"Vurğun Əyyub da Müsavatdan çıxarıla bilər" - Başqan müavini 

Müsavat Partiyasından çıxan və çıxarılanların, həmçinin Məclis üzvü Vurğun Əyyubun narazılıqları davam edir. Müsavat Məclisinin üzvü Vurğun Əyyub isə APA-ya deyib ki, mübarizəsinin məqsədi odur ki, qurultayda baş verən ədalətsizliklərə görə heç olmasa kimlərsə cəzalandırılsın və partiyanın idarə edilməsində demokratik ənənələr bərpa olunsun: “Problemlərin həllinin bir yolu olan növbədənkənar qurultayın çağırılması nizamnamə ilə təsbit olunmuş bir haldır. Ona görə də növbədənkənar qurultayın çağırılmasında israr, təkid edən adamlara hədə-qorxu gəlmək mənasız bir iş və nizamnamədən kənar bir addımdır”.

V.Əyyub İsa Qəmbərin A. Hacılıya artıq açıq dəstək verməsindən sonra növbədənkənar qurultayın mənasını itirdiyi, narazıların qurultayda uğur qazanmaq ehtimalının olmadığı yönündə qənaəti də bölüşmədiyini dilə gətirib: “İsa Qəmbər Arif Hacılıya o zaman da dəstək vermişdi, 3 səs artıq qazandı. Mənə elə gəlmir ki, İsa Qəmbərin sözü partiya üzvləri üçün hökmdür”.

V.Əyyub partiyanın qurumlarını legitim saymaması ilə bağlı açıqlamalarının partiyanın nüfuzuna zərbə vurduğu və buna görə cəzalandırıla biləcəyi barədə xəbərdarlığa da münasibət bildirib: “Mən partiyanın qurumlarını legitim saymıram və mübarizəmin də məqsədi məlumdur. Bu gün Müsavat Partiyasının nüfuzuna zərbə vuranlar isə hazırda partiyaya rəhbərlik edənlərdir”.

Müsavat başqanının müavini Osman Kazımov isə “Yeni Müsavat”a açıqlamasında Vurğun Əyyubun iddialarının əsassız olduğunu söylədi: “Partiyada gərginliyin yaranmasında mühüm rol oynayan şəxslərdən biri Vurğun Əyyubdur. Onun qurultay barəsində səsləndirdiyi fikirlər absurddur. Növbədənkənar qurultay çağırılmasından söhbət belə gedə bilməz. Növbədənkənar qurultayın hansı halda çağırılması nizamnamədə konkret göstərilib. Həmin hal isə mövcud deyil. Vurğun Əyyub getsin nizamnaməni dəqiq oxusun”.

Başqan müavini vurğuladı ki, 23 noyabr müşavirəsindən sonra Vurğun Əyyub-Səxavət Əlisoy-Əlövsət Talışxanlı üçlüyü tərəfindən İsa Qəmbərin hədəfə çevrilməsi təsadüfi deyil: “Bu şəxslər artıq öz niyyətlərini həyata keçirə bilmədikləri və ifşa olunduqlarını gördükləri üçün, eyni zamanda İsa Qəmbər tərəfindən prosesə birmənalı qiymət verildiyini gördükdən sonra ardıcıl hücumlar edirlər. Hesab edirəm ki, İsa Qəmbərə qarşı hücumlarda hakimiyyətin də mövqeyi var”.

“Səxavət Əlisoyun uzun müddət səsləndirdiyi fikirləri artıq Vurğun Əyyub eynilə səsləndirir. Müsavat Divanı Səxavət Əlisoy haqda partiyadan xaric edilmə qərarını Vurğun Əyyub haqda da qəbul edə bilərmi” sualına isə O.Kazımov belə cavab verdi: “Səxavət Əlisoy əvvəl ona görə önə verilmişdi ki, başqanlığa namizəd idi. Onun ifadə etdiklərinə diqqət etdikdə görərsiniz ki, bu fikirlər əslində daha çox Vurğun Əyyubundur. İndi Səxavət Əlisoy partiya üzvlüyündən xaric edildiyi üçün Vurğun Əyyub bir müddət əvvəl ötürdüyü estafeti Səxavət Əlisoydan qəbul edib. Əvvəldən bəyan edilib ki, nizamnaməni pozan hər bir şəxsə qarşı nizamnamə çərçivəsində tədbir görüləcək. İstər Arif Hacılını müdafiə edən şəxs olsun, istər Vurğun Əyyub olsun, nizamnamə pozuntusuna yol verən istənilən şəxs barəsində tədbir görüləcək. İstər Vurğun Əyyub, istər başqaları qurultayın qərarlarını heç bir əsas olmadan legitim hesab etməməkdə, ara qarışdırmaqda davam eləsələr, təbii ki, onlar barəsində tədbir görüləcək. Bunu bilsinlər ki, yeni qurultay olmayacaq. Onlara inanan şəxsləri aldatmasınlar, o insanlar Müsavat yolunda əziyyət çəkmiş insanlardır, onların inamından, etibarından sui-istifadə eləməsinlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar