"Avropada bir-iki müsəlman ölkəsi var, düşüblər onların üstünə” - Oqtay Əsədov Şultsu yalançı adlandırdı

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin prezidentini sərt tənqid edib. “Media forum” saytının məlumatına görə, parlamentin 28 noyabr iclasında çıxış edən Oqtay Əsədov deyib ki, Avropa Parlamentinin prezidenti Martin Şults Azərbaycanla bağlı qeyri-etik və qeyri-obyektiv açıqlama verib.

Noyabrın 26-sı Strasburqda konqolu həkim Denis Mukveqə Avropa Parlamentinin Andrey Saxarov adına “Azad düşüncə mükafatı” təqdim edilib. Avropa Parlamentinin prezidenti Martin Şults mərasimdə deyib ki, azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus da Saxarov mükafatına namizəd idi: “Çünki Azərbaycanda insan haqlarını böyük əzmlə müdafiə edir və bunun uğrunda vuruşur. Avropa Parlamenti Azərbaycan hökumətini bu günahsız və səhhəti kəskin pisləşən qadını azad etməyə çağırır”.

Martin Şults əlavə edib ki, Avropa Parlamenti Azərbaycana nümayəndə heyəti göndərmək istəyib, ancaq bu alınmayıb. O, Avropa Parlamenti nümayəndələrinə Azərbaycana giriş imkanı verilməməsinə etirazını bildirib və deyib ki, bütün bunlar yolverilməzdir.

Oqtay Əsədov qeyd edib ki, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv və ikili standartla yanaşır: “Bizim deputatlar dəfələrlə fərdi şəkildə cəhd ediblər ki, müzakirələr aparıb həqiqətləri onlara çatdırsınlar və bu qərəzin səbəbini soruşsunlar. Amma təəssüf ki, nəticəsi olmadı. Nəhayət, mən özüm Şulsta məktub yazdım, amma o mənim məktubuma cavab vermədi. İndi də Avropa Parlamentinin iclasında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan fikirlər və bəyanatlar səsləndirirlər. Şults yenə də qərəzli çıxış edib. Belə açıq yalan danışmaq heç bir siyasətçiyə hörmət gətirmir”.

Spiker Avropa Parlamenti rəhbərliyinə tövsiyə edib ki, birinci özlərinə baxsınlar və Avropada baş verən polis özbaşınalıqlarına, qanunsuzluqlara, antisemitizmə və diskriminasiyaya diqqət yetirsinlər: “Amma bunların hamısı qalıb bir kənarda, Avropada bir iki müsəlman ölkəsi var, düşüblər onların üstünə”.

Oqtay Əsədov Avropa Parlamentinə mesaj göndərib: “Bizə necə dırnaqarası münasibət göstərsələr, artıqlaması ilə cavabını alacaqlar”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar