"Barışmayacağam" - Qubad İbadoğludan Arif Hacılıya xəbərdarlıq

“Partiya rəhbərliyini hədə dolu çıxışlara son qoymağa çağırıram”

“Müsavat Partiyasında nizamnamədən kənar qəbul edilən heç bir qərarla barışmayacağam və pozulan hüquqların bərpası üçün daim mübarizə aparacağam”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu deyib.

O, Müsavatda Məclis sədri və digər vəzifələrlə bağlı səsləndirilən təkliflərə münasibət bildirərkən qeyd edib ki, yaxın zamanlarda heç bir seçkili orqanda vəzifə tutmaq niyyətində deyil: “Mən Müsavat Partiyasına mənafe üçün deyil, məfkurə uğrunda mübarizə üçün gəlmişəm. Odur ki, istənilən təklifin müzakirəsini məqbul hesab etsəm də, yaxın gələcəkdə partiyada heç bir seçkili və ya təyinatlı vəzifə tutmaq niyyətində deyiləm. İndiki idarəçilik üsullarını və status-kvonun saxlanmasını səhv hesab etdiyimdən onun dəyişdirilməsinə, partiyanın nizamnamə normaları əsasında verilən dürüst və ədalətli idarə olunmasına çalışıram. Hazırda mənim üçün ən vacib məsələ son müşavirədə təqdim etdiyim barışıq naminə təkliflərin və oktyabrın 6-da partiya rəhbərliyinə verdiyim tövsiyələrin (Qubad İbadoğlu Müsavat Partiyasına 5 bəndlik təkliflər təqdim etdi) reallaşdırılmasıdır. Qarşı tərəfdən bu istiqamətlərdə müzakirələr gözləyirəm”.

Qubad İbadoğlu hər hansı partiya yaratmaq və ya başqa partiyaya getmək kimi bir istəyinin olmadığını da vurğulayıb. O, Müsavat rəhbərliyini hədə dolu çıxışlardan çəkinməyə çağırıb: “Mənim siyasi fəaliyyətim yalnız Müsavat Partiyası ilə bağlı olub və bundan sonrakı dövrdə partiyanı tərk etmək üçün ciddi əsaslar görmürəm. Odur ki, başqa partiyada fəaliyyətimi davam etdirmək niyyətində deyiləm. Tərəfdarlarıma bir daha müraciət edərək onların partiyada qalıb yoluna davam etməyə, partiya rəhbərliyini də hikkə və hədə dolu çıxışlara son qoymağa, birlik və həmrəylik nümayiş etdirməyə çağırıram”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar