Qazaxıstan bu video ilə sarsıldı: İŞİD-in “uşaq bağçası”ında “Kalaşnikov”lu uşaqlar

Qazaxıstan İŞİD terror qruplaşmasının sıralarında azyaşlı qazax uşaqlarının yer aldığını əks etdirən videokadrlarla sarsılıb.

Virtualaz.org saytı xəbər verir ki, bu video noyabrın 23-də Britaniyanın “Daily Mail” qəzetinin saytında yerləşdirilib və bütün Qazaxıstanın diqqətini cəlb edib. Ertəsi gün xüsusi xidmət orqanları videorolikin internetin Qazaxıstan seqmentində yayımını bloklayıb.

İŞİD-in sıralarında Qazaxıstan və digər Orta Asiya respublikalarının vətəndaşlarının döyüşdüyü məlum idi. Lakin ilk dəfədir ki, Orta Asiyadan azyaşlı uşaqların İŞİD düşərgəsində yer aldığını, onlara “Kalaşnikov” avtomatları ilə təlim keçildiyini təsdiq edən kadrlar üzə çıxır.

Videorolik  İŞİD təbliğatçıları tərəfindən peşəkar üslubda çəkilib. Videoda yaşları təxminən 8-12 arasında olan bir qrup uşağın əvvəlcə ərəb dilində yazıb-oxumaq dərsi keçdikləri, daha sonra hərbi hazırlığa başladıqları görünür.

Uşaqları təqdim edən İŞİD-çi bildirir ki, onlar “İslam xilafətinin” sakinləridir.

“Allahın köməyi ilə onlar bizim işimizi davam etdirən növbəti nəsil olacaqlar. Onlar İslamı və xilafəti bütün dünyada yayacaqlar” - deyə İŞİD-çi bildirir.

Onun çıxışını azyaşlıların “Kalaşnikov” avtomatını söküb-yığmaq təliminə dair kadrlar müşayiət edir.

Daha sonra videoroliki hazırlayan İŞİD təbliğatçısı azyaşlılardan biri arasında qazax dilində bu dialoq gedir:

-Adın nədir?

-Abdullah.

-Hardan gəldin?

-Qazaxıstandan.

-Maşallah. Harada yaşayırsan?

-İslam xilafətində.

-Maşallah. Liderin kimdir?

-Əbu Bəkr əl-Bağdadi.

-Gələcəkdə kim olacaqsan, inşallah?

-Mən sizin yolunuzu davam etdirəcəyəm, kafirləri boğazlayacam.

Daha sonra İŞİD-in “uşaq bağçası”nın digər “sakini” çıxış edir:

-Ərəb dilini öyrənirik, Quranı öyrənirik, hərbi hazırlıq keçirik. Biz bütün bunları Allahın köməyi ilə edirik. İndi biz düşərgədə təlim keçirik. İnşallah, sizlərin yolunu davam etdirəcəyik. İnşallah, bütün kafirləri öldürəcəyik, inşallah, onların boğazlarını üzəcəyik, başlarını kəsəcəyik.

Ardınca “uşaq bağçası”nın sakinləri xorla “Allahü Əkbər” qışqırırlar.

Kadrlarda İŞİD düşərgəsində əlindəki desant avtomatı ilə oynayan 1,5-2 yaşlı qız uşağı da görünür, onun başı örtülüdür.

Qazaxıstanın xüsusi xidmət orqanları azyaşlı qazax uşaqlarının İŞİD düşərgəsinə necə gedib çıxdıqlarını araşdırır. Ehtimal ki, söhbət İŞİD-ə qoşulan qazaxların özləri ilə birlikdə Suriyaya və İraqa apardığı uşaqlarından gedir.

Videorolik İŞİD-in Orta Asiya respublikaları üçün getdikcə artmaqda olan real təhlükə olduğuna dair fikirləri gücləndirir. İŞİD-in 8-10 yaşlı uşaqlara hərbi hazırlıq keçməsi, onlara baş kəsmə səhnələrini izlətdirməsi və əllərinə bıçaq verib baş kəsdirməsinə dair kadrlar bundan əvvəl də yayılıb. Ancaq həmin kadrlarda suriyalı və iraqlı uşaqlardan bəhs olunurdu.

Antiterror ekspertlərinin qənaətinə görə, İŞİD azyaşlı uşaqları iki səbəbdən öz sıralarına cəlb edir. Birincisi, uşaqlar vasitəsilə onlardan yaşlı olan gənclərə təsir edib İŞİD sıralarına cəlb etmək. İkincisi, İŞİD ideologiyasını dəstəkləyənlərin beyinlərini dolduraraq onları öz uşaqlarını bu qruplaşmaya verməyə inandırmaq, beləliklə də gələcəyin cihadçılarını hazırlamaqdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar