ARİF HACILININ QEYRİ-CİDDİ AÇIQLAMALARINA CİDDİ CAVAB

Gültəkin Hacıbəyli: “Əgər Rüstəm İbrahimbəyov Milli Şuranın sədri olmasaydı, Cəmil Həsənli Milli Şuraya gəlməyəcəkdi”

Son günlər Milli Şura daxilində quruma sədrlik, Şurada kimin qalıb-qalmaması barədə müzakirələr, mübahisələr başlayıb. Müsavat Partiyasından bir qrup Milli Şura ideyasının müəllifi Rüstəm İbrahimbəyovun sədrlikdən, hətta özünün yaratdığı qurumdan getməsini tələb edirlər. Qurumda təmsil olunan ziyalılar və AXCP isə demokratik düşərgənin birlik ideyalarının müəllifi kimi Rüstəm İbrahimbəyovun qurum rəhbərliyində təmsil olunmasının tərəfdarıdır. Ancaq Müsavat Partiyasından Arif Hacılı və başına yığdığı 3-4 adam israrla bunun əleyhinə çıxır. A. Hacılı "Yeni Müsavat"a son açıqlamasında bunun səbəbini belə izah edib ki, R.İbrahimbəyov Milli Şuranın fəaliyyətinə ciddi töhfələr verə bilmədi: "Ziyalılar Forumu təsisçilərinin əksəriyyəti Milli Şuraya daxil olmadı. Hətta 2003-cü ilin prezident seçkilərində "Bizim Azərbaycan" blokuna, 2005-ci il parlament seçkilərində “Azadlıq” blokuna dəstək vermiş ziyalıların əksəriyyəti Milli Şuraya və Milli Şuranın vahid namizədinə dəstək vermədilər. Milli Şuraya daxil olan ziyalıların bəziləri təşkil etdiyimiz mitinqdə çıxış etməkdən, bəziləri hətta bu mitinqlərə gəlməkdən imtina etdilər. Rüstəm İbrahimbəyovun təmsil olunduğu və tez-tez dost adlandırdığı “Milyarderlər İttifaqı”nın üzvlərinin, demək olar ki, hər biri İlham Əliyevə açıq dəstək verdi". Və sair belə qeyri-ciddi açıqlamalar...

Əlbəttə, bu iddiaların nə qədər çılız olduğunu xüsusi izah etməyə ehtiyac yoxdu. Ancaq xatırlatmaq yerinə düşər ki, elə Arif Hacılı və başının dəstəsi Milli Şuranın cəmiyyətdə qazandığı böyük dəstəyi Müsavat Partiyasının bu qurumda təmsil olunması ilə bağlayırdı. İndi belə çıxır ki, Milli Şuranın uğurlarını ikiəlli qabağına çəkən Arif Hacılı və dəstəsi, uğursuzluqları Rüstəm İbrahimbəyovun adına bağlamaq niyyətindədir. Halbuki ağlı başında olan adam tam əksini düşünər.

Məsələn, ziyalıların Rüstəm İbrahimbəyova görə Milli Şuranın vahid namizədinə dəstək verməməsi fikri sadəcə cəfəngiyyatdır. Tam əksinə müxalifətin bu seçkidə tam sıradan çıxmamasının, hətta yeni nəfəs almasının səbəbi bir qrup ziyalının müxalifətlə birgə qurumda - Milli Şurada təmsil olunması oldu. Bunda da Rüstəm İbrahimbəyovun əvəzsiz rolu var. Elə Cəmil Həsənlinin Milli Şuraya gəlməsi və onun namizədi olmağa razılaşması da İbrahimbəyovla bağlıdır.

2003-cü ilin prezident seçkilərində "Bizim Azərbaycan" blokuna, 2005-ci il parlament seçkilərində “Azadlıq” blokuna dəstək vermiş ziyalıların əksəriyyətinin Milli Şuraya gəlməməsini Rüstəm İbrahimbəyovun adına yazmaq isə, yumşaq desək nadanlıqdır. Adamdan soruşarlar, kimdir bu ziyalılar? O hansı ziyalıdır ki, Rüstəm İbrahimbəyov kimi bir ŞƏXSİYYƏTLƏ eyni qurumda təmsil olunmağı özünə sığışdırmayıb?

Arif Hacılı qoy bircə ad çəksin, içtimaiyyət də bilsin ki, Mili Şura İbrahimbəyova görə kimin dəstəyindən məhrum olub? Bəlkə Arif Hacılı unudub ki, həmin ziyalıların bir hissəsi məhz onun kimilərin ucbatından müxalifətə inamını itirərək mövqeyini dəyişib və  hakimiyyətin yanında yer alıb, bir hissəsi də dünyasını dəyişib...

Arif Hacılının Rüstəm İbrahimbəyova yönəlik ittihamlarında “Milyarderlər İttifaqı”nın üzvlərinin Milli Şuraya deyil, İlham Əliyevə dəstək verməsi fikrinin yer almasına isə heyrətlənməmək mümkün deyil. Doğurdanmı bu adam düşünürmüş ki, üzvlərinin əksəriyyəti uzun illərdir İlham Əliyevlə dostluq edən, onunla birgə işləyən, birgə biznesi olan, hatta qohum əlaqələri olan “Milyarderlər İttifaqı” Milli Şuranın namizədini dəstəkləyəcəkdi? Axı Rüstəm İbrahimbəyovun özü dəfələrlə bildirmişdi ki, həmin adamların əksəriyyəti İlham Əliyevi dəstəkləyir və yaratdıqları təşkilatın hakimiyyətə müxalif mövqedə dayanacağına dair iddialar yersizdir. Məlum səbəblərdən müxalifət Azərbaycanda ortabab bir iş adamının dəstəyini əldə edə bilmədiyi halda, Arif Hacılının milyardlara dollar kapitalı olan oliqarxların Milli Şuraya dəstək vermədiyi üçün Rüstəm İbrahimbəyovu günahlandırması sadəcə, heyrət doğurur.

Əlbəttə, Arif Hacılının belə qeyri-ciddi açıqlamalarla cıxış etməsinin səbəbini anlamaq çətindir. Ancaq Milli Şuranın bütün gücünü beynəlxalq aləm tərəfindən legitimlik statusu almayan hakimiyyətlə dinc mübarizənin təşkilinə sərf etməli olduğu halda, iç qarşıdurmaya cəlb edilməsi düşündürücüdür. Xüsusən də, Milli Şuranın gücünə güc qatan, müxalifətə yeni nəfas verən Rüstəm İbrahimbəyovun qurumdan uzaqlaşdırılması təşəbbüsləri... Bunun zaman-zaman müxalifət daxilində intriqalar yaradan biri kimi tanınan Arif Hacılının öz ağlının məhsulu olduğu az inandırıçıdır. Heç şübhəsiz Rüstəm İbrahimbəyov kimi bir ŞƏXSİYYƏTİN müxalifətlə eyni qurumda təmsil olunmasından kimlər narahatdırsa, bu ideya da onlarındır. Arif Hacılı və dəstəsi sadəcə icraçıdır.

Yazını İbrahimbəyovla bağlı mübahisələrə Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəylinın münasibəti ilə bitiririk. Fikrimizcə, Gültəkin xanım Rüstəm İbrahimbəyovun Milli Şura üçün nə qədər önəmli biri olduğunu açıqlaya bilib: “...Rüstəm İbrahimbəyov Milli Şura ideyasının təşəbbüskarıdır. Fərqli qüvvələrin bir araya gəlməsi də məhz onun səyləri nəticəsində baş verib. Ziyalıların Milli Şuraya sıcaq yanaşmasından Rüstəm müəllimin müstəsna xidmətləri var. Əgər o, Milli Şuranın sədri olmasaydı, Cəmil Həsənli Milli Şuraya gəlməyəcəkdi. Çünki Cəmil Həsənli Milli Şuraya məhz Rüstəm İbrahimbəyova görə gəlib. Mən də daxil olmaqla xeyli şəxs Milli Şuraya həm Rüstəm müəllimin, həm də Cəmil müəllimin dəvəti ilə gəlmişik. Əslində Rüstəm müəllim onu indiyədək bilavasitə məşğul etməyən bir işlə məşğul oldu. 9 oktyabr seçkiləri də göstərdi ki, Milli Şura Azərbaycan şərtləri daxilində böyük işlər görməyi bacardı. Seçkilərdən 1 ay keçmiş ultimativ şəkildə "Rüstəm İbrahimbəyov Milli Şuradan getməlidir" şərtini irəli sürmək ilk sırada toplumun Milli Şuraya münasibətini dəyişdirə bilər. Mən düşünmürəm ki, biz ağsaqqal ziyalımıza qarşı belə sayğısızlıq etməliyik".

Gültəkin Hacıbəylinin fikrincə, Milli Şura formatı - “müxalifət partiyaları + ziyalılar” formulu uğurludur: “Milli Şuraya gələn ziyalılar bu missiyanı üzərlərinə götürərkən, heç də Azərbaycan siyasətində olan şəxslərin çəkisini, rolunu hədəf almayıblar. Siyasi liderlərin siyasi proseslərdəki rolunu kim dana bilər? Cəmil Həsənlinin seçki kampaniyası göstərdi ki, aparıcı qüvvə yenə də əsas müxalifət partiyalarıdır, bütün seçki prosesinin əsas yükünü bu partiyalar çəkdi. Ölkədə hər kəs etiraf edir ki, Azərbaycanda iki böyük partiya var - Müsavat Partiyası və AXCP. Yenə də meydan samballı siyasi təşkilatları olan siyasi liderlərindir. Ancaq onu da etiraf etməliyik ki, demokratik düşərgəni bir araya gətirən format ziyalı nüfuzudur. Bunu danmaq mümkün deyil. Bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm - Milli Şurada bizim Rüstəm İbrahimbəyov miqyaslı neçə ziyalımız var? Ümumiyyətlə nə qədər ziyalımız Cəmil Həsənliyə açıq dəstək verdi? Əgər bu sualların cavabı heç də birim arzuladığımız səviyyədə deyilsə, nədən biz Rüstəm İbrahimbəyova sayğısızlıq, etimadsızlıq göstərməliyik. Bizim belə bir davranışımız ziyalılara da əks təsir göstərə, onlarda da inciklik yarada bilər. Biz Milli Şuranın gələcəyi ilə bağlı qərar verəndə mütləq qaydada bu nüansları nəzərə almalıyıq”.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar