Milyonları bir anda məhv edəcək “Apofis” haqda nə bilirik? – “Xirosimadakı partlayışdan 100 dəfə güclü...”

Nə zamansa Yer kürəsində baş verə biləcək qlobal fəlakət hadisələri həmişə insanlığı düşündürən məsələlərdən biri olaraq qalacaq. Ən müasir elmi tədqiqat üsulları ilə Yer kürəsinin qədim tarixini öyrənən alimlər, təbiətin və canlı orqanizmlərin böyük hissəsinin məhvinə səbəb olmuş qlobal masştablı dağıntılar yaradan hadisələrin baş verməsini tədricən aydınlaşdırırlar.

Meqavulkan püskürmələri, buzlaq dövrləri, asteroidlərin yerə çırpılması və sairə hadisələr buna nümunə kimi göstərilə bilər. Alimlərin fikrinə görə, bu cür qorxulu hadisələr sırasına “Apofis” adlandırılan asteroidin Yer kürəsi ilə toqquşmasını da daxil etmək mümkündür.

Hazırda ”Apofis” asteroidi böyük sürətlə yerə yaxınlaşır. O, Yer kürəsinin ətrafına müəyyən bir örbit üzrə dolanır. Həmin orbit üzrə dövrü hərəkətə görə, “Apofis” əvvəl 2029-cu ildə, sonra isə 2035-ci və 2051-ci illərdə Yerə ən yaxın məsafədə olcaq. ”Apofis”-in Yer ətrafında hərəkət trayektoriyası elədir ki, hər ümumi dolanma dövrünə görə, onunla Yer arasındakı ən yaxın məsafə əvvəlkilərə nisbətən daha da azalacaq. Yəni, asteroid 2051-ci ildə yuxarıda qeyd edilən illərə nisbətən, Yer kürəsinə daha yaxın məsafədə olacaq. Bəs ümumiyyətlə asteroid nədir? Asteroid müəyyən bir orbit üzrə Günəş ətrafına dolanan göy cismidir. Asteroidlər əsasən Mars və Yupiter planetləri arasındakı “asteroid kəməri” adlandırılan zolaqda yerləşir və müxtəlif ölçülərə malikdirlər.

“Apofis” asteroidini 2004–cü ildə ABŞ-ın Arizona ştatının “Kitt-Pik” rəsadxanasının alimləri Devid Tolen və RoyTaker kəşf etmişlər. Onun diametri 270 metr, sıxlığı isə 3000 kg metr kub təşkil edir. Həmin asteroidə verilən “Apofis” adı Qədim Misir əfsanəsinə görə qaranlıqda yaşayan və Günəşi (RA) məhv etməyə cəhd edən böyük ilan Apopanın adından götürülmüşdür. Orbitdəki hərəkət istiqamətinə uyğun olaraq, “Apofisin” yerə ən çox yaxınlaşma dövrü 2029-cu idə baş verəcək. Yerlə “Apofis” arasındakı məsafənın isə təxminən 37 min kilometrə qədər olacağı bildirilir. Ancaq bəzi alimlərin pessimist şübhələrinə baxmayaraq, xüsusi radar və dəqiq ölçmə cihazlarının köməyi ilə əldə edilən məlumatlara görə, 2029-cu ildə “Apofis”-in yerə çırpılma ehtimalı xeyli aşağı sayılır. Verilən məlumatlara əsasən, bu təxminən 45 mində birə bərabər ehtimal hesab edilir. Ancaq elmi dairlər onu da qeyd edirlər ki, 2036-cı ildə “Apofis”-in yerə çırpılma ehtimalı xeyli dərəcədə artacaq. Hal-hazırda bu məsələ ilə əlaqədar alimlər arasında müxtəlif fikirlər mövcüddur. 2036-cı ildə “Apofis”-in Yerdən yan keçəcəyini deyənlər, onu da əminliklə vurğulayırlar ki, 2036-cı ildə Yer kürəsi toqquşmadan qurtulsa da, öz orbiti üzrə hərəkət edən “Apofis” asteroidi 2051-ci ildə və ya nə zamansa Yerə çırpılacaq. Çünki hər yaxınlaşma perioduna görə, onun Yerlə arasındakı məsafə getdikcə daralır. Belə olan təqdirdə isə Yer kürəsi “Apofosi” özünə tərəf böyük bir güclə dartacaq və nəticədə həmin göy cismi planetimizin cazibə qüvvəsindən qurtula bilməyəcək.

“Apofis”-in Yerlə toqquşmasından əmələ gələn enerji miqdarı 1700 meqatondan çox ola bilər ki, bu da Xirosimaya atılan bombadan yüz dəfədən də artıq gücə malik partlayış deməkdir. 2029-cu ildə “Apofis”-lə Yer kürəsi arasındakı məsafə 37 min kilometrə çatacaq. Bu isə onu göstərir ki, ”Apofis” Yerlə toqquşmasa da, öz yolu üstündəki xeyli saydakı geostasionar telekommunikasiya sputniklərini vurub sıradan çıxara bilər. Belə ehtimal edək ki, ”Apofis” Yerə çırpılacaq. Əlbəttə ki, bununla dünyanın sonu gəlməyəcək. Ancaq onun dağıdıcılığı və törədəcəyi tələfatın miqyası hədsiz dərəcədə yüksək olacaq. Həm də “Apofis”-in hara düşəcəyindən də çox şey asılıdır. Əgər asteroid əhalinin çox sıx məskunlaşan yerlərinə düşərsə, milyonlarla insanın məhvi sadəcə an məsələsidir. Alimlərin hesablamalarına görə, “Apofis”-in Yerin hansı hissəsinə çırpılacağı da təxminən bəllidir. Bu yerlər Mərkəzi Amerika, Sakit Okean hövzəsi, Rusiyanın Sibir bölgəsi və Qazaxıstan əraziləri hesab edilir.

Diametri 300 metr olan həmin göy cisminin bu qədər dağıdıcı gücə malik olmasının əsas səbəbi isə onun kütləcə ağır olması ilə yanaşı, sürətinin də saatda 45 kilometrə catması ilə əlaqədardır. Ölçülərinə görə, nisbətən “Apofis”dən böyük olan asteroidlər təxminən hər 100 min ildən, daha nəhəngləri isə milyon ildən bir Yerə çırpılırlar. Belə hallarda bu tip asteroidlərin Yerə çırpılması canlı həyatın kütləvi məhvinə gətirib çıxarır. Bunlardan biri kimi 65 miliyon il bundan əvvvəl Meksikanın Yukatan yarımadasındakı “Çiksulub” hövzəsinə diametri 10 kilometrə çatan asteroidin düşməsi nəticəsində yaranan 10 bal gücündəki zəlzələnin təsirindən əmələ gələn müdhiş təbiət hadisəsini göstərmək olar. Həmin dağıdıcı zərbə nəticəsində yaranan kraterin çevrəsinin uzunluğu 175 kilometrə çatıb. Alimlər hesab edirlər ki, məhz “Çiksulub” kraterini əmələ gətirən asteroidin Yerə çırpılması nəticəsində Dinozavrlar da daxil olmaqla, Yerdəki bioloji növlərin 75%- i kütləvi şəkildə qırılıb. Həmin dövrdəki toqquşma nəticəsində meydana gələn milyon tonlarla toz və kül buludu havaya qalxaraq, tamamilə stratosferi bürüyübmüş. Böyük və sıx olan toz buludlarının atmosferdən çəkilməsinə isə, yüz ilə yaxın vaxt lazım gəlib. Ona görə də, Günəş şüalarının Yerə düşməsının qarşısı alındığından bioloji növlərin kütləvi qırğını hadisəsi baş verib. Elmdə bu“Təbaşir- Paleogen” kütləvi qırğını adlanır.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar