Polis Oqtay Gülalıyevin övladlarını rahat buraxmır

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladlarının barəsində material toplayır.

Hüquq müdafiəçisi Turan-a bildirib ki, oğulları Əli və Təbrizlə birlikdə paytaxt polisinə çağırıldıqdan sonra polis əməkdaşları onların təhsil aldıqları 165 saylı məktəbə gedərək “araşdırma”ya başlayıblar.

“Onlar övladlarımın dərsə davamiyyəti, qiymətləri, kimlərlə dostluq etmələri barədə məlumat toplayırlar. Bundan əlavə, məktəb direktoru, onlara dərs deyən müəllimlər, sinif yoldaşları polisə çağırılıb. Polislərin davamiyyəti yoxlamaqla məşğul olması absurddur”, - O.Gülalıyev qeyd edib.

O əmindir ki, onun oğullarına qarşı yeni ittiham dosyesi hazırlanır və bundan onun özünə təzyiq göstərmək üçün istifadə olunacaq.

Hakimiyyətin əleyhdarlarının ailə üzvlərinin təqib olunması yeni tendensiyaya çevrilib. Belə ki, Milli Şuranın sədri Cəmil Həsənlinin qızını məsuliyyətə cəlb etməyə cəhd olmuşdu, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlunu məhkəmə yolu ilə onun əlindən almaq cəhdləri, AXCP fəalı Rafiq Daşdəmirlinin oğlunun həbsi və s.

O.Gülalıyev hesab edir ki, bu cür mənəviyyatsız siyasi mübarizə metodları bu rejimin ömrünü qısaldır.

O xatırladıb ki, böyük oğlu bir ay öncə uydurma xuliqanlıq ittihamı ilə 6 ay müddətinə islahedici işə cəlb olunub.

Qeyd edək ki, O.Gülalıyev rəhbərlik etdiyi “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı tərəfindən məhbusların hüquqlarının pozulması və siyasi məhbuslar problemi haqda hesabatı açıqlanandan sonra hər iki oğlu ilə birlikdə polisə çağırılıb.

Bakı polisi baş verənləri şərh etmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar