Sərdar Cəlaloğlunun oğlunu Rusiyada kim oxutdurub? - Açıqlama

"Mənim oğlumun oxumasının yeganə səbəbkarı İlyas müəllim oldu"

Keçmiş partiyadaşlar Rəsul Quliyevlə Sərdar Cəlaloğlunun arasında başlayan "borc atışması" səngimək bilmir. S.Cəlaloğlunun keçmiş sədrinin maddi-mənəvi borcları haqda açıqlaması R.Quliyevin bəzi məsələlələri yada salmasına səbəb oldu. R.Quliyev ad çəkmədən vaxtilə S.Cəlaloğlunun "rus dilini bilməyən, savadsız" oğlunun Sankt Peterburqda təhsil almasına kömək etdiyini xatırlatdı.

Sərdar Cəlaloğlu isə Hafta.az-a açıqlamasında oğlunun Sankt-Peterburqda təhsil almasına kimin yardım etdiyini açıqlayıb.

O, bildirib ki, oğlunun təhsil xərclərini Rəsul Quliyev ödəməyib: “Mən həbsdə olanda oğlum BMT xətti ilə Norveçə göndərilmişdi. Həmin vaxt bir müddət Sankt-Peterburqda yaşamalı olub. Rəsul Quliyev bu vaxt ona yardım edib. Amma pulu özü ödəməyib. O deyib, pulu başqa adam ödəyib”.

Partiya sədri sabiq spikerin “borc” açıqlamasını siyasi fəlsəfəni yaxşı mənimsəməmək kimi qiymətləndirib: “Rəsul Quliyev o vaxt partiyanın maliyyələşdirilməsini öz üzərinə götürmüşdü. Bu məsələlərdə partiyaya yardım edirdi. Bu da onun borcu idi. Bizim də işimiz burda partiyanın siyasi fəaliyyətini təşkil etmək idi. Rəsul Quliyev siyasi işin mahiyyətini özü üçün müəyyənləşdirməyib. Bir dəfə Rəsul Quliyev dedi ki, mənim ailəmə 10 min dollar yardım edib. Amma vəkillərimin xərcləri 10 min dollardan çox edirdi. İndi üstündən bir neçə il keçəndən sonra bunu bizə minnət kimi deyir. Bu düzgün deyil. Biz onun üçün etdiklərimizi heç vaxt ona minnət etməmişik. O siyasi fəlsəfəni yaxşı mənimsəməyib”.

Sərdar Cəlaloğlu deyib ki, onun oğlunun oxumasına İlyas İsmayılov və Putinin yaxın dostu olan azərbaycanlı iş adamı İlham Rəhimov kömək edib: “Mənim oğlumun oxumasına keçmiş baş prokuror İlyas İsmayılov və İlham Rəhimli kömək edib. Oğlum Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Prokurorluq İnstitutunda təhsil alıb. Oranı bitirdikdən sonra Norveçə gedib, oranın vətəndaşı oldu. Rusiyada olanda Rəsul Quliyev bir nəfərdən xahiş edib, həmin adam da xərcləri ödəyib”.

ACP sədri həmin adamın kim olduğunu da açıqlayıb: “Oğlumun xərclərini ödəyən şəxs keçmiş maliyyə naziri Fikrət Yusifov olub. O bilsəydi ki, mənim oğlumdu, Rəsul Quliyevin vasitəçiliyinə ehtiyac olmazdı. Bizim onunla kifayət qədər yaxşı əlaqələrimiz var idi. Sonra biz görüşəndə Fikrət müəllimə dedim ki, borcum nədirsə qaytarım. Təxminən 4 min dollar xərc çəkmişdi. O bunu qəbul etmədi. İndi Rəsul Quliyev Fikrət Yusifovun verdiyini mənə borc kimi sayır”.

Sərdar Cəlaloğlu oğlunun xarici təhsil almaq təşəbbüsünün İlham Rəhimli və İlyas İsmayılovdan gəldiyini deyib: “O vaxt İham Rəhimli partiyanın əlaqalər üzrə katibi idi. İlyas İsmayılov da həmsədr idi. Mənim oğlumun oxumasının yeganə səbəbkarı da İlyas müəllim oldu. Bu iki adamın təşəbbüsü ilə oğlum oxumağa getdi”.

Fikrimizcə, hər şey aydındır. Bircə məsələ açıq qalır ki, S.Cəlaloğlunun Sankt Peterburqda təhsil alan oğluna edilmiş maliyyə yardımı Rəsul Quliyevin borc dəftərinə yazılmalıdır, yoxsa Fikrət Yusifovun. Bizcə haqlı olaraq bu yardımı Rəsul Quliyev özünün borc dəftərinə qeyd edib. Axı F.Yusifov məhz onun xahişi əsasında S.Cəlaloğlunun oğluna o vaxtkı pulla böyük rəqəm sayılan 4 min dollarlıq yardım edib...

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar