Xatəmi: “Hakimiyyətdaxili qruplar Ruhaniyə təzyiqi gücləndirib”

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi hazırkı prezident Həsən Ruhaniyə göstərilən təzyiqlərdən danışıb.

“Media forum” saytının məlumatına görə, noyabrın 26-də Tehranda ali təhsil ocaqlarının müəllimləri və tələbələri ilə görüşən Məhəmməd Xatəmi deyib ki, hakimiyyətdaxili bəzi qruplar Ruhani hökumətinə təzyiqi gücləndirib: “Ruhani verdiyi vədlərin hamısını yerinə yetirə bilməsə də, bu vədlərdən üz də döndərməyib. Bu gün baş verən bəzi olaylarda, o cümlədən ali təhsil naziri postu ilə bağlı yaşanan böhranda məqsəd yalnız Ruhani hökumətinə təzyiq göstərməkdir. Təzyiq göstərənlər Ruhaniyə demək istəyirlər ki, biz hələ varıq və güclüyük, biz imkan vermərik siz istədiyiniz kimi işləyəsiniz.

Görəsən ölkənin dövlət qurumlarında olan belə təfəkkür sahibləri əhalinin neçə faizini təmsil edir? Təəssüflər olsun ki, onlar cəmiyyətin 7, uzaqbaşı 10 faizini təmsil edirlər. Amma öz istəklərini zorla xalqa və hökumətə qəbul etdirə bilirlər. Bu, düzgün deyil. Təzyiq edənlər heç olmasa bunu bilməlidirlər ki, Ruhani ən azı xalqın 51 faizinin səsi ilə prezident vəzifəsinə seçilib. Mən hələ əhalinin son prezident seçkisinə qatılmayan 30 faizindən danışmıram. Əminəm ki, həmin 30 faiz də seçkiyə qatılsaydı, Ruhaniyə səs verəcəkdi.

Ruhani hökumətinin siyasəti haqda yalnız onu deyə bilərəm ki, bu hökumət bir sıra məsələlərdə, o sıradan bəzi siyasi və mədəni işlərdə, müxalifət liderlərinin azadlığa buraxılması istiqamətində daha yaxşı addımlar ata bilərdi. Ancaq onu da unutmaq olmaz ki, bu məsələlərin həlli hökumətin səlahiyyəti xaricindədir. Hökumətin imkanı məhduddur. Elə buna görə də hər yerdə istədiyi kimi hərəkət edə bilmir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar