AMEA-dan PREZİDENTƏ SENSASİYALI MƏKTUB – "Akademiyanın həqiqi üzvünü vurmağa cəhd etdi..."

“Nazim Məmmədov AMEA-nin həqiqi üzvünü vurmağa cəhd etmış, bir elmlər doktorunu “ julikin biri, julik, rədd ol burdan” deyərək kabinetindən qovmuş, bir nəfəri vurmaq üçün külqabını ona atmış..."

"İnstitutda 700 işçinin, bəlkə də, 120-150–si ölü canlardır! İllərdir ikili vətəndaşlığı olan şəxslərin iş yerləri saxlanılır"

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) keçirilən seçkilərdən sonra yaranan narazılıqlar hələ də davam edir. Bir qrup alim seçkilərin nəticələrinin qeyri-obyektiv olduğunu bildirərək, etiraz edirlər. Onların iddiasına görə, AMEA-nın üzvləri seçki yolu ilə deyil, əvvəlcədən müəyyən edilmiş siyahı əsasında təyin edilib. Alimlər seçkinin bu çür keçirilməsində Prezident Administrasiyasını (PA), Administrasiyanın Humanitar şöbəsinin rəhbərliyini, həmçinin, AMEA prezidentini günahlandırırlar. Və Prezident İlham Əliyevdən AMEA-ya seçkilərin nəticələrini ləğv etməyi və özünün nəzarətilə yeni seçkilər keçirməyi xahiş edirlər.

Narazıların bu tələblərini mətbuat vasitəsilə ictimailəşdirən alimlərdən biri də fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri Elman Şahverdiyevdir. İndiyə qədər on dörd beynəlxalq qrant alan (Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Almaniya Universitetlərindən) Elman Şahverdiyev həm də 30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Çərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlı alimdir.

Xatırladaq ki, 20-dən yuxarı Beynəlxalq jurnallarda resenzent kimi fəaliyyət göstərən, ABŞ-da dərc olunan “Dynamical and Control Systems” (IASR) Jurnalının Editorlarından biri olan Elman Şahverdiyev, “AzPolitika.info” saytında AMEA-ya keçirilən seçkilərin nəticələrinin qeyri-obyektiv olduğunu əsaslandırmaq üçün bir-neçə məqalə ilə çıxış edib. O, həmçinin saytımız vasitəsilə Prezident İlham Əliyevə

Elman Şahverdiyev[/caption]

Bu gün Elman Şahverdiyev “AzPolitika.info” saytına Prezident İlham Əliyevə ünvanladığı yeni müraciətini göndərib. Müraciətin surəti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, baş prokuror Zakir Qaralova, maliyyə naziri Samir Şərifova və Auditorlar Palatasının sədri Vahid Novruzova ünvanlanıb.

Müraciətdən belə məlum olur ki, Elman Şahverdiyev narazılığını açıq şəkildə ifadə etdiyi üçün, AMEA-nın Fizika İnstitutunun direktoru tərəfindən cəzalandırılıb - ona töhmət verilib. Direktor Nazim Məmmədov bununla kifayətlənməyib, onu pul mükafatlarından da məhrum edəcəyini bildirib. Hər halda Elman Şahverdiyev belə yazır. Elə onun Prezidentə bu dəfəki müraciətinin də əsas səbəbi həm qarşılaşdığı ədalətsizliyin aradan qaldırılması üçün kömək istəmək, həm də Fizika İnstitutunda baş verən qanunsuzluqlar haqda məlumat verməkdir. Həmin müraciəti qısa ixtisarla dərc edirik:

“Öz səlahiyyətlərini Fizika İnstitutunda işləyən həyat yoldaşına transfer etmışdir”

[caption id="attachment_72632" align="alignleft" width="240"]

Fatma Abdullazədə[/caption]

“Cənab Prezident!

Son aylar mən Sizə dəfələrlə 30 iyunda AMEA Nizamnaməsinə və Azərbaycan Konstitusiyasına zidd olaraq,  siyahı ilə keçirilmiş “seçkilərin” nəticələrinin ləğv edilməsi barədə müraciətlər etmışəm. Çünki bu seçkilərdə elmlə məşğul olmayanlar, seçkidə iştirak etməyənlər, ikili vətəndaşlığı olanlar, Azərbaycan elminə cüzi sitat gətirənlər mükafatlandırılmış, ən çox sitat gətirən isə kənarda saxlanılaraq, cəzalandırılmışdır! Bu gün AMEA-da bir nəfər müxbir və həqiqi üzv yoxdur ki, onun işinə olan sitatların sayı mənim işlərimə olan sitatların sayına yaxın gəlsin; buna baxmayaraq mən AMEA-dan kənarda saxlanıldım!

Bu saxtakarlıqlarda müstəsna rolu Humanitar Siyasət şöbəsinin və AMEA-nın rəhbərliyi oynamışlar. 20 ildən artıq elmə kuratorluq etmiş şöbə müdiri (Prezident Administrasiyasının Humanitar Siyasət şöbəsinin müdiri Fatma Abdullazədə nəzərdə tutulur-red.) son illər öz səlahiyyətlərini Fizika İnstitutunda işləyən həyat yoldaşı Oktay Ələklbərova transfer etmışdir. O, faktiki direktordur!

“Direktor məni xuliqanlıqda ittiham edəcəyi ilə hədələyib!”

Cənab Prezident! Sizə yazmışdım ki, seçki saxtakarlarının cəzasız qalması onları digər qanunsuzluqlara da ruhlandıracaq, təhrik edəcək. Budur, guya mən işə gəlmirəm adı altında mənə “icraçı” direktor Nazim Məmmədovun əmri ilə töhmət verilib! İldə iki-üç dəfə verilən mümkün cüzi pul mükafatlarından belə məhrum ediləcəyimi bildirib. Etirazımı bildirdikdə isə, direktor məni xuliqanlıqda ittiham edəcəyi ilə hədələyib!

Nazim Məmmədov barəsində yazarkən, onun son illər (direktorluqdan qabaq o, il yarım direktor müavini idi) Fizika İnstitutunda qəsdən yaratdığı idarə-üsulu haqqında susmaq olmur. Maqarlıdır ki, direktorun qəbul günü yoxdur və onun istəmədiyi adam qəbula gələndə “vaxtım yoxdur”, deyə yumşaq desək, bağırmağa başlayır.

“Nazim Məmmədov AMEA-nin həqiqi üzvünü vurmağa cəhd etmışdir”

[caption id="attachment_72635" align="alignleft" width="300"]

Nazim Məmmədov[/caption]

Bir neçə fakt gətirmək istəyirəm:

1)Bir neçə il qabaq mətbuatda Nazim Məmmədovun da adının keçdiyi bir qrant layihəsi haqqında “3.5 milyonluq plagiat” adlı yazı getmişdi. Cavab yazısında qarşı tərəf yazının əsassız yerə şübhələndikləri təşkilatçısını “elmdə impotent” adlandırmışdı. Həmin müxbir üzv (indi həqiqi uzv) Elmi Şurada adekvat cavab verdikdə isə, Nazim Məmmədov onun üstünə hücum cəkmiş və vurmağa cəhd etmışdir;

2) İyulun əvvəlində o bir elmlər doktorunu “ julikin biri, julik, rədd ol burdan” deyərək direktorun kabinetindən qovmuş və koridora çıxaraq onu təqib etməyə və bağırmağa başlamışdır;

3) N.Məmmədov bir dəfə başqasının otağına daxil olmuş və bir nəfəri vurmaq üçün külqabını ona atmışdır;

4) Başqa vaxt bir elmlər doktorunu kabinetində son dərəcə qeyri-etik ifadələrlə təhqir etmişdir.

Sual oluna bilər ki, ağzının danışığını bilməyən Nazim Məmmədovu belə məsuliyyətsiz davranmağa nə vadar edir? Onda cəzasızlığa belə əminlik hardandır? Onun himayədarı olan Oktay Ələkbərov tez-tez sirdaşlarına təkrar edir ki, "mən Nazim Məmmədovu direktor təyin etmışəm ki, o, bu camaatı şillə -təpiklə idarə etsin". Bax belə!

“İnstitutda 700 işçinin bəlkə də 120-150–si ölü canlardır!”

İndi görün O.Ələkbərovun evində elm adamları, geniş kütlə haqqında hansı söhbətlər gedir ki, hələ üzə çıxanı, yazıla biləni belədir! Hansısa səbəblərdən O.Ələkbərov-N.Məmmədov cütlüyü insanları aşağılamaqdan həzz alırlar. Görünür bu cütlüyün camaatla daha dərin problemləri var. Sanki camaat üzərində eksperiment aparırlar. Bu, onların özlərinin aldıqları ciddi psixoloji xəsarətlərlə də bağlı ola bilər.

Cənab Prezident, xahiş edirəm ki, fikir verin: bu cütlüyün himayədarı sizin administrasiyada oturub! Sizə müraciət edirəm ki, elm adamlarını bu cütlükdən qoruyasınız!

Bildirmək istəyirəm ki, İnstitutda kart sistemi tətbiq olunur və mən, demək olar ki, hər gün işdə oluram, hətta istirahət və bayram günləri belə. Görünür, əsas məsələ kart deyil, kimin kartdakı rəqəmləri oxumasıdır!

İnstitutda 700 işçinin bəlkə də 120-150–si ölü canlardır! İllərdir ikili vətəndaşlığı olan şəxslərin iş yerləri saxlanılır. Laboratoriya rəhbərlərinə isə, iş rejimi ilə bağlı kifayət qədər sərbəstlik verilib. Amma nədənsə mənə tətbiq olunmur: töhmət elan edilənlər arasında tək laboratoriya rəhbəri mənəm!

“Arzuolunmaz adamları daimi təhdid altında saxlamaqdan həzz alırlar”

[caption id="attachment_72638" align="alignleft" width="200"]

Cavad Abdinov[/caption]

Elmi idarə bir qayda olaraq, yaradıcı adamların toplumudur. Burda kazarma dissiplini heç vaxt effektiv olmaz! Fasiləsiz istehsala aid tələbləri də elmi idarələrə tətbiq etmək yenə fayda verməz. Özu də mənim laboratoriyam nəzəriyyə ilə məşğul olur. Hələ sovet vaxtlarında belə işçilərə işə davamiyyətlə bağlı tələb belə idi ki, əsas seminarlar olan gün İnstitutlarda olsunlar. Bu qayda ittifaqın hər yerində, o cümlədən ən məşhur İnstitutlardan olan Lebedev adına Fizika İnstitutunda belə tətbiq olunurdu! Elmi işdə əsas məsələ elmə sitat gətirən yüksək keyfiyyətli nəticələrin alınmasıdır! Yoxsa işə gəlib bütün saatları cay və başqa içkilər içməklə vaxt “öldürmək” deyil. Hal-hazırda vəziyyət elədir ki, elmə sitat gətirməyənlər ən çox sitat gətirənə mane olmaqla məşğuldurlar!

Reallıq belədir ki, O.Ələkbərov - N.Məmmədov cütlüyü istədikləri adamlarla məzələnməyi xoşlayırlar, arzuolunmaz adamları daimi təhdid altında saxlamaqdan həzz alırlar. Elmdə bir şeyə nail olmayanlar dissiplinanı özlərinə hücum silahı seçiblər. Bu məsələlərdə xüsusi rolu həm də İnstitutun 75 yaşlı direktor müavini, bu yaxınlarda həqiqi üzv təyin olunmuş (baxmayaraq ki, elmi işlərinə sitatlar ciddi data bazasında sifıra yaxındır) Cavad Abdinov oynayır! Onun BDU-dakı yaşlı qardaşı Əhməd Abdinov da Fizika İnstitutunda qrantlı laboratoriyalardan birində yarım ştat işləyir, amma işə gəlmir! İsrarlı müraciətlərimə baxmayaraq, İnstitut direktoru bütün işçilərin işə davamiyyətini göstərən kart listinqini açıqlamaq istəmir. Ona qətiyyən sərf eləməyən dəhşətli həqiqəti bildiyindən!!!

“Təkcə Fizika İnstitutu vasitəsilə büdcədən 3 min manat pul alıb, baş girləyir”

Görürsünüzmü, cənab Prezident! Yuxarıların dəstəyinə güvənən adi bir İnstitut direktoru heç nədən çəkinmədən hansı qanunsuzluqları törədir, hansı qanunsuzluqlara göz yumur! Baxın, adi bir məmur ölkədə ikili standarlarla işləyir, vətəndaşlara selektiv yanaşır! Məgər bu qanunsuzluqların qarşısını almaq mümkünsüzdürmü?! Elə bax bu səbəbdən ölkədə yaranan şərait elədir ki, adı bir xırda məmur belə “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə özbaşınalıq edir!

Qeyd etmək istəyirəm ki, mənim əksəriyyətdən fərqli olaraq, yalnız bir iş yerim var - Fizika İnstitutu. Həmişə də bir yerdə işləmışəm. Heç vaxt repetitorluq belə etməmışəm. Bütün diqqətimi elmi işimə cəlb etmişəm! Bu da mənim zəhmətimə verilən qiymət!

Qeyd olunan direktor müavini, 12 ildir pensiya yaşında olan C.Abdinov elmə çox cüzi sitat gətirməsinə baxmayaraq, təkcə Fizika İnstitutu vasitəsi ilə büdcədən 3 min manata qədər pul alır! Əvəzində İnstitutda sadəcə baş girləyir! C.Abdinov hansı dissiplinadan danışır ki, İnstitutda tez-tez oğurluq hadisələri olur!

Dövlət büdcəsi müzakirələri zamanı gənc deputatlardan biri elmdə geriləmənin bir səbəbi kimi, haqlı olaraq, pensiya yaşında olanların hələ də yüksək administrativ vəzifələrdə qalmasını da xüsusi olaraq qeyd etmışdi! Məsuliyyətsizliyin həddinə baxın ki, bu adam bir yerdə işləyən, büdcədən cəmi 4 yüz manat pul alan, amma elmə AMEA-da ən çox sitat gətirən başqasına deyir ki, keç yarım ştata. Bu mənim laboratoriyamı bağlamaq, özümü işdən çıxartmaq deməkdir!

“Ələkbərov-Məmmədov cütlüyü məni İnstitutun elmi həyatından tamamilə təcrid ediblər”

[caption id="attachment_72639" align="alignleft" width="202"]

Elman Şahverdiyev[/caption]

Son illər elmi işlərim elmin multidissiplinar və yüksək fundamental və tətbiqi yükü olan xaosun idarə olunmasına həsr olunub. Dünya elmi üçün də yeni olan (20 il) bu sahənin Azərbaycanda ilk tədqiqatçılarından biri və yaradıcısıyam. İşlərim haqqında Beynəlxalq mediada 25-ə yaxın populyar məqalələr dərc olunmuşdur. Nüfuzlu “London Press Service” 4 Dekabr, 2001-ci ildə mənim də həmmüəllif olduğum bir məqaləyə aid yazısında bu məqaləni Minilliyin ən mühüm işlərindən biri kimi xarakterizə etmışdir. Aldığım beynəlxalq qrantlar çərcivəsində 9 ilə yaxın Yaponiyanın və Avropanın Universitetlərində çalışmışam.

O.Ələkbərov-N.Məmmədov cütlüyü məni İnstitutun elmi həyatından tamamilə təcrid ediblər. Belə ki, yeganə laboratoriya rəhbəriyəm ki, Elmi Şuranın üzvü deyiləm. O.Ələkbərov isə elmlər namizədi ola-ola üzvdür. N.Məmmədovun sədr olduğu 4 müdafiə Şurasının heç birinin üzvü deyiləm. On dörd beynəlxalq qrant almağıma baxmayaraq ( o cümlədən 30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Cərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlıyam), Elmin İnkişafı Fondu (EİF) mənim işçilərimlə (cəmi 5 nəfər) yazdığım ikiillik layihəyə cüzi qrant (40 min manat) belə ayırmadı. Amma N.Məmmədovun və O.Ələkbərovun adlarının keçdiyi layihələrə EİF indiyə qədər elmə qoyulan vəsaitin üçdə birindən çoxunu (10 milyona yaxın) ayırmışdır. Xatırladım ki, bu il müxbir üzv təyin edilmış N.Məmmədovun elmə gətirdiyi sitatların sayı mənimkindən dəfələrlə azdır.

Baş verənlər mənim elmi işimə mane olmaq cəhdidir ! Bu işarədir ki, biz səni tezliklə şərləyəcəyik! Bu, həm də mənim diqqətimi seçki saxtakarlığı haqqında yazmaqdan yayındırmaq üçündür! Bilsinlər ki, əbəsdir, alınmayacaq!

Cənab Prezident! Xahiş edirəm ki, AMEA Fizika İnstitutunun maliyyə vəziyyətini yoxlamaq üçün aidiyyəti qurumlara müvafiq göstərişlərinizi verəsiniz! Mən Sizi bir daha seçki saxtakarlarını ciddi cəzalandırmağa və yeni seçkilər keçirməyə çağırıram! Sizə həm də müraciət edirəm ki, təcili olaraq mənim təhlükəsizliyimin təmin olunması haqda göstəriş verəsiniz!

Hörmətlə: Elman Şahverdiyev

Fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri!"

“AzPolitika.info”-dan: AMEA Fizika İnstitutunun rəhbərliyinin, eləcə də, yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar