"Millinin alverçi futbolçusu"

Əbil HƏSƏNOV

(Pritça)

Mən ölkənin adlı-sanlı futbol komandalarının birində oynayırdım. Ampluam da yarımmüdafiəçi idi. Üstəlik məşqçilər də oyunumdan razı idilər və hətta milli komanda təzə yarananda bir neçə dəfə milli formanı da geyimişəm.

Bunları deməkdə məqsədim heç də özümü tərifləmək deyil, sadəcə başıma gələn bir əhvalatı danışmaq istəyirəm.

Biz tez-tez müxtəlif ölkələrdə təlim-məşq toplanışlarında olurduq. Xaricə getmək bizim üçün əsl toy-bayram idi. Çünki ora gedəndə buradan bəzi şeyləri aparıb satır, oradan isə başqa malları gətirib burada baha qiymətə verərək, əlavə qazanc əldə edirdik.

Bir dəfə qonşu ölkələrdən birinə səfərə getmişdik. Mən buradan ucuz qiymətə bir neçə eynək və mexaniki saat alıb aparmışdım. Oyunda böyük hesabla məğlub olsaq da, bu mənim gətirdiklərimi satmaq istəyimə mane ola bilmədi və birbaşa mağazaların bol olduğu küçəyə yollandım.

İşlərim yolunda getdi və qısa müddət sonar artıq əlimdə olan malları satmış və Bakı üçün tədarük görmüşdüm. Biz bir neçə gün orada qaldıqdan sonra vətənə qayıtdıq. Avtobusa minərkən, ilk sırada oturmuş baş məşqçimizin eynək və saatı gözümə sataşdı. Onlar mənim satdığım eynək və saat idi...

Mən bunları haradan aldığını soruşanda , o, bunları satdığım mağazanın yerini dedi. Mən gülməkdən özümü güclə saxladım. Məndən niyə belə diqqətlə baxdığımı soruşanda:

- Heç, mən də almaq istədim, pulum qalmadı- deyə cavab verdim.

O, isə bunları dedi: "Narahat olma, mən çox almışam, sizin hamınıza çatar. Eynəklər əla eynəklərdi, saatlara da söz ola bilməz. Düzdür, sovet malıdı, amma “eksporta gedən”di. Təmiz maldılar."

Baş məşqçimiz mənim eynəklərimi və saatlarımı bizə yüz qat bahasına satdı. Biz isə etiraz edə bilmədik. Etiraz etsəydik, bizi ümumiyətlə əsas heyətdən kənarlaşdırardı. Amma onu da deyim ki. baş məşqçimizdən aldığım bir eynəyin qiymətinə yüz dənə almışdım…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar