Ot basmış general məzarı (VİDEO)

Generallarımızın xatirəsinin əbədiləşdirilməsi müzakirə predmetidir

Azərbaycan ordusunun formalaşmasında birbaşa əməyi olan generallardan biri, tam artileriya generalı Əliağa Şıxlinskinin xatirəsinin əbədiləşdirilməsi üçün atılan addımlar sırasında nələr ola bilər?

Süjeti hazırlayanda ANS-in arxivinə gözucu bir nəzər saldım. Vəfa, İlkin, Aytən, Rita və mən hər birimiz başda Şıxlinski olmaqla generallarımız haqda azı üç reportaj hazırlamışıq. O səbəbdən də prezidentin Əlağa Şıxlinski ilə bağlı verdiyi sərəncam ilk növbədə biz ANS-çiləri sevindirdi. Və əlbəttə ki, bir də qocaman tədqiqatçı jurnalist Şəmistan Nəzirlini.

Tədqiqatçı jurnalist Şəmistan Nəzirlini sözlərinə görə, 20-ci ildən 37-ci ilə qədər bolşeviklər 21 generalımızı güllələyiblər: “Elə generalları güllələyiblər ki, bu gündə də onun əvəzi yoxdur. Çox yaxşı olar ki, onların xatirəsinə mərmərdən bir sütün ucaldılsın – hər birinin təvəllüdü, adı, atasının adı və onların nəyə görə güllələndiyi barədə məlumat qeyd edilsin. Əslində onların nəyə görə güllələndiyi məlumdur – onlar Müsavat ordusunun genralını sorğu-sualsız güllələyirdilər”.

Tamaşaçıların yadına salım ki, burada - vaxtilə Çəmbərəkənd adı ilə tanınan qəbristanlıqda ilk hərb nazirimiz, artilleriya generalı Səməd bəy Mehmandarov dəfn olunub. Söhbət 1931-ci il fevralından gedir. 1939-cu ildə Sergey Mironoviç Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün qəbristanlıq yerlə-yeksan edilib və yerində istirahət parkı salınıb. İmkanı olanlar öz əzizlərinin qəbrini bu ərazidən başqa yerə köçürə bilib. Mehmandarovun qəbrinə sahib çıxan isə tapılmayıb. Çünki, o illərdə Müsavat naziri olduğu üçün Mehmandarovun həyat yoldaşı Yelizaveta Nikolayevna və atasının Pir, anasının İqor adlandırdığı oğlu Azərbaycandan sürgün edilmişdi. Mehmandarov isə qocaldığı, əldən düşdüyü üçün deyilənlərə görə Bakıda qalmışdı. Hər halda, bu faktlar rəsmi təsdiqini tapmasa da, tam artilleriya generalı olan Mehmandarovun bu məkanda dəfn edildiyi faktdır. İndi Şəmistan Nəziril də düşünür ki, generalların xatirəsinin əbədiləşdirilməsi üçün burdan münasib yer tapmaq olmaz.

Əslində Milil Ordu qurucularının heykəllərinin etüdlərinin hazırlıq işlərinə illər əvvəl başlanılıb. Xalq rəssamı Xanlar Əhmədovla onun emalatxanasında görüşdük. Rəssam həm Şıxlinskinin, həm Mehmandarovun heykəllərini öz qəlbinin sifarişi ilə hazırladığını deyir. Hansı ki, oxşar işi hələ sovet dövründə də görüb. Şıxlinskinin barelyefini hazırlamışdı.

“Artilleriyanın Allahı” sayılan Əliağa Şıxlinski haqda maraqlı məlumatlar var. Məsələn, deyirlər ki, o, Rus-Yapon müharibəsi zamanı iki topla düşmənin 18 topuna qarşı müqavimət göstərib. Birinci dünya müharibəsində Rusiya paytaxtı Petroqradın, indiki Sankt Peterburqun müdafiəsi şəxsən ona həvalə olunub. Hərbi Akademiyanı bitirmədən böyük Rus Ordusunda ali rütbəli zabit heyətinə daxil olub. İmperator məiyyətinə daxil olmaq bərədə israrlı təklifləri heç vaxt qəbul etməyib.

Və nəhayət, onun topçuluğa dair şəxsən düşünüb hazırladığı “Şıxlinski üçbucağı” bu gün də dünya artilleriyasının işinə yarayır. İndi biz onun işinə yarımalayıq. Otdan-ələfdən təmizlədiyimiz məzarını ya daha münasib yerə köçürməli, ya da ona heykəl ucaltmalıyıq. Həm də təkcə ona yox. Bu gün məzarı belə olmayan güllələnmiş daha 21 generalımıza da.

ANS olaraq dəfələrlə Azərbaycanın ilk generalları Səməd bəy Mehmandarov və Əliağa Şıxlınskinin o cümlədən ordunun qurulmasında əməyi olan digərlərinin xatirəsinin əbədiləşdirilməsini gündəmə gətirmişik.

Ləman Ələşrəfqızı

ANS

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar