Yüksək vəzifəli məmurların gizli videoları çəkilib

Onların partnyorları qismində bəzi tanınan xanımların da görüntüləndiyi iddia edilir

Azərbaycanda bir sıra yüksək vəzifəli məmurlar, onların ətrafı və iş adamları ilə bağlı yeni qalmaqallı videolar yayıla bilər. Bu barədə musavat.com-un məlumatında bildirilir ki, hazırda bəzi vəzifəli məmurlara bağlı, heyəti olduqca dar dairəni əhatə edən bir qrupun əlində yksək vəzifəli şəxslər, onların yaxın çevrələri, siyasətçilər, deputatlar, iş adamları və digər şəxslərin özəl həyatı, iş görüşmələri, apardıqları danışıqlar, anlaşmalar haqda xeyli video kasetlər var.

Bu görüntülər əsasən ölkədəki məşhur istirahət və əyləncə mərkəzlərində, bahalı restoranlarda, eləcə də bir sıra məmurların özləri üçün düzəltdikləri çox az adamın bildiyi qapalı məkanlarda qeydə alınıb. Ən müxtəlif vəziyyətlərdə və şəraitlərdə görüntülənən şəxslərin sırasının xeyli geniş olduğu və görüntülərdən hər hansı biri ictimailəşərsə, bunun böyük qalmaqallara yol açacağı da verilən məlumatda iddia olunur. Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, bəzi xarici ölkələrdə də çəkilən bu videoların əsas “qəhrəmanları” kişi məmurlar, siyasətçilər, iş adamları olsalar da, onların partnyorları qismində bəzi tanınan xanımların da görüntüləndiyi iddia edilir.

O da qeyd edilir ki, vəzifə səlahiyyətlərinə görə bu cür görüntüləri kameraların yaddaşların köçürmək imkanına malik qrupun təmsilçiləri əvvəlcə bu işləri “dövlət sifarişi” ilə xeyli lokal masştabda aparıblar. Ancaq sonradan onlarda məşhur şəxslər haqda ciddi kompromatlar toplamaq marağı oyandığından və bunun həm də gələcəkdə onların işinə yarayacağını nəzərə alaraq, “özfəaliyyətlə” məşğul olmağa başlayıblar. Bir neçə illik bu fəaliyyət nəticəsində əldə xeyli material toplanıb və həmin görüntülərin, səs yazılarının bir çox tanınmış cəmiyyət simaları üçün həyati əhəmiyyət daşıdığı bildirilir.

Görüntüləri qeydə alınan məmurların bir çoxu əvvəllər bundan şübhələnsələr və hansısa bir qrup tərəfindən fəaliyyət trayektoriyalarının izləndiyini güman etsələr də, məsələnin bu dərəcədə ciddi olacağından və demək olar ki, cəmiyyətdən gizlətməyə çalışdıqları bütün addımlarının qeydə alınmasından xəbərdar olmayıblar.

Ancaq son zamanlar ən müxtəlif istiqamətlərdən kimlərinsə əlində bu cür görüntülərin olmasına dair şifrəli mesajlar alıblar. Həmin mesajlardan bütün həyat və iş gizlinlərinin görüntüləndiyi onlara məlum olduğundan, fakt qarşısında qalıblar. Xüsusən də bu həmin məmurlardır ki, onların əlində görüntüləri olduğu qrupun zəiflədilməsində və məyyən qədər vurulmasında rolları olub. Vurulan tərəf isə onlara ünvanladığı mesajlarla hər an amansız qisas ala biləcəyinə işarə verir.

Bu barədə kifayət qədər məlumatlı olan dairələr bunu həm də iş və iqtidar çevrələrində böyük kompromat savaşının yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər. Onların sözlərinə görə, görüntüləri qeyd edilən bir sıra şəxslərə verilən ilkin mesajlar bir sıra məmurlar arasında ciddi təlaş yaradıb və şok effekti doğurub. Çünki onlar bilirlər ki, belə videolar varsa, onların nə zamansa yayılması ehtimalı da var. Hətta böyük mənada ictimaiyyət üçün tirajlanmasa da, hakimiyyət daxilində müəyyən dairələrə ötürülə bilər və bu da bir sıra şəxslərin birdəfəlik bitirilməsi ilə nəticələnər. Ona görə də, bu məsələdən çox narahat olan məmurlar vəziyyətdən çıxış yolu axtarır və əlində ciddi kompromatlar olan tərəflərlə dil tapmağa çalışırlar.

Ancaq məlumatda bildirilir ki, bu cür qorxu altında yaşayan məmurlara verilən mesajlar kifayət qədər şifrəli olduğundan onlar bu kompromotların konkret olaraq hansı əllərdə olduğunu dəqiqliyi ilə bilmirlər. Həmin məmurların buna dair yalnız gümanları və ehtimalları var. Amma bəziləri isə daşın onlara haradan atıldığını təxminən müəyyən ediblər və bu proseslərin onları yolun sonuna gətirdiyini düşünürlər. Buna görə də şübhələndikləri dairələrə qarşı həm də əks hücum taktikasına keçərək, bəzi media quruluşlarına, hər hansı informasiyanı tirajlamaq imkanına malik olan dairələrə həmin şəxslərlə bağlı bir növ cavab xarakterli kompromatlar ötürürlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar