MÜSAVATIN "TƏZYİQ" HEKAYƏSİ - "100 ilin partiyası"nın bəyanatı nəyə xidmət edirdi? 

Yaxud İkram İsrafilə təhdid mesajını kim pıçıldayıb?

Bu ölkədə çox qəribə hadisələr baş verir. Bir də görürsən ki, “100 ilin partiyası” 100 ildən sonra da heç kimin ağlına gəlməyəcək addımlar atır. Daha dəqiq desək, noyabrın 26-da Müsavat partiyası bəyanat verdi və partiyanın Divan üzvü İkram İsrafilin oğluna qarşı təzyiqlərə etiraz bildirdi. Bəyanatda deyilir: “Müsavat Partiyasının fəal üzvlərinə qarşı həbs təhlükəsi, təqib və təhdidlər davam etməkdədir. Müsavat Partiyasının başqan müavinləri Tofiq Yaqublu, Yadigar Sadıqov, Fərəc Kərimli və Sirac Kərimli qardaslarının qanunsuz həbsindən sonra indi də partiyanın mətbuat xidmətinin əməkdaşı, gənc fəal İsrayıl İsrafilə və ailəsinə qarşı təhdidlər davam etməkdədir”.

Bəyanat təbii bir təccüb doğurdu. Axı bugünlərdə Müsavatın başına onun öz içində yaşanan qovğadan başqa bir iş gəlməyib. Hər halda mətbuata bu səpikdə hər hansı məlumat məlum deyil. Üstəlik, İkram İsrafilin oğluna, ailəsinə niyə təzyiq olsun ki? İkram İsrafil ki hələ də YAP-ın elitası ilə oturub durur?

Bu suallar beyinləri məşğul etməkdəykən üzə çıxdı ki, təhdid olunduğunun davam etdiyi deyilən İsrayıl İsrafil 6 aydır İngiltərədə yaşayır. Məsələ ictimai fəalların diqqətindən qaçmadı. Məsələn, ictimai fəal Bəxtiyar Hacıyev öz "facebook" səhifəsində yazdı: "M.Ə.Rəsulzadə dirilsə və bu gün Müsavat Partiyasının durumunu görsə, yəqin ürək tutmasından yenidən dünyasını dəyişər. Hakimiyyətə və ədalətli idarəetməyə iddialı olan Müsavat Partiyası deyəsən, yeni biznesə girişib. Yanılmaq istəyirəm. Bu gün Müsavat Partiyası bir bəyanat yayıb ki, üzvlərindən bir nəfər NİDA-çıların məhkəməsində iştirak etdiyinə görə Nəsimi polisində döyülüb və onun həyatına təhlükə var.İnternetdə adı birinci dəfə çıxan bu şəxs nə vaxt döyülüb, kim tərəfindən döyülüb? Bəyanatda niyə göstərilmir tarix, saat, yer və hadisə? Döyülmə, pis rəftarla bağlı məhkəməyə (son pillə olaraq Avropa İHM-ə getmək üçün) müraciət edilibmi? Hansısa orqana şikayət edilibmi? Mətbuatda bu barədə niyə yazılmayıb indiyə qədər? Tanıdığım müsavatçılardan, NİDA-çılardan, jurnalistlərdən soruşdum, dedilər birinci dəfədir belə şey eşidirik. Döyülmə və kiminsə həyatına, azadlığına real təhlükə yoxdursa və kiminsə siyasi sığınacaq alması üçün 100 illik partiya bəyanat yayırsa, çox pis. Bunun üçün siyasi məhbusların adlarından istifadə edilirsə, lap pis.Yoxsa, Müsavat partiyası artıq siyasi sığınacaq üçün "həyatına təhlükə var" arayışı verən təşkilatlar kimi bəyanatlar verir? Axı, dünən bir vəkil və bir AXCP üzvü həbs edilib, amma bunlarla bağlı bəyanat yoxdur".

Beləliklə, Müsavat rəhbərliyi sanki cinayət başında yaxalandı. Görünür, vəziyyətdən çıxmaq üçün yeni başqan müavini Gülağa Aslanlı izahat verdi ki, İkram İsrafilin oğluna təzyiq 6 ay əvvəl olub, o vaxt üstünü vurmayıblar, sadəcə, ailəyə təhdidlər davam etdiyindən indi bəyanat verməyə məcbur olublar.

İkram İsrafilin ailəsi 6 aydır Londonda yaşayan və fəaliyyəti Biq-Benin fonunda foto çəkdirib paylaşmaqdan uzağa getməyən oğluna görə niyə və necə təhdid olunur, aydın deyil. Ola bilsin, təhdid mesajını YAP-çı deputat Aydın Mirzəzadə o məşhur toy məclisində İkram İsrafilin qulağına pıçıldayıb.

Zarafat öz yerində, amma bu bəyanat Bəxtiyar Hacıyevin dediyi kimi, bir nəfərin sığınacaq almasını asanlaşdırmaq niyyətilə verilməyibsə, onda yeganə səbəb olaraq yalnız o ağıla gəlir ki, Müsavat rəhbərliyi özünü təzyiqsizlikdən narahat hiss edib və süni təzyiq yaratmaq qərarına gəlib.(Azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar