MÜHARİBƏ UZANIR, AMMA GERİYƏ YOL YOXDUR! – Növbə Putinin özünə də çatacaq...

Rusiyada keçiriləcək növbəti prezident seçkilərinə bir ildən az vaxt qalır. Bəlkə də hamı elə fikirləşir ki, onsuz da Rusiyadakı bütün seçkilər və referendumlarda olduğu kimi nəticə öncədən bəllidir. İlk baxışda bu belədir, lakin unutmayaq ki, Rusiya 2022-ci ilin 24 fevralından yeni bir ekstremal mərhələyə qədəm qoyub və burada artıq hər şey heç də öncəki kimi olmayacaq, çünki şərtlər dəyişib.

Müharibələrin Rusiya tarixində hansı rol oynadığına nəzər yetirəndə aydın olur ki, bu, cəmiyyətin həyat tərzindən tutmuş ictimai-siyasi proseslərə qədər hər şeyə yön verməyə başlayır, paradiqmal yeniliklər qaçılmaz olur. Hələ ki, müharibə Rusiyanın mövcudluğunu təhlükə altına qoyacaq səviyyədə deyil. Müharibə geniş ictimaiyyəti tam əhatə etməyib, ölkə bir çox sferalarda öz əvvəlki adi həyatını yaşayır, ruslar gəzib-dolaşır, yeyib-içir, şənlənirlər. Krım körpüsünə doğru gedən yolda təhlükəsizlik yoxlamaları nəticəsində yaranan 14 kilometrlik tıxac onu deməyə əsas verir ki, müharibə bölgəsinə yaxın olan və hər an partlayışlar baş verəcək Krıma istirahətə yollananlar da özlərini güvəndə hiss edirlər.

Yəni, Rusiyada bu gün müharibənin təsiri İkinci Dünya Müharibəsi ilə müqayisə gəlməz dərəcədə zəifdir, amma görürük ki, proseslər dramatikləşməyə doğru irəliləyir, saatlarla qızmar günəş altında qalmaq şərtiylə Krıma istirahətə gedənlər yəqin ki, bunu hiss edirlər.

Rusiyada xalq kütlələrinin ictimai-siyasi təsir gücü tam minimuma endirildiyindən onların istək və arzularının hakim elita üçün elə də bir əhəmiyyəti yoxdur. Amma bütün bunlara baxmayaraq, təbliğat məhz kütlə üçün nəzərdə tutulub. Çünki hər halda onlar kütlənin hövsələdən çıxma səviyyəsinə çatmasını istəmirlər. Keçirilən rəy sorğularına görə, Vladimir Putinin xalq arasındakı populyarlığı (əgər bu sorğulara inansaq) həmişə yüksək olub. Amma Priqojinin qiyamından sonra reytinqlə bağlı vəziyyətin necə olması ilə əlaqədar konkret və aydın məlumat verən yoxdur.

- Kreml Putinin ictimai rəğbət şkalasını yüksək tutmaq istəyir

Əslində, Putinin ictimai nüfuzunun aşağı yuvarlanması fonunda Kremli narahat edən əsas məsələ Putinin zəif və aciz vəziyyətə düşməsi, onun cəsarətsizliyinin üzə çıxmasıdır. Çünki Rusiyada istər xalq, istərsə də əyanlar hökmdarı güclü, qətiyyətli, daima düzgün qərarlar verən və girdiyi müharibələrdə qalib gəlməyi bacaran sərkərdə kimi görmək istəyir. O buna layiq olmalıdır. Əhalinin necə yaşaması isə həlli vacib problem sayılmır. Rusiyada xalq həmişə çara ata kimi baxıb, ona sitayiş edib və nahaq yerə çarlara “çar batyuşka” deməyiblər. İndi soruşula bilər ki, axı, Putin çar yox, xalqın seçdiyi Prezidentdir. Bəli, xarici istehlak və butafora üçün o, əlbəttə, federativ respublikanın başçısı hesab edilir, amma biz gərək bu ölkənin gerçəklərini nəzərə alaq və onun keçmişdən indiyədək gələn sosial psixologiyasına diqqət edək.

Rusiyanı Avropa hesab etmək yanlışdır. Kimsə deyirsə ki, Rusiyada Avropa tipli demokratk dövlət təsisatı, cəmiyyət və institutlar yaratmaq mümkündür, o dərindən hissə qapılır. Hazırda Rusiyada xalqın böyük əksəriyyəti məlumatsız və dünyadan bixəbərdir. Ölkə əhalisinn yalnız 25 faizinin xaricə çıxmaq üçün pasportu var, yerdə qalan insanlar hələ də təhkimçi durumdadırlar. Xaricə gedənlərin siyasi mədəniyyəti və dünya görüşü isə çox cüzi şəklidə pozitiv istiqamətdə dəyişir. 

Bəs Kreml nə üçün ictimai düşüncəyə xüsusi önəm verir, onu heç də tam əhəmiyyətsiz saymır?

Rusiya cəmiyyətində cərəyan edənlər Qərb insanı üçün qəribə görünə bilər. Rusiyada absurd bir durum hökm sürür, korrupsiya girdabına batmış ölkənin əhalisi buna norma kimi baxır. Kleptokratiya Rusiya toplumuna yad element kimi görünmür, onlar üçün bir az dolanışıq olsun, yetər! Deməli, Vladimir Putin başda olmaqla elita yaxşı anlayır ki, ictimaiyyəti tam yoxsul halda saxlmaq olmaz, onun müəyyən maddi ehtiyacları ödənməlidir ki, səsi çıxmasın. Beləliklə, dövlət ilə vətəndaş arasında elan olunmamış müqavilə var: Putin indiyədək xalqa deyib ki, baxın, mən sizin təhlükəsizliyinizin təminatçısıyam, qalan şeylərə fikir verməyin, çünki sakit və əmin-amanlıqda yaşamaq maddi gəlirdən öndə durmalıdır, əks təqdirdə canınız güvəndə olmaz, həm də mən sizə az-çox bir şeylər verirəm, hələlik buna qane olmaq lazımdır. Ruslar da ona və onu vəsf edən təbliğatçılara qulaq asıblar və düşünüblər ki, bunlar düz deyir, yoxsa NATO gəlib bizi işğal edəcək, ölkə parçalanacaq, ona görə də biz güclü, dahi və yenilməz rəhbərin ətrafında sıx birləşməliyik. Bəli, bu sadalananlar sülh dövrü, daha doğrusu müharibədən öncəki zamanlarda keçərliydi. Televiziyanın verdiyi yalan informasiyadan məst olmuş ölkə əhalisi doğrudan da fikirləşib ki, onların möhtəşəm və şanlı orduları var, Putin isə qətiyyən səhvə yol verməz. Məsələn, tarixdən anologiya aparsaq, oxşar məqamlara rast gələrik. Belə ki, Birinci Dünya Müharibəsinin ilk anlarında xalq çar II Nikolayı Almaniya ilə müharibəyə başladığını elan etməsinə görə çoşğu ilə alqışlayırdı. Elə bilirdilər ki, bir neçə həftənin içərisində qalib gələcəklər. Rusiya bu müharibədə 3 milyondan çox insan itirdi, ölkənin sonrakı taleyi və II Nikolayın aqibəti isə bəllidir.

Ümumiyyətlə, müharibə edən istənilən ölkə sülh dövründən fərqlənən bir müstəviyə düşür və ictimai-siyasi həyatın şərtləri dəyişir. Əlbəttə, bu mənada Rusiya istisna deyil. Ancaq Putin Ukraynada apardığı müharibənin geniş kütlələrə ağır və əzici təsir göstərməsini istəməz. Müharibədən öncə hər şey blitskriqə görə ayarlanmışdı, lakin gözlənilən nəticə alınmadı. İndi Kreml rəhbərliyi artıq yaxşı başa düşür ki, müharibə uzanır, geriyə isə yol yoxdur və ölkə əhalisini mental olaraq yeni fazaya hazırlamaq lazımdır. Çünki Putin artıq xalqın fiziki təhlükəsizliyini riskə atır, mənasız müharibədə insanlar ölür, qiyam qalxır.

- Müharibə və Rusiya cəmiyyəti

Müharibəyə qədər Rusiya cəmiyyəti iki yerə bölünürdü - hakim elita və xalq. Ölkə gəlirlərinin əksər hissəsi hakim zümrəyə, onların oliqarx dostlarına, yerdə qalan cüzi hissəsi isə xalq adlandırılan sinfə çatırdı. İndi müharibə yeni reallıq ortaya çıxarıb və cəmiyyət artıq tədricən üç hissəyə parçalanmağa başlayır - hakimiyyət, xalq və ordu. Hələ əlavə olaraq hakimiyyət və ordu içərisində də parçalanma gedəcək. “Vaqner” Özəl Hərbi Şirkəti də elə ordudur. Müharibədə uğursuzluqlar çoxaldıqca illərdir alt qatlarda yatan etirazlar və ambisiyaların püskürmə ehtimalı artacaq.

Bundan sonrakı mərhələdə Vladimir Putin narazı ordu komandirləri ilə qarşılaşa bilər. Əgər vəziyyət kritik həddə gəlib çatsa, onda yüksək çinli zabitlər “maral ovçusu” Şoyqunu və onun “vəziri” Gerasimovu cəzalandıracaqlar, nəhayət, növbə Putinin özünə gəlib çatacaq. Məsələ təkcə hərbi uğursuzluqlarla da bitmir, hələ üstəlik ölkə ciddi maliyyə böhranının astanasındadır. Bütün bunları Rusiya Federal Təhlükəsizlik Xidmətində də görürlər, vəziyyətdən hali olan Belarus Prezidenti Aleksandr Lukaşenko qiyam sovuşandan sonra xəbərdalıqla bildirmişdi: “Nəzərə alın ki, bu hələ başlanğıcdır. Hansınız durub deyə bilərsiniz ki, hər şey qurtardı? Heç kim deyə bilməz. Bizi çox ağır zamanlar gözləyir.”

Vaqif NƏSİBOV

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2023-07-09 11:06:05

Məncə hazırkı Rusiya dövləti dağılsa yaxşıdır və onun əvəzinə bir neçə dövlət yaransa daha yaxşı olar. Dünyanın 30-40%, bəlkə daha çox təbii sərvəti, dünya əhalisinin cəmi 2%-ni təşkil edən Rusiyanın əlindədir. Bundan başqa keçmiş postsovet respublikalarının və eləcə də bir çox dövlətlərin təbii sərvətlərini, maliyyə resurslarını birbaşa və ya dolayısı yollarla Rusiya əllərindən alır....

Son yazılar