Beynəlxalq Bankın filial müdirinə ağır ittiham - "Şəhid ailəsinin hesabındakı pulu götürüb"

"Kartı bankomata salıb yoxladıqda məlum oldu ki, may ayından yığılmış 1400 manat pulumu çıxarıb götürüblər"

Azərbaycanda bəzən vəzifəli şəxslərin hərəkətləri, özbaşınalığı bütün sərhədləri aşır desək, səhv etmərik. Bəzi vəzifə sahibləri vətəndaşların problemlərini həll etmək, onlara kömək göstərmək əvəzinə, öz səlahiyyətlərindn, imkanlarından sui-istifadə edərək, insanlara daha ağır problemlər yaradırlar. Hətta bu zaman qarşısındakı vətəndaşın sosial vəziyyətini, şəhid ailəsi olmasını da nəzərə almırlar. Ucar rayonu Bağman kənd sakini, şəhid ailəsi Kərimova Gülabatın Müseyib qızı tərəfindən "AzPolitika.info" saytına göndərilən şkayət məktubu bunu bir daha sübut edir. Həmin məktubu kiçik ixtisarla dərc edirik:

"Həyat yoldaşım 20 aprel 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Buna görə şəhid ailəsi olduğumuz üçün hər ay bizə qanunda nəzərdə tutulmuş qaydada 200 manat müavinət verilir. Həmin müavinəti Ucar rayonunun mərkəzində yerləşən Beynəlxalq Bankın

Ucar rayon filialından bankomatdan götürürdüm.

Bu ilin May ayı tarixindən müavinətimi götürmədim ki, yığılsın, ilin sonunda götürüb oğluma toy edərəm. Noyabr ayının əvvəlində məni Beynəlxalq Bankın Ucar rayon filialının müdiri Tariyel Niftəliyev çağırıb dedi ki, kodlar qarışıb, buna görə bankomat kartları dəyişdirilir. Mənə ərizə yazdırdı və bankomat kartımı məndən aldı.

23 noyabr 2014-cü il tarixdə çağırıb kartımı özümə verdi. Kartı bankomata salıb yoxladıqda, məlum oldu ki, may ayından yığılmış 1400 manat pulumu çıxarıb götürüblər. Həmçinin, yoxlayanda o da məlum oldu ki, həmin kartdır, heç bir kod dəyişikliyi olmayıb.

Beynəlxalq Bankın Ucar filalının müdiri Tariyel Niftəliyev bildirdi ki, biz pul götürməmişik, hətta utanmadan mənə qışqırdı da. Bu cinayət əməlidir. Ancaq Beynəlxalq Bankın Ucar filialının müdiri Tariyel Niftəliyev qışqırıb məni borclu, özünü isə haqlı sayır.

Mən bu barədə artıq hörmətli Prezident cənab İlham Əliyevə, millət vəkili Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. İnanıram ki, bu cinayət faktı obyektiv araşdırılıb qanunu tədbir görüləcək.

Beynəlxalq Bankın Ucar filialının müdirinin bu hərəkətləri bizim ailəni çox sarsıtdı. Çünki biz boğazımızdan kəsib bu pulu toplamışdıq ki, şəhidin yeganə övladına toy edim, xoşbəxt olsun. Ancaq Tariyel Niftəliyevin əməli bizim ailənin arzusunu gözündə qoydu.

Mənim həyat yoldaşım Sahib Kərimov vətən, torpaq uğrunda şəhid olub. Buna görə biz fəxr edirik. Vətənin başı sağ olsun. Ancaq şəhid ailəsinə qarşı edilən bu əməl özbaşınalıq, soyğunçuluq və quldurluqdur. Şəhid ruhuna edilən hörmətsizliyə göz yummaq olmaz.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, baş prokurora, Korrupsiyaya Qrşı Mübarizə İdarəsinin rəisinə və digər aidiyatı orqan rəhbərlərinə müraciət edib, bu cinayət faktını obyektiv araşdırıb ciddi tədbirlər görməyi xahiş edirəm. Şəhid ruhuna hörmətsizlik edənlər ən ağır cəza ilə cəzalandırılmalıdır".

Beynəlxalq Bankın Ucar rayon filialının müdiri Tariyel Niftəliyevin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirməklə yanaşı qeyd edək ki, bu müraciətin obyektiv araşdırılacağına inanırıq. Hər halda, şəhid ailələrinə dövlət tərəfindən verilən müavinətin mənimsənilməsi nə qanunlara, nə də mənəviyyata uyğundur. İlk növbədə Beynəlxalq Bankın rəbərliyi bu faktın üzərinə getməlidir. Yəqin ki, hüquq-mühafizə orqanları da şəhid ailəsinin müraciətini cavabsız buraxmayacaq.

Mövzunu diqqətdə saxlayacağıq.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar