələr qalxdı və həmin təyyarələrdəki Putinin ətrafı “isti ölkələrə” üz tutdu.

Demək olar, bircə qubernator, nazir, deputat çıxıb Putini birmənalı, qeyd-şərtsiz, açıq şəkildə dəstəkləmədi. Böyük əksəriyyət susdu, danışanlar isə ikibaşlı, sürüşkən açıqlamalar verdilər.

O dünyada o yan-bu yana çevrilən Vladimir Jirinovskinin Putini dəstəkləyən partiyası - LDPR ötən gün öz rəsmi “Tvitter” səhifəsində Putini “arvad” adlandırdı. Putinə sədaqət andı içən və guya Priqojini cəzalandırmağa gələn “kadırovçular” isə nə işdirsə bütün gün ərzində heç cür Rostova gəlib çıxa bilmədilər...

Gecə-gündüz Kremlin təbliğatını aparan, Putinin Ukraynaya qarşı cinayətkar işğalçılıq müharibəsini dördəlli dəstəkləyən, “Çar”ı göylərə qaldıran solovyovlar, simonyanlar, skabeyavalar qorxularından girməyə dəlik axtarışında idilər. Qorxa-qorxa, ehtiyatla qan tökülməməsinə çağırış etdilər və nə Priqojinin, nə də “Vaqner”-in əleyhinə bir kəlmə belə deməyə cəsarət etmədilər. Bu çürük adamlar da bütünlükdə Rusiya xalqı kimi göstərdilər ki, onların Putinə sədaqəti və dəstəyi saxtadır!


Putinin 23 illik hakimiyyəti dövründə “hanı Rusiya xalqı, niyə meydanlara çıxmır, etiraz etmir” deyənlər indi də gördülər ki, bu xalq eyni zamanda, Putini dəstəkləmək üçün də meydana çıxmır. Göründü ki, Putin xalqı maraqlandırmır, necə ki, xalq da Putini. Ancaq əvəzində hamı gördü ki, əhalinin böyük hissəsi kriminal, quldur, başkəsən Priqojinə Putindən daha çox rəğbət bəsləyir. Onun əsgərlərini Rostovda və digər şəhərlərdə az qala gül-çiçəklə qarşıladılar, əhali “vaqnerçilər”ə su, yemək daşıdı, sərhədçilər “Vaqner”i sərhəddən bir güllə də atmadan buraxdılar. Cənub Hərbi Dairəsinin sıravi və komandir heyəti onlara müqavimət göstərmədi, Rostov polisi yol keçən “Vaqner” texnikasına gülə-gülə əl yellədi, sosial şəbəkələrdə Priqojinə misli görünməmiş dəstək ifadə olundu və sair. Özü də bütün bunları Priqojinin quldurbaşı olduğunu bilə-bilə etdilər. Çünki uzun illərdən bəri hakimiyyətdə olanların ondan da betər quldur və oğru olduğunu görüblər.

Nəticə budur ki, bu “qiyam oyunu”nun qalibi olmadı. Hər iki tərəf uduzdu. Putin Rusiya ordusunun indiki ağır vaxtında 6 hərbi vertolyotunu, bir təyyarəsini ekipajları ilə birgə məhv edən, ölkənin azı iki vilayətində hakimiyyəti və Cənub Hərbi Dairəsi kimi strateji obyekti ələ keçirən, tankla, topla Moskvanın iki yüz kilometrliytinə qədər irəliləyən, siyasi hakimiyyətin onsuz da ayaqlar altına atılmış nüfuzunu qara qəpikdən də dəyərsiz vəziyyətə gətirən bir quldurbaşının qarşısında boyun əydi, səhər dediyi sözləri axşam “yaddan çıxardı”, ölkə konstitusiyasını, qanunları tapdalayaraq, açıq cinayəti ört-basdır etməyə, Priqojinə qarşı cinayət işini ləğv etməyə məcbur oldu. Putinin bu əzilmiş “sifətlə” hakimiyyətdə çox duruş gətirə biləcəyini düşünmək çətindir...

Priqojin isə əgər hər şey Dmitri Peskovun dediyi və rəsmi xəbərlərdə qeyd edilənlər kimidirsə(!), rusiyalıların böyük əksəriyyətinin ümidini və böyük ölçüdə öz siyasi gələcəyini, eləcə də uzun illərdən bəri qurub yaratdığı “Vaqner”-i məhv etdi.

Bir sözlə, hesab hələ ki, heç-heçədir və bu hesab Rusiyada hakimiyyət uğrunda savaşan tərəflərin heç birini uzun müddət qane edə bilməz...

Cəlal Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Oxucu. 2023-06-26 12:50:29

Görəsən Sürət Hüseynov hardadır?soruşmaq lazımdır o,kimin tapşırığı ilə qiyam etmişdi,onda rusyadakı qiyamı əlimizin içi kimi bilərik və birdə ən marağlısı budurki hər iki qiyaçıları güya arxadan vururdular.

Vuqar Memmed.oglu 2023-06-26 02:28:17

PRİQOJİN PUTİN QAYDASİ GETDİ;- DAVA QACİLMAZDİSA BİRİNCİ VUR!

Eli 2023-06-25 14:40:46

Camal bey bu çezmiyib ,qazaxlılar ölmeye çezmek deyirler bu sadece “ cırılıb” Priqojin kimi anadangelme cinayetkar ce onun xuliqan destesi ile birlikde..Bunları ise тряпка kimi cıranlar mehz ingilisler -ABŞ ve Böyük Britaniya olub-Dünyanın sahibleri yehudilerle birlikde.Bunların qabağında dura bilecek bir güc varsa o da Türkiyye ola biler ve sonra Allah qoysa Turan

Eli 2023-06-25 13:24:12

Bunlar hamısı Böyük Britaniya ve ABŞ- ın ssenarileridir nece ki tarix boyu bu millet ve dövlet bele idare olunub

Sadiq 2023-06-25 12:55:32

vetendash 2023-06-25 12:48:48

hormetli Celal bey tesekkur edirem size, burda qalib hec shubesiz Priqojindir, indi dash Shoyqu ve Gerasimova deyecek, bela ciddi hadiseler hec heca hesabi ile bitmir hec zaman.

Camal 2023-06-25 12:36:27

Bir filmdə deyildiyi kimi:(oxuculardan üzr istəyərək) çezdi kələntər......

Son yazılar