Amerikalı erməni mafiozlar Sərkisyanla əlbir olub Qarabağda pul “yuyur”

Erməni əsilli amerikalı jurnalist Ara Manukyan ABŞ-dakı varlı ermənilərin Qarabağa yardım adı altında vergidən necə yayındıqlarını açıqlayıb.

Virtualaz.org saytı xəbər verir ki, thetruthmustbetold.com saytının redaktoru olan A.Manukyan bəyan edib ki, Kaliforniyada fəaliyyət göstərən bir qrup varlı erməni Ümumerməni Fondu “Hayastan”la əlbir olaraq Dağlıq Qarabağ üzərindən çirkli pulların leqallaşdırılmasını həyata keçirirlər. Onun bildirdiyinə görə, həmin varlı ermənilər ABŞ-ın vergi sistemini aldadır və gəlirlərini vergidən yayındıdırlar.

Birləşmiş Ştatlar qanunlarına görə, əgər hansısa sahibkar bu və ya digər xeyriyyə təşkilatına ianə verirsə, onun gəlirlərini həmin hissəsi vergidən azad olunur. Amerikadakı erməni milyonçular isə Dağlıq Qarabağda biznes qurmaq üçün pullarını ianə adı altında “Hayastan” fonduna yatırıblar. Onlar “Hayastan” fondu ilə anlaşaraq fondun hesabına kifayət qədər iri məbləğ yatırıblar, bu pulu ianə olaraq verdiklərini göstəriblər. Nəticədə erməni biznesmenlər pullarının həmin hissəsini ABŞ-da vergidən yayındırıblar.

Daha sonra onlar fırıldaq sxemi quraraq “Hayastan”ın hesabına keçirilmiş pulun böyük hissəsini Qarabağda geri alıblar və orada otel biznesinə yatırıblar. Cüzi hissəsini isə “Hayastan” fondunun hesabına ianə olaraq saxlayıblar.

Erməni jurnalistinin bildirdiyinə görə, amerikalı erməni biznesmenlər bu fırıldaq sxemindən tez-tez istifadə edirlər. Nəticədə “Hayastan” fondu hər il elan etdiyi marafonlarda açıqlanan məbləğlərdən dəfələrlə az ianə toplamış olur.

Ara Manukyan bu bəyanatı “Hayastan” fondunun növbəti telemarafonu ərəfəsində verib. Sabah - noyabrın 27-də fond Kaliforniya ştatında telemarafona başlayacaq və Qarabağ erməniləri üçün növbəti ianə kampaniyası keçirəcək.

Marafon ərəfəsində Manukyanın təşkilatçılığı ilə bir qrup erməni “Hayastan”ın təşkil etdiyi banketin gedişində etiraz aksiyası təşkil ediblər. Onlar “Hayastan” fondunu boykot etməyə çağırıblar. Aksiya iştirakçıları bildiriblər ki, fond korrupsiyalaşıb və əslində Ermənistan hakimiyyətinə, fondun hamilər şurasında təmsil olunan Serj Sərkisyana və digərlərinə hakimiyyəti saxlamaqda yardım edir.

A.Manukyan bildirib ki, 2012-ci ildə “Hayastan” fondu ianə kampaniyasında 20 milyon dollar toplayıb, ancaq həmin il Ermənistan büdcəsi oliqarxların vergidən yayınması və korrupsiya nəticəsində 750 milyon dollar itirib.

“Hayastan” fondunun icraçı direktoru Ara Vardanyan isə Ara Manukyanın dediklərini “böhtan” adlandırıb. O, jurnalisti fondun topladığı ianələr hesabına Qarabağda tikilən məktəblərə, xəstəxanalara baxmağa çağırıb.

A.Manukyan isə A.Vardanyana cavab olaraq deyib ki, fondun tikdirdiyi həmin məktəbləri, xəstəxanaları görür. Hansı ki, bu binaların keyfiyyəti əksər hallarda xərclənə vəsaitə cavab vermir.

Lakin jurnalist bildirir ki, bu cür obyektləri tikmək Ermənistan və “Artsax hökumətinin” bilavasitə vəzifəsidir.

“Onlar korrupsiya ilə mübarizə aparıb vergiləri düzgün toplasalar, daha yaxşılarını tikə bilərdilər. Əgər onlar bunu edə bilmirsə, nə haqla “Hayastan” fonunda rəhbərlik edirlər?” - deyə A.Manukyan sual edib.

“Hayastan” fondunun Qəyyumlar Şurasının sədri Ermənistan prezidenti Serj Sərkisyandır. Şuranın üzvləri keçmiş prezident Robert Köçəryan, qondarma “DQR prezidenti” Bako Saakyan, baş nazir Ovik Abramyan və digərləridir.

Fond bu il topladığı vəsait hesabına Göyçə mahalını işğal altındakı Kəlbəcərlə birləşdirən yeni yolun asfaltlanmasına xərcləmək fikrindədir.

Erməni insan haqları müdafiəçisi, “Qadın resurs mərkəzi”nin həmsədri Lara Aqaronyan da Ara Manukyanın “Hayastan” fondunu boykot kampaniyasını dəstəkləyir.

O deyir ki, Vardenislə Kəlbəcərdən keçib Ağdərəni birləşdirən yeni yolun çəkilməsi ancaq erməni oliqarxlarının biznes maraqlarına xidmət edəcək. Çünki bu yolla Ağdərədəki filiz mədənlərindən filiz daşınacaq, nəticədə ətraf mühitə zərbə vurulacaq. Oliqarxlar isə varlanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar