“Fraksiyanın yaradılması gündəmdədir” - Qubad İbadoğlu

Müsavatın sabiq başqanı İsa Qəmbər partiyanın yeni rəhbərliyinə birmənalı dəstək verdiyini açıqlayıb.

Sentyabrın 27-də Müsavat Partiyasının qurultayında başqan seçkisi olub. Arif Hacılı 228 səslə başqan seçkisində qalib gəlib. Onun ən yaxın rəqibi, qurultayda 200 səs toplamış Qubad İbadoğlu və tərəfdarları seçkidə pozuntular olduğunu iddia edir, nəticələri tanımır, fraksiya yaratmaq istəyir, yeni qurultay tələbləri səsləndirir.

Noyabrın 23-də Müsavat Partiyasının ümumrespublika müşavirəsində danışan sabiq başqan İsa Qəmbər narazıların fraksiya yaratmaq niyyətini və növbəsiz qurultay tələblərini pisləyərək deyib: “Mən Müsavat Partiyasının başqan seçdiyi Arif Hacılı ilə bir yerdəyəm. Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin”.

Noyabrın 24-də “Media forum” saytına açıqlamasında Qubad İbadoğlu bildirib ki, 23 noyabr müşavirəsini problemin yoluna qoyulması üçün buraxılmış şans kimi dəyərləndirir: “Çünki bizim tərəfimizdən olan barışıq üçün təkliflər paketinin təqdimatına və bu yöndə olan çağırışlara xüsusilə də sabiq başqan İsa Qəmbər pozitiv yanaşma nümayiş etdirmədi. Bu da xeyli müsavatçının gözləntisini doğrultmadı, hətta onların bəzisində xəyal qırıqlığı yaratdı. Müşavirədə bir daha təsdiq olundu ki, İsa Qəmbər artıq tərəfə çevrilib və Müsavat Partiyasında onun iradəsindən kənar heç nə baş vermir”.

Qubad İbadoğlu vurğulayıb ki, işçi qrupu səviyyəsində müzakirələr davam edir: “Dekabrın ilk ongünlüyündə yekun qərarımızı elan edəcəyik. Hazırkı müzakirələrin hədəfi növbədənkənar qurultayın çağırılmasına nail olmaqdır. Bununla əlaqədar olaraq bir vasitə kimi fraksiyanın yaradılması gündəmdədir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar