Gürcüstan BMT-dən Təhlükəsizlik Şurasının çağırılmasını tələb etdi

Gürcüstanın xarici işlər naziri Tamara Beruçaşvili xüsusi brifinqdə bildirib ki, rəsmi Tiflis “Rusiya və Abxaziya arasında “Müttəfiqlik və strateji tərəfdaşlıq haqqında” yeni müqavilənin” tərtib edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edir.

Gürcüstan hakimiyyəti ATƏT və NATO-da da bu məsələyə təcili baxılmasında israr edir.

Artıq müvafiq sənəd Birləşmiş Millətlər Təşkilatının qərargah-mənzilinə göndərilib. İclasın keçirilib-keçirilməyəcəyi və nə vaxt keçiriləcəyi hələlik məlum deyil.

Bir müddət əvvəl Gürcüstan prezidenti, baş naziri və siyasi liderlərinin əksəriyyəti Rusiya və Abxaziya arasında yeni çərçivə sənədinin imzalanmasını pisləyərək, sənədi “tarixən Gürcüstana aid olan ərazilərin ilhaqı cəhdi” adlandırıblar.

Bu zaman prezident Marqvelaşvili abxazlara və osetinlərə Gürcüstanla kompromis axtarmağı məsləhət görüb: “Abxazlar və osetinlər tarixi kimliklərini yalnız Gürcüstan mədəniyyəti və dövlətçiliyi tərkibində qoruyub saxlaya bilərlər”.

Baş nazir İrakli Qaribaşvili isə Gürcüstan rəhbərliyinin Rusiya ilə münasibətlərin düzəldilməsi üzrə konstruktiv addımlarına baxmayaraq, Moskvanın “düşməncəsinə addımlar atmasından” gileylənib.

Ölkədə ən “Rusiyayönümlü” siyasətçi hesab olunan parlamentin keçmiş spikeri Nino Burcanadze isə ictimaiyyətin diqqətini yeni sənədin imzalanmasının durmadan NATO-ya can atmanın və Gürcüstanda Şimali Atlantika İttifaqının “məşq mərkəzinin” yerləşdirilməsi üzrə bəyan edilən planların nəticəsi olduğuna çəkib (Turan).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar