PUTİN QİYAM QALDIRAN “VAQNER”İ QƏRBƏ QARŞI SİLAHA ÇEVİRİR - Kremlin yeni “taktikası”nın uğur qazanmaq şansı varmı?

Mətbuatda tez-tez belə fikirə rast gəlirik ki, Rusiyanın apardığı təcavüzkar siyasətin banisi məhz Prezident Vladimir Putindir və onun məqsədi post-sovet məkanını yenidən zəbt etmək və ya bu əraziləri hansısa bir formada Rusiyanın təsir dairəsinə salmaqdır. Bütün analitiklər deyirlər ki, Ukraynasız Rusiyanın imperiyanı bərpa etməsi mümükünsüzdür və bu səbəbdən də ruslar oranı hərbi müdaxilə yoluyla ələ keçirməyə çalışırlar. Amma əgər biz Rusiyanın keçmişinə nəzər yetirsək, görərik ki, bu ölkənin son 400 illik tarixi ekspansiya siyasəti üzərində qurulub. Deməli, hər şey konkret Putinlə də bağlı deyil. Sadəcə bu şəxsə “çar” rolunu veriblər.

Əlbəttə, Putin bütün zamanların ən yaxşı və müdrik “rus çarı” ola bilərdi və bunun üçün yetərincə gözəl imkanlar və kifayət qədər də vaxt vardı. Ancaq Putin öz sələfləri kimi Rusiyanın “özünəməxsusluğu” və ya “bu ölkə yalnız imperiya kimi yaşamalıdır” tezislərindən qurtula bilmədi. Əslində, Putin anlamalıydı ki, artıq arxaik təfəkkürlə işləmək olmaz, çünki bunun üçün nə əlverişli geosiyasi şərait, nə də ki, lazımi iqtisadi resurs var. Putin isə əksinə, avantüraya gedərək ən bərbad və təhlükəli yolu seçdi...

Maraqlısı odur ki, Kremldəki indiki rejim nə Rusiyanın çar dönəminə, nə də ki, Sovet İttifaqına bənzəyir. Buradakı rəhbərliyin dünyagörüşü və siyasi fəlsəfəsi fərqlidir. Deyilə bilər ki, axı imperiya ambisiyaları yerində qalıb. Bəli. Lakin Rusiya heç zaman bu cür cılız məfkurə ilə idarə olunmayıb, keçmiş dönəmlərdə ruslar özlərinin zəif tərəflərini görəndə vəziyyətdən nəticə çaıxarmağı bacarıblar, reallıqla razılaşıblar, qalib gəlidikləri bütün böyük müharibələrdə həmişə qüdrətli müttəfiqlərə arxalanıblar.

Digər yandan, Rusiyada məmurların rüşvətxorluğu və dövlət vəsaitinin talanması bütün zamanlarda olub və bu, inkar edilməz faktdır. Ancaq Rusiyada heç vaxt mövcud səviyyədə korrupsiya tüğyan etməyib. Dünyanın ən korrupsioner ölkələrindən biri hesab edilən Rusiyanın hakim elitasının strateji düşüncəsi sağlam məntiqə söykənmir və belə bir xüsusiyyət onun ordusuna da sirayət edib.

Müharibənin uzanması Rusiyanı məhvə sürükləyir

Öz içindəki nəhəng problemləri həll edə bilməyən Rusiya üçün Ukraynadakı müharibənin uzanması strateji cəhətdən bu ölkəni məhvə sürükləyir. Ancaq Vladimir Putin sanki geriyə yol yoxmuş kimi müharibənin davam etməsini istəyir. Görünən odur ki, ruslar yeni bir səfərbərlik dalğasına hazırlaşırlar və siyasi analitiklərin də gəldiyi qənaətə görə müharibənin xarakteri onun uzanmağa doğru getdiyini göstərir.


Hazırda dünya ictimaiyyətini, beynəlxalq KİV-ləri və siyasi icmalçıları düşündürən belə bir sual var: Görəsən, Rusiya Ukraynada başlatdığı müharibəni necə bitirmək fikrindədir?

Blitskriqlə Ukrayna üzərində böyük zəfər qazanacağına tam əmin olan Rusiya Prezidenti bunadan sonra nə etməyə hazırlaşır?

On yeddi aydır davam edən müharibə rusların gözlədiyi nəticəni verməyib. Əgər Rusiya qalib gələ bilməsə, onda siyasi aksioma işə düşəcək və bütün uğursuzluqların hamısı Putinin ayağına yazılacaq və Rusiya böyük çöküşlə qarşılaşacaq. Ola bilər ki, geostrateji maraqlar çərçivəsində Qərb öz perespektiv məqsədləri naminə Rusiyanı parçalanmadan və məhvdən xilas etsin. Lakin belə bir halda Putin və onun yaxın ətrafının qurtulması müşkül olacaq və onda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin söylədiklərinin əksinə olaraq bəlli olacaq ki, Rusiya heç də Putin demək deyilmiş.

Putin Ukraynanı taqətdən salmaq istəyir

Əgər Putin müharibəni uzadıb Ukraynanı taqətdən salmaqla onu məğlubiyyətə uğratmaq fikrinə düşübsə, o zaman yanılır. Artıq müharibənin nəzarəti Qərbin əlindədir. Yaxşı, bəs onda o, kimi əldən salmaq istəyir? 

Rusiya Qərbi əldən salmağı planlaşdırırsa, yalnız özünə ziyan verər. ABŞ-ın Ukrayanaya qısa müddət ərzində böyük həcmdə və effektli silahlar yollaması Rusiyanın məğlubiyyətini qaçılmaz edər, amma Vaşinqton hələ ki, Kiyevin bu müharibədə qalib gəlməsinə istəkli kimi görünmür və ya bu qələbəni təxirə salır. Deməli, taqətdən salmaq mücadiləsinə girişmək Rusiya üçün çıxış yolu sayıla bilməz, onlara müharibənin dondurulması sərf edər. Bunu etməmələrinin sabəbi cəmiyyətin reaksiyasıdır. Kreml yaxşı görürür ki, ölkə əhalisi itkilərə biganə yanaşır.


Rusiyada cəmiyyətin psixoloji-emosianal aurası apatik vəziyyətdədir və onlar üçün müharibədə böyük itkilər vermək ciddi əhəmiyyət kəsb etmir. Ukraynanın məlumatına görə, Rusiya ordusu indiyədək təxminən 240 min əsgər itirib. Döyüş cərgəsinə bir daha qayıda bilməyən yaralıların sayı mühüribədə ölənlərin sayından adətən üç dəfə çox olur. Amma Rusiya ordusundakı bərbad sanitar vəziyyət sayəsində ağır yaralananların əksəriyyətinə lazımi təxirəsalınmaz yardım göstərilmir və onlar tələf olurlar. Ümumiyyətlə, müharibədə döyüşən tərəflərin verdiyi statistika təbliğat xarakteri daşıyır və həqiqəti əks etdirmir. Rusiya Müdafiə Nazirliyinin informasiya departamentinin rəhbəri İqor Konaşenkovun sözlərinə inansaq, gərək indi Ukrayna ordusunda nə texnika, nə də ki, əsgər qalmayaydı.

Rusiyadakı klassik müxalifət nümayəndələrini çıxmaq şərti ilə Putini sərt tənqid edənlərin heç biri ölkənin mənasız müharibə apardığından danışmayıb. Onlar bu müharibədəki çoxsaylı itkilərdən də söz salmayıblar. Beləliklə, cəmiyyətdə Putinə qarşı formalaşan böyük etirazçılar qrupu onun kifayət qədər ciddi tədbirlər görməməsindən və ordunun niyə bu cür bərbad halda olmasından şikayətlənirlər. Putinə qarşı kəskin çıxış edənlərin içərisində Fedreal Təhlükəsizlik Xidmətinin istefadakı polkovniki İqor Qirkin(Strelkov) xüsusilə fərqlənirdi. İndi bəzən elə təsəvvür yaranır ki, o, sanki müharibə əleyhdarıymış. Xeyr, belə olmayıb. 2014- cü ildə Donbasdakı Rusiya silahlı dəstələrinin başında duran və hibrid müharibəsi aparan bu şəxs heç zaman “Ukraynaya qarşı mənasız müharibə aparılır” ifadəsini işlətməyib.

Qirkin kimi ”Qəzəblənmiş vətənpərvərlər” təşkilatının bütün üzvləri müharibənin açıq tərəfdarı olmaqla yanaşı, Ukraynanın bir dövlət kimi xəritədən silinməsini arzulayırlar. Nəhayət, Kreml onları xidmətlərinə görə layiqincə “təltifləndirdi”. Sözsüz ki, bu adamlar nəyəsə arxayın olaraq Putinə qarşı bu cür sərt danışırdılar, əks təqdirdə onların heç biri səsini çıxarmazdı.

Yəqin ki, Priqojinin qiyamından sonra “FSB” ilə Kreml arasında hansısa ümumi razılaşma olub və Putinin tənqidçilərinin himayədarları onları qorumaqdan əl çəkib.

Sözsüz ki,Vladimir Putin ABŞ-la gizli danışqlara gedib onlara müəyyən təkilflər vermək niyyətindədir. Amma o, bunu özünü güclü göstərməklə həyat keçirmək istəyir. Elə bu səbəbdən də Putin öz qabiliyyəti və imkanı daxilində manevrlər edir. Rusiyanın son günlər Polşaya, Litvaya qarşı təhdid mesajı göndərməsi çox güman ki, məhz buna xidmət edir. Həm də səbəb təkcə bu da deyil. Belə ki, Rusiya Polşanın Ukraynaya daxil olub müharibəyə qoşulma etimalından bərk narahatdır. Ruslar demək istəyirlər ki, gəlin məsələni dərinləşdirməyək, yoxsa 65 kilometrlik Suvalı dəhlizini bağlayar, Belarus ilə Kalininqrad vilayətini birləşdirərik, nəticədə Litva ilə Polşa arasındakı quru yolu bağlanar.

Putin deyib ki, Polşa Ukraynanın qərbini ələ keçirmək məqsədi ilə Ukraynaya qoşun yeritmək istəyir. Onun bu çıxışı spontan şəkildə meydana gəlməyib. Bir neçə aydır ki, Qərbdə və eləcə də Polşada Ukraynanın bu müharibədə məğlub olmayacağını vurğulayırlar. Rusiya gərginliyi şiddətləndirməklə NATO-nu geri çəkilməyə və ya hansısa razılaşmaya məcbur etməyə çalışa bilər. Baş verənlərdən belə anlaşılır ki, bunun üçün “Vaqner”in Belarus ərazisindən istifadə etməsi gündəmə gətirilir.


Ola bilər ki, Putin söylədiklərinin boş söz olmadığını əyani nümayiş etdirmək üçün ”Vaqner”in gücləndirilməsinə başlasın. ”Vaqner”in Polşaya və Litvaya müdaxiləsi böyük avantüradır. Polşadakı ABŞ hərbi qruplaşması ilə polyak ordusu “Vaqner”i bir gün ərzində darmadağın edər. Hələ üstəlik Polşa ordusu kömək məqsədi ilə Ukraynaya daxil olar.

Məlumat üçün bildirək ki, ”Vaqner”Ukarynadakı döyüşlərə 49 min dustaq cəlb etmişdi və onun müharibədə iştirak edən 78 min əsgərindən 22 min nəfəri həlak olub. Bu, olduqca böyük rəqəmdir və hələ ağır yaralananlar hesaba alınmayıb. İndi “Vaqner”in döyüş cərgəsində heç 25 min adam yoxdur.

Göründüyü kimi, Putin qələbə əldə etmək üçün hərbi fəaliyyətlər vasitəsilə müxtəlif yollara baş vurur və bu yollar tükənəndə Qərbə təklif göndəriləcək ki, sizin şərtlərinizlə razıyam. Proseslər elə həddə gələ bilər ki, artıq Putinin istənilən şərti qəbul etməsindən asılı olmayaraq, onun hakimiyyətdə qalması heç kimi qane etməz.

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

İsmayıl 2023-07-27 21:22:43

Belə ciddi rəqəmlər Sizdə haradandir?

Son yazılar