ERMƏNİLƏR HÜCUMA HAZIRLAŞIR?! – “Xüsusi əməliyyat” yalanının pərdəarxası

Ordumuz düşmənin “qisas əməliyyatının” qarşısını ala bilsə, cəbhədə psixoloji üstünlüyü tamamilə ələ keçirəcək!

Ermənistan KİV-i və hərbi mənbələri noyabrın 12-də Azərbaycan Ordusu tərəfindən vurulmuş vertolyotun pilotlarının cəsədlərini hadisə yerindən götürdüklərini elan edirlər. Məlumatlarda deyilir ki, cəsədlərin götürülməsi istiqamətində beynəlxalq təşkilatların səyləri nəticəsiz qaldığından, Ermənistan ordusu xüsusi əməliyyat həyata keçirmək məcburiyyətində qalıb. Ermənilər hətta guya bu əməliyyatın müəyyən kadrlarını da yayıblar. Kadrlarda üzü bağlanan bir hərbçi cəsədi də görünür. Ardınca isə

general-leytenant Movses Akopyan əməliyyat barəsində danışır. Məlumatlarda həmçinin bu iddia da var ki, erməni kəşfiyyatı cəsədləri götürdükdən sonra Azərbaycan Ordusunun briqada komandiri vəzifəsindən uzaqlaşdırılıb.

News.am saytı isə pilotlardan ikisinin cəsədinin yandığını bildirib. Bu saytın iddiasına görə, cəsədlər onların ailələrinə təhvil verilib və dəfn mərasimlərinə hazırlıq gedir.

Azərbaycan Müdafiə Nazirliyi bu iddiaları qətiyyətlə təkzib edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır.

Ermənistan KİV-nin və hərbi mənbələrinin “xüsusi əməliyyat” barəsində bəyanat və xəbərlərinin əsassız olduğu şübhə doğurmur. Vurulmuş vertolyotun qalıqları Azərbaycan ordusunun mövqelərinə o qədər yaxındır ki, hansısa “xüsusi əməliyyatla” burdan 3 cəsədi “oğurlamaq” qeyri-mümkündür. Digər tərəfdən, əgər ermənilər buna nail olsaydılar real video və fotokadrları yaymaqla, iddialarını sübut edə bilərdilər. Lakin ortada heç bir sübut yoxdur.

Çox böyük ehtimalla, cəsədlərin hadisə yerindən götürüldüyü barədə xəbərlər düşmən tərəfin planlaşdırdığı hansısa əməliyyatın tərkib hissəsidir. Bu gün vertolyotun vurulmasından 10 gün keçir və bu müddət ərzində Ermənistan ordusunun cəsədləri hadisə yerindən götürə bilməməsi daxildə əlavə psixoloji gərginlik yaradır. Fikrimizcə, Ermənistan hərbi-siyasi dairələrinin ən qısa müddət ərzində cəsədləri götürməyə nail olmaqdan başqa çarəsi qalmayıb. Bu, özlərinin də dedikləri kimi, şərəf məsələsinə çevrilib və Azərbaycan Ordusunu icazəsi olmadan cəsədlərini götürməyə nail olmaq, onlar üçün müəyyən qədər təsəlli ola bilər. Təsadüfi deyil ki, son günlər Ermənistanda qisas çağırışları daha da artıb və bu çağırışların tonu sərtləşib.

Bu baxımdan, istisna deyil ki, cəsədlərin artıq götürüldüyü barədə xəbərlərin yayılması Azərbaycan Ordusunda çaşqınlıq yaratmaq və onun sayıqlığını azaltmaq niyyətini güdür və ardınca düşmən, həqiqətən də hərbi əməliyyat həyata keçirməklə, həm öz pilotlarının cəsədlərini götürmək, həm də qisas almaq niyyətindədir. Əlbəttə, şübhə etmirik ki, Ordumuz düşmənin hər hansı hərəkətlənməsinin qarşısını almaq iqtidarındadır və alacaq. Ermənilərin qisas əməliyyatının qarşısını almaq və bu zaman onlara daha bir sarsıdıcı zərbə endirməklə, Azərbaycan Ordusu cəbhə zonasında psixoloji üstünlüyü tamamilə öz tərəfinə çəkə bilər. İndi qarşıda duran əsas vəzifə də məhz bu olmalıdır – Ermənistan ordusunun qisas əməliyyatını iflasa uğratmaq və buna cəhd zamanı daha bir zərbə vurmaq!

Lakin yaddan çıxarmaq olmaz ki, qisas əməliyyatının iflasa uğramasının Ermənistan ordusunda və cəmiyyətində hansı psixoloji travmalara yol açacağını onlar da nəzərə almamış deyillər. Ona görə çalışacaqlar ki, nəyin bahasına olursa-olsun, məqsədlərinə çatsınlar. Bu baxımdan, hər an, hər bir varianta hazır olmaq lazımdır.

Ümumiyyətlə isə, Azərbaycan Ordusu bu aralar “ən yaxşı müdafiə hücumdur” taktikasını işə salmalıdır. Düşmənə o şansı və zamanı vermək olmaz ki, qisas haqda fikirləşsin və bu ilin avqust ayında olduğu kimi, xaincəsinə hücumla hərbçilərimizi qətl edə bilsin.

Azərbaycan Ordusu atəşkəsin pozulmasından qorxmadığını, əksinə, bunda maraqlı olduğunu sübut etməkdə davam etməlidir!

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar