“İsa Qəmbərin fikirləri təəssüf doğurur" - Ellada Məmmədli

“İsa Qəmbərin müşavirədəki çıxışı təəssüf doğurur”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli partiyanın ümümrespublika müşavirəsində baş verənlərə münasibət bildirərkən deyib. E. Məmmədli müşavirədə hədəf seçildiyini söyləyərək, buna rəğmən, partiyadan getməyəcəyini bəyan edib:

“Biz əvvəlcədən də bildirmişdik ki, partiyadan getməyəcəyik. Sadəcə, biz partiyadakı idarəçilikdən narazıyıq. Zaman-zaman bununla bağlı təkliflər paketi ilə çıxış etmişik. İsa Qəmbərin “kim özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin” fikri təəssüf doğurur. Müsavat heç kimin deyil, Məhəmməd Əmin Rəsulzadənin yaratdığı partiyadır və biz Müsavatdan getmək niyyətində deyilik”.

E. Məmmədli qeyd edib ki, bundan sonra atılacaq addımlarla bağlı işçi qrup qərar verəcək. O, Müsavat Məclisinin üzvü İkram İsrafili də ittiham edib: “İkram İsrafil məni adi bir statusa görə vətən xaini kimi təqdim etdi. Mən partiyadan çıxarılmış Məhəbbət Muradovun statusunu Qarabağ döyüşçüsü, dəyərli bir insan kimi bəyənmişəm, YAP-çılarla birlikdə oğluma toy eləməmişəm”.

Xatırladaq ki, müşavirədə Müsavatın sabiq başqanı İsa Qəmbər hazırkı başqan Arif Hacılının yanında olduğunu və özünə başqa lider axtaranlar üçün yolun açıq olduğunu bəyan edib. Keçmiş deputat İkram İsrafil isə Ellada Məmmədlini sosial şəbəkələrdə sabiq başqanın əleyhinə yazılan fikirləri dəstəkləməkdə suçlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar