YENİ SOYUQ MÜHARİBƏ RUSİYANIN CİBİNƏ GÖRƏ DEYİL! - Bəs bundan sonra necə olacaq?

“Sovet İttifaqı məhz ölkə iqtisadiyyatının aparılan xarici siyasəti müdafiə etmək imkanından uzaq olması hesabına dağıldı”

Geopolitikanın aksiomalarına görə, hər hansı bir ölkənin güc nümayiş etdirməsi yalnız onun iqtisadi imkanlarının icazə verdiyi yerə qədər mümkün ola bilər. Son 60 ildə ABŞ-ın siyası cəhətdən güclü təsir qüvvəsinə və böyük hərbi qüdrətə yiyələnməsinin başlıca səbəbi onun dünyada ən inkişaf etmiş iqtisadiyyata malik olmasına bağlıdır. Digər yandan isə, biz Çinin məhz özünün parlaq və sürətli iqtisadi yüksəlişi sayəsində super dövlət səviyyəsinə yaxınlaşmasına şahidlik edirik.

Vladimir Putin gərək bunları nəzərə alsın. Rusiya prezidenti Avropaya özünün siyasi təsirini sübut etmək istəyir. O, bu siyasəti ölkəsinin çox bərbad şəraitdə olan iqtisadi vəziyyəti üzərindən yürütmək fikrindədir. Belə olan təqdirdə isə, Putinin qarşısında mühüm bir sual dayanır - rəhbəri olduğu Rusiyanın qeyri-stabil iqtisadiyyatı onun bu tərzdəki ambisiyalarına cavab verə biləcəkmi?

Rusiya iqtisadiyyatı Putinin Ukrayna avantürasından əvvəl də dayanıqsız vəziyyətdə idi. Etibarsız investisiya mühiti, xroniki korrupsiya və təbii xammal ixracından hədsiz asılılıq nəticədə Rusiyanı böyrü üstə qoyur. Putinin Ukraynaya soxulmasından sonra isə, Rusiyadakı iqtisadi durum daha da pisləşıb. Ölkənin Ümumi Daxili Məhsulu üçüncü rübdə keçən ilə nisbətən yalnız 0,7% artıb. ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar Rusiyanın bir çox iri bank və şirkətlərinə Qərb fondları tərəfindən valyuta verilməsini əngəlləyib. İndi ruslar xarici valyutaya böyük ehtiyac hiss etməyə başlayıblar. Nəticədə Rusiya valyutası rubl, dollara nisbətdə il ərzində 30% dəyərdən düşüb və dollar qarşısında ucuzlaşma üzrə dünya rekordu müəyyənləşdırıb.

“Avropa İnkişaf və Yenidənqurma Bankı”-nın analitik materialları əsasında dərc edilmiş məlumata istinad etsək, önümüzdəki 2015-ci ildə Rusiyanı iqtisadi cəhətdən geriləmə gözləyir. Həmin bərbad vəziyyəti dünya iqtisadiyyatındakı faktorlar da korlaya bilər. Ona görə ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi iqtisadi böyüməyə hərtərəfi ziyanlı təsir göstərir. Çünkü Rusiya ixracının 68%-ini neft və qaz təşkil edir.

Hələlik isə, Putin öz mövqeyindən geri çəkilmək niyyətində deyil. Əksinə, o, bütün gücü ilə Qərbın sanksiyalarının təsirindən yan keçməyə cəhd göstərməklə, Asiyadan yeni investisiyalar əldə etməyə can atır. Asiyaya tərəf belə kəskin dönüş istiqamətinın hər hansı bir pozitiv nəticə verməsinə isə vaxt lazımdır. Lakin Rusiya iqtisadiyyatının perespektivini dağıdan mənfi faktorların çox yaxın zamanlarda aradan qalxması üçün hələlik elə bir tutarlı əsas yoxdur. ”Barclays Bankı”-nın iqtisadçısı Eldar Vahitov Rusiya barəsindəki məruzəsində bildirib:

”Bizim hesablamalarımıza görə, Rusiyadakı iqtisadi durğunluq ənənəsi davam edəcək. Həm də ola bilər ki, gələn il bu durğunluq daha da pisləşsin. Ümumi vəziyyəti neft qiymətinin aşağı düşməsi ilə yanaşı sərt pul siyasəti və geosiyası cəbhədəki qeyri-müəyyənlik də xeyli dərəcədə mürəkkəbləşdirir”.

Amma bütün bunlara baxmayaraq, Putin iqtisadiyyatının axsaqlığı, hələlik siyasi müstəviyə keçməyib. Hazırda Rusiya cəmiyyəti iqtisadi çöküşün təhlükələri barəsində düşünmədən, vətənpərvərlik coşqusu ilə aqressiv Putin xarici siyasətini dəstəkləməklə məşğuldur. Belə ki, ”Levada çentr” - qeyri-hökumət araşdırmalar təşkilatının apardığı ictimai sorğular nəticəsində rəyi soruşulanların 60%-i Rusiyanın həqiqətən də düzgün istiqamətdə irəlilədiyi qənaətindədir. Putinin hazırkı populyarlıq reytinqi isə 88%-ə çatıb.

Bəs bundan sonra necə olacaq? Bu artıq tamamilə başqa bir məsələnin mövzusudur.

Putinin siyasi uğuru əsasən əhalinin rifah səviyyəsinin yüksəlməsi ilə əlaqədardır. Əgər hesab etsək ki, bundan sonrakı dövrlərdə Rusiyanın iqtisadi vəziyyəti yaxşılaşmayacaq, onda zamanla əhali iqtisadi probremlərin ağırlığını öz çiyinlərində hiss etməyə başlayacaq. Bəli, Putin öz ölkəsində istehsalın modernləşməsi və yeni iş yerlərinin açılmasına imkan verən xarici investisiya və texnologiyalara böyük ehtiyac duyulması faktını inkar edə bilməz. Yekun nəticədə ola bilər ki, o, həlledici seçim etmək məcburiyyətində qalsın. Putin ya indiki xarici siyasətini davam etdirməli, ya da ki, Rusiyanın hazırkı iqtisadi vəziyyətini nəzərə alıb, Qərblə münasibətləri yumşaltmalıdır.

Xatırlatmaq istərdik ki, Sovet İttifaqı məhz ölkə iqtisadiyyatının aparılan xarici siyasəti müdafiə etmək imkanından uzaq olması hesabına dağıldı. Öz növbəsində Putinin tarixin yenidən təkrarlanmamasının qayğısına qalması da çox yaxşı olardı.

“Time”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar