Moskvanın məkəzindəki McDonald's restoranı yenidən açıldı

Moskvada hələ 1990-ci ildən fəaliyyət göstərən Rusiyanın ən qədim McDonald's restoranı 3 ay müddətinə bağlandıqdan sonra yenidən açılıb.

Avqust ayında Moskvanın Puşkinskaya meydanında yerləşən McDonald's restoranı rəsmilərin göstərişilə bağlanmışdı.

Restoranın bağlanması üçün rəsmi əsas kimi sanitariya-epidemioloji normaların pozulması göstərilsə də, bəziləri bunu Rusiyanın Qərbin sanksiyalarına cavabı kimi qiymətləndirmişdilər, "The Moscow Times" nəşri qeyd edir.

Restoranın noyabrın 19-da yenidən açılmasını işçilər və müştərilər bayram kimi qeyd edib - restoranın interyeri rəngbərəng şarlarla bəzədilib, kassa aparatları qarşısında müştərilər uzun növbələrə düzülüb, İnterfax agentliyi bildirib.

Müştərilərdən biri, 80 yaşlı Nina Petrova Rossiya 24 telekanalına sevimli yeməklərini dadmaq üçün bu restorana gəldiyini bildirib. Onun sözlərinə görə, 1990-cı ildən restoran açıldığı gündən burada mütəmadi olaraq səhər yeməyini yeyir.

Lakin restoranın açılışına etiraz edənlər də olub.

"Biz restoranın açılışına qəti olaraq etiraz edirik və Rusiyada McDonald's şəbəkəsinin bağlanmasına nail olmaq üçün mübarizəmizi davam etdirəcəyik", ifrat sağçı LDPR partiyasının rəhbəri Vladimir Jirinovski deyib.

Rossiya 24 telekanalına görə, rəy sorğularının nəticələri Rusiyada əhalinin 60 faizinin McDonald's restoranlarının bağlanmasını dəstəklədiyini göstərib.

Moskvanın Puşkin meydanında 1990-cı ilin yanvarın 31-də keçmiş SSRİ-də ilk açılmış McDonald's restoranı sovet vətəndaşlarına ilk dəfə olaraq Amerika "fast food" məhsulunu dadmağa imkan verdi.

O dövrdə McDonald's restoranı Soyuq Müharibəyə son qoymağa imkan yaradan Mixail Qorbaçovun "qlasnost" - açıqlıq siyasətinin rəmzinə çevrilmişdi. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar