Müsavatda narazılar yeni təşkilatın nizamnaməsini hazırlayır- "...çox ciddi müzakirələr aparırıq”

Müsavat Partiyasının qurultayından narazı qalan üzvlər yeni yaradacaqları qurumun nizamnaməsini hazırlayırlar. Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib. S.Əlisoy yeni yaranacaq qurumun partiya və ya ictimai birlik olması barədə danışmağın hələ tez olduğunu bildirib. O qeyd edib ki, qurumun hansı formada olacağı yaxın günlərdə bilinəcək.

Başqanlığa keçmiş namizəd mübarizədən geri çəkilməyəcəklərini bəyan edib. O bildirib ki, son qurultay zamanı baş verən saxtakarlıqlar aradan qaldırılmayana və ədalət bərpa olunmayana qədər mübarizəni davam etdirəcəklər.

Səxavət Əlisoy Modern.az saytına açıqlamasında isə deyib ki, hələlik tərəfdarlarına Müsavat Partiyasını tərk etmələri üçün müraciət etməyib: “Məni Müsavat Partiyasından çıxarsalar da, bu təşkilata üzv olan yaxın dostlarıma, qohumlarıma, tərəfdarlarıma onların da bu partiyanı tərk etmələri üçün müraciət etməmişəm”.

Onun fikrincə, tərəfdarlarının Müsavat Partiyasından çıxması haqqında qərarı özləri verə bilərlər. Səxavət Əlisoy bildirib ki, Müsavat Partiyasının bir neçə rayon təşkilatının sədri Arif Hacılının apardığı siyasətə qarşı etiraz bəyanatı vermək istəyirlər:“Lakin biz onları bu addımı atmaqdan hələlik saxlamışıq. Çünki Arif Hacılıdan narazıların yaxın zamanlarda çox ciddi açıqlamaları və bəyanatları olacaq. Mən və Qubad İbadoğlu bununla bağlı çox ciddi müzakirələr aparırıq”. Səxavət Əlisoyun sözlərinə görə, yaxın günlərdə Müsavat rəhbərliyindən narazılar nə edəcəkləri, hansı addımlar atacağı barədə açıqlama verəcəklər.

Başqanlığa keçmiş namizəd tərəfdarlarının Adil Qeybulla ilə yaratdığı “Siyasi Dialoq və İslahatlar Mərkəzi”nə gələcəyi anonsunu da verib:“Mümkündür ki, dostlarımız elə burda da fəaliyyətlərini davam etdirsin”.

Səxavət Əlisoy onu da bildirib ki, Müsavat başqanı Arif Hacılının tərəfdarları da bir müddətdən sonra ona qarşı çıxacaq: “Artıq onun tərəfdarlarının eyforiyası da azalır. Deyəsən, onlar Müsavatda baş verən proseslərin ciddiliyini anlamağa başlayırlar. Bu da növbəti istefaların qaçılmaz olduğunu göstərir”.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar