KREMLİN MÖVCUD OLMAYAN “B PLANI” – Putin qiyamdan nəticə çıxara bildimi?

Beynəlxalq siyasi icmalçılar “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin qiyamının əsas səbəbinin nədən ibarət olması ilə bağlı çoxsaylı mülahizələr yürüdürlər. 

Amma görünən odur ki, cəmi bir sutka sürmüş bu hadisə Vladimir Putin haqqında uzun illər ərzində Rusiya mərkəzi televiziya kanalları vasitəsilə formalaşdırılmış “böyük dövlət adamı”, “dərin strateji düşüncəli siyasi xadim”, ”ən kritik məqamlarda soyuqqanlılıq və cəsarət nümayiş etdirən rəhbər” kimi epitetləri bir göz qırpımında mənasız söz yığınına çevirdi. Metafora ilə ifadə etsək, Rusiya Prezidenti danimarkalı yazıçı Hans Kristian Andersenin “Kralın yeni libası” nağılındakı kralın durumuna düşdü və aydın oldu ki, təbliğat difirambları sadəcə həqiqəti gizlətmək əməliyyatı olub, reallıqda isə kral çılpaqmış.

Baş verən hadisələrdən on gün keçməsinə baxmayraq, hiss olunur ki, Putin bunlardan özü üçün ibrət dərsi götürməyib, lazımi nəticələr çıxara bilməyib. İyirmi ildən artıqdır ki, hakimiyyət zirvəsində qərarlaşan Putin hazırda cərəyan edən hadisələrə böyük dövlət xadimi kimi yox, “obıvatel” sayağı yanaşır. Onun məntiqindən belə çıxır ki, sadəcə, hansısa dələduz dövlətin pulları hesabına harınlayıb və əndazəni aşıb. Ancaq ona deyən yoxdur ki, axı, bu pulları Priqojinə sən vermisən! Niyə vermisən? Bəli, o, etiraf edə bilmir ki, əvvəla, söylənənlərin əksinə olaraq uzaqgörən deyil və Rusiyanın pullarının, sərvətlərinin havaya sovrulması mexanizminin başında elə onun özü dayanır. Digər yandan, deyəsən, Putin son zamanlar dəqiq məlumat almağı da bacarmır. Belə ki, hərbi müxbirlərlə görüşü zamanı məlum oldu ki, o, cəbhədəki operativ vəziyyət barədə dolğun informasiyaya malik deyil və hətta bir çox mətləblərdən bixəbərdir. Əks halda özünü publika qarşısında bu cür dolaşdırmazdı...

Əgər proseslərə Rusiya və onun dünya arenasındakı strateji mövqeyi və ölkənin daxili dinamikası kontekstindən baxsaq, ümumi mənzərəni daha panoramlı görə bilərik. Bir dövlət kimi Rusiyanın hansı siyasi və idaretmə fəlsəfəsinə söykəndiyini, onun lideri Putinin nə düşündüyünü xüsusilə nəzərə almaq lazımdır.

Putin ləkələnmiş imicini düzəltməyə çalışır

Hazırda Vladimir Putini müharibənin gedişi ilə yanaşı ən çox narahat edən digər bir məsələ Priqojinin qiyam etdiyi gün özünün düşdüyü rüsvayçı vəziyyətin yaratdığı ictimai-siyası ab-havadır. Ona görə də Putin bu problemi ortadan qaldırmaq və ləkələnmiş imicini bərpa etmək istəyir. Bundan ötrü o, çabalayır və qəribə, eyni zamanda da gözlənilməz hərəkətlər edir. Bu hərəkətləri analiz etdikdə onun necə bərk qorxduğu aydın sezilir.

Məsələn, hərbi müxbir Aleksandr Sladkov televiziya verilşlərinin birində etiraf edib ki, o, ölkə başçısı ilə görüşündən əvvəl karantində qalıb. Deməli, buradan anlaşılır ki, Putin hələ də virusa yoluxa biləcəyindən ehtiyat edir. Halbuki, artıq koronavirus epidemiyası demək olar ortadan qalxıb. Maraqlı məqam odur ki, xəstəliyə yoluxmağından qorxan Putin Dağıstana gedərək “xalq kütlələri” ilə canlı təmas qurub. Yaxşı, bəs o, niyə Dağıstanda infeksiya təhlükəsindən ehtiyat etməyib? Bəlkə oraya toplaşanların hamısı karantində saxlanılıb? Ola bilsin ki, doğrudan da elədir! Əgər diqqət etsəniz, görərsiniz ki, həmin görüşə topladıqları adamların demək olar, hamısı milli mənsubiyyətinə görə rus idilər. Bu isə onu deməyə əsas verir ki, Putinlə görüşə gələnlər onun məşhur “xromakey” personajları kimi “görüş ştatında” duran adamlardır və onları da bir müddət karantində saxladıqdan sonra Moskvadan yığıb gətiriblər.

Putinin oxşarları barəsində söz-söhbətləri isə çox ehtimal ki, onun özü qəsdən yayır. Putin istəyir ki, onun personası ətrafında xüsusi bir məşum mistika formalaşsın. Çünki o, hər halda kütlə psixologiyasını bilməmiş deyil və təsir vasitəsi kimi bu fənddən istifadə edir. Məqsəd isə özünü müqəddəsləşdirməkdir. Bunu televiziya kanallarındakı verlişlərdən də görmək və hiss etmək mümkündür. Bunun üçün elə təkcə Dmitri Kiselyovun “Vesti nedeli” proqramındakı cəfəngiyyatlara baxmaq kifayətdir.

Bir daha Priqojinə verilən pullara qayıdaq. Qiyamdan sonra Rusiya televiziyaları Kremldən gələn təlimatlar əsasında Priqojinə qarşı anti-təbliğat kampaniyasına start verdilər və ictimaiyyətə məlum edildi ki, Putin öz dostu üçün büdcədən indiyədək 20 milyard dollardan artıq pul ayırıb. Nə üçün? Afrikadakı əməliyyatlar üçün bu, təbii ki, hədsiz dərəcədə böyük məbləğdir. Heç şübhə yoxdur ki, bu vəsaitin böyük hissəsi mənimsənilib və bunları tək Priqojin mənimsəyə bilməzdi...

Kremlin və daha doğrusu, “kollektiv Putin”in çətin duruma düşməsinin səbəbi heç də təkcə Priqojinin qiyamı və onun arxasında duranların niyyətləri ilə bağlı deyil. Məsələ ondadır ki, Rusiyaya rəhbərlik edən şəxslərin siyasi dünyagörüşləri ilə yanaşı, tarix haqqındakı bilkiləri də çox bəsitdir. Ona görə də hakimiyyətin mahiyyətini, onun hansı hallarda zəifləyəcəyini, relsdən çıxa biləcəyini, beynəlxalq arenada qüvvələr nisbətinin necə tənzimləndiyini dərk etməyiblər. Hətta Priqojin qiyamından sonra da köhnə, ənənəvi yolla gedirlər, çünki ayrısını bilmirlər.

Ümumi nəticə çıxarıb deyə bilərik ki, əslində, uzunmüddətli müharibə qətiyyən Rusiyaya və ələlxüsus onun Prezidentinə yaxşı heç nə vəd etmir. Müharibədə strateji təşəbbüsü itirən, müdafiə taktikası seçmək məcburiyyətində qalan və taqətdən salınan narazı rus ordusunda yeni priqojinlərin peyda olmayacağına təminat yoxdur.

Putinin strateji yanlışlıqları

Ümumiyyətlə, müharibəyə başlamazdan öncə Vladimir Putin nələri nəzərə almalıydı?

Birincisi, o, bilməliydi ki, ordunun və ölkənin uzunmüddətli müharibə aparmaq imkanları hansı səviyyədədir. Putin öz ölkəsinin ən informasiyalı şəxsi olsa da, Ukrayna müharibəsi əyani formada göstərdi ki, o, Rusiyanın hərbi- texnoloji və iqtisadi potensialını, dünya güclərinin perspektiv maraqlarını düzgün hesablamayıb. Putin səhvən bu müharibədə çox tezliklə qələbə qazanacağına tam əmin olub.

İkincisi, Putin anlamalıydı ki, Qərb tam gücü ilə olmasa da, hər halda Ukraynaya bu müharibədə kömək edəcək.

Üçüncüsü, 2014-cü ildən fərqli olaraq Qərb tərəfindən daha sərt sanksiyaların gələcəyi öncədən bilinməliydi.

Dördüncüsü, Putin həmişə söyləyirdi ki, dünya birqütblüdür, bu isə ədalətli deyil və bunun qarşısı alınmalı, yeni bir dünya düzəni qurulmalıdır. O, çoxqütblü dünyanın meydana gəlməsinin vacibliyini dəfələrlə vurğulayıb. Putin çoxqütblü dünya deyəndə, ABŞ mərkəzli Qərb dünyasını, Çini və Rusiyanı nəzərdə tuturdu. “BRİCS”-ə daxil olan digər ölkələr Rusiya və Çin ətrafında dövr etməliydilər. Ancaq Rusiya hansı resurslarla yeni bir geostrateji qütbə çevriləcəyini düşünməyib. Kremlin maliyyə kanalından bəslənən çoxsaylı rus və eləcə də Qərb politoloqları bunun tam real əsaslara dayandığını sübut etməyə çalışıblar. Ola bilər ki, məhz bu yanaşma Putini yanıldıb. O, fikirləşib ki, Birinci və İkinci Dünya Müharibələrində olduğu kimi yeni geostrateji koalisiyalar meydana gələcək və Rusiya təklənməyəcək.

Maraqlı bir nüansı qeyd etmək lazımdır ki, Putin hakimiyyətə gələndən sonra enerji resurslarının dünya bazarındakı qiymətləri kəskin yüksəldi və Rusiyaya möhtəşəm pullar axdı. Bəlkə də bu, onun beynini elə dumanlandırdı ki, SSRİ-nin bərpa edilməsi fikrinə düşdü, Krımın ilhaqından sonra isə çoxqütblü dünyanın vacibliyindən danışmağa, Qərbə meydan oxumağa və nəhayət, NATO-ya 1997-ci ilin sərhədlərinə geri qayıtmaq barəsində ultimatum verməyə başladı. Rəsmi təblğat onun cəsarətini və “strateji dühasını” vəsf etməyə girişdi, əfsanələr uyduruludu.

Həm də Putin apardığı müharibələrdə özündən qat-qat zəiflərə qalib gəlib. O, 2008-ci ildə kiçik Gürcüstanın, 2015-ci ildə isə demək olar, ordusu olmayan Ukrayna üzərində üstünlük qazanıb. Suriyadakı müharibəyə gəlincə, orada döyüşən müqavimət qüvvələrinin əlində atıcı silahlardan başqa heç nə olmayıb. Nəticədə, havadan təhlükəsiz şəkildə Hələbi bombalayıb şəhəri viranə qoydular. Ancaq Liviyada bu, baş tutmadı. Çünki Türkiyə xüsusi təyinatlıları “Vaqner”i darmadağın etdikdən sonra Putin dərk etdi ki, ən yaxşısı Liviyadan əkilməkdir. Biz Putinin apardığı müharibələrin qısa xronikası ilə tanış olduq.

Deməli, Putin fikirləşib ki, əgər Ukrayna məsələsini həll etsə, o zaman Çin də öz geostrateji planı çərçivəsində hərbi yolla Tayvan probleminə yekun vuracaq. Kremlin hesablamalarına görə, Çin ona hərtərəfli yardım etməliydi. Daha başa düşmürdü ki, Çinə güclü və qalib Rusiya lazım deyil, ona əlinin altında duran distrofik və vassal Rusiya lazımdır.

Proseslərin ümumi istiqaməti göstərir ki, Rusiya Ukrayna müharibəsindən öncəki vəziyyətə qayıtmayacaq, qat-qat zəifləyəcək və gedib Çinin qarşısında yalvaracaq. Onda sual olunur, Qərb dünyasından uzaqlaşıb, başqa bir gücün tam təsiri altına düşməkdən ötrü Ukraynada müharibə etməyə nə ehtiyac vardı?

Beşincisi, Putin bütün variantları qarşısına qoyub hesablamalıydı ki, əgər birdən plan alınmasa, nə etməliyəm? Əslində, Kremlin və Putinin alternativ “B planı” olmalıyıdı. İstənilən iri miqyaslı əməliyyat, xüsusilə də müharibə üçün bu, olduqca vacibdir. Ancaq belə görünür ki, belə bir plan heç əzəldən olmayıbmış...

Putin indi sadəcə inersiya ilə hadisələrin arxasınca sürünür. Putin haqqında Qərbdə meydana gəlmiş olduqca maraqlı və artıq populyarlaşmış fraza var. Bu, Makronun təbiri ilə desək ”Putinin simasının qorunmasıdır”. Belə bir ifadə heç də təsadüfən ortaya atılmayıb, çünki vəziyyət dramatikləşdikcə Putinin nüfuzu sürətlə aşağıya doğru yuvarlanır və hökmdarın aqibəti təhlükəyə məruz qalır. Bu gedişlə artıq öz ətrafı onu ictmaiyyətin gözü önündə açıq şəkildə məsxərəyə qoyub, ələ salacaq. Bir gün isə vəzifəsindən atacaq. Bunun “məşqləri” artıq gedir. Priqojinin qiyamı və İqor Strelkovun çıxışları bunun bariz nümunəsidir...

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar