“Elşən Nəzərovla bütün əlaqələri kəsmişik”- Dövlət Komitəsi

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi beynəlxalq axtarışa verilən “Azər-Çex” Cəmiyyətinin sədri Elşən Nəzərovla bağlı məsələyə aydınlıq gətirib.

Komitədən APA-nın sorğusuna cavab olaraq verilən məlumata görə, qurum artıq bir neçə ildir Elşən Nəzərov adlı şəxslə bütün əlaqələri kəsib.

“Onun fəaliyyəti ilə bağlı dəfələrlə Dövlət Komitəsinə də şikayət xarakterli müraciətlər daxil olub. Bu müraciətlərlə əlaqədar E.Nəzərova bir neçə dəfə xəbərdarlıq edilib. Təəssüf edirik ki, bu xəbərdarlıqlardan heç bir nəticə çıxarmayıb. Buna görə də E.Nəzərovla əməkdaşlıq tamamilə dayandırılıb. Eyni zamanda E.Nəzərovun diaspor təşkilatının rəhbəri kimi də təqdim olunması doğru deyil. Çünki o, faktiki olaraq bir neçə ildir ki, bu sahədə fəaliyyətini dayandırıb. Rəsmi olaraq bildiririk ki, hazırda bu ölkədə iki Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir: Azərbaycan Tələbə Şəbəkəsi (sədri Eldar Vəliyev) Praqa Azərbaycan Gənclər və Tələbə Assosasiyası (sədri Cavid Əlizadə). Dövlət Komitəsi hazırda Çexiyada bu təşkilatlarla əməkdaşlıq edir” - deyə Komitədən bildirilib.

Qeyd edək ki, İnterpolun saytında yerləşdirilən məlumata görə, 40 yaşlı Elşən Nəzərov dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun saxlanılması üçün İnterpola müraciət edib. E.Nəzərov Çexiyada fəaliyyət göstərən “Azər-Çex” Cəmiyyətinin sədri, sabiq baş nazir Sürət Hüseynovun köməkçisi olmuş Saday Nəzərovun oğludur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar