"Elxan Şükürlü ilə fəaliyyətmizi birləşdirsək..."

Heydər Oğuz Ədalət Partiyasından istefa verdiyi barədə xəbərləri təkzib edib

"Mən Ədalət Partiyasının sıralarını tərk etməmişəm və bu barədə düşünmürəm də”. Bu sözləri Ədalət Partiyasının sədr müavini Heydər Oğuz haqqında yayılmış istefa xəbərlərinə münasibət bildirərkən deyib. Bu xəbərlərdə bildirilirdi ki, Heydər Oğuz bundan sonra Ədalət Partiyası sədrinin keçmiş müavini, jurnalist Elxan Şükürlünün rəhbəri olduğu "İnformasiya, Təhlil və Planlaşdırma" İctimai Birliyində (İB) işləyəcək.

H.Oğuz bildirir ki, partiyadan istefa verməsi üçün heç bir əsaslı səbəb yoxdur:

“Əvvəla, dostum Elxan Şükürlünün yaratdığı qeyri-hökumət təşkilatı siyasi bir qurum deyil ki, ona qoşulmaq üçün mütləq partiyadan uzaqlaşmaq tələb olunsun. Hər bir siyasi şəxs eyni zamanda hansısa partiyada, həm də ictimai təşkilatda təmsil oluna bilər. Elxan bəyin yaratdığı təşkilat da siyasi qurum olmadığından, onunla birgə fəaliyyət üçün irəli sürdüyü təklifə müsbət cavab vermişəm. İB  ölkədə mövcud olan bir sıra problemləri araşdırmağı, təhlil edib layihələr hazırlamağı və müvafiq qurumlara təqdim etməyi öz qarşısına hədəf kimi qoyub. Mən də hazırda bir jurnalist kimi, onsuz da araşdırma və təhlil yazıları yazmaqla məşğulam. Hesab edirəm ki, bu fəaliyyətimi daha ciddi müstəvidə davam etdirsəm, ölkəyə və millətə faydalı ola bilərəm. Odur ki, zehni fəaliyyətini bu işə həsr etmiş dostum Elxan Şükürlüyə əlimdən gələn köməkliyi göstərməkdə heç bir saqınca görməmişəm. Analitik yazılarıyla tanınmış dostumla fəaliyyətimizi birləşdirsək, daha uğurlu nəticələr əldə edə biləcəyimə inanıram.”

Heydər Oğuz partiyadan ayrılması üçün heç bir əsas olmadığının digər bir səbəbini özünü bu qurumda tamamilə rahat hiss etməsiylə əlaqələndirdi:

“Mən illərdən bəri bu partiyadayam. Bu müddət ərzində partiyada hər hansı bir təzyiqlə üzləşməmişəm. Yazı-pozu işlərimdə tamamilə sərbəst olmuşam. Əksinə, sədrimiz İlyas müəllimdən çox şeylər öyrənmişəm və öyrənməkdəyəm. Öyrəndiyim əsas şey isə səbr və təmkin olub. Tələsmədən, addım-addım hədəfə doğru irəliləmək və bu yolda öz orbitindən kənara çıxmamaq, dəyərlərindən güzəştə getməmək, hətta rəqibə qarşı davranışlarında belə nəzakət qaydalarını aşmamaq, qanunlara sayqı və ehtiramla yanaşmaq İlyas İsmayılov şəxsiyyətinin xaraterik xüsusiyyətidir. Mərdlik, kişilik, öz sözünün ağası olmaq kimi keyfiyyətlər onu yalnız Ədalət Partiyasının üzvləri arasında deyil, həm də ölkənin bütün siyasiləri arasında sevdirib. Belə bir adamı heç bir əsaslı səbəb olmadan tərk etmək, onun daşıdığı dəyərlərə hörmətsizlik olardı. Üstəlik, mənim ondan öyrənəcəyim hələ çox şeylər var”.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar