Nə yerdi bu, nə yer üzüdür

Göy üzü təmiz, nurlu,

Yer üzü niyə bu qədər

çamurlu?

Nəzərmi dəydi yerin,

yaraşıqlı hüsnünə,

Əli qanlı insanmı

xəncər sapladı köksünə?

Bağrından püskürən

vulkanlar nə,

Gül üzünə axıdılan

nahaq qanlar nə?

Nə yerdi bu, nə yer üzüdür,

qaralıb dərddən,

sifətinə çopur-çopur

ləkələr çöküb,

Quzğunlara yemdi sanki,

bağırsağını çölə töküb.

Toz basıb üzünü, siləni yox,

Dərdi nədir, biləni yox.

Kimdi bəşərin qəsdinə duran,

Qiyamət olmamış,

yerin, yerdə həşrini quran?

Nə yerdi bu, nə yer üzüdür,

adamının azı tox,

çoxu ac qalır,

Göydən əli üzülən insan,

göyün qisasını yerdən alır.

Yağmurlar yuyub, arıdır,

günəş aydınladır,

ay, pərvanəsi olub

başına dolanır,

küləklər yanağını sığallayır,

göylər, içinə çəkir dərdini,

getmir üzündən qarası yerin,

tapılmır dərdinin çarası yerin.

Tanrının üzümü döndü

bəndədən,

Nur ələnmişdi, bilmədik,

çıraqları söndü, nədən?

Yoxsa, adəm övladı xilaf çıxdı

ilkin əhdinə,

Yoxsa, şeytan Həvvanı,

yenə salıb nəfsin kəməndinə?

Nə yerdi bu, nə yer üzüdür,

Atəşlər yandıran

cəhənnəmin lap özüdür.

Başından basır,

gözünü oyuq-oyuq oyurlar,

Göyünü topa tutur,

dağını yarır, meşəsini qırır,

soyub qabığını,

özünü, çılpaq qoyurlar.

Nə yerdi bu, nə yer üzüdür,

iti dara çəkir,

pişiyi boyladırlar

yağlı siçan tələsinə,

Öküzü diri-diri yandırır,

şiri qatırlar ölüm qəfəsinə.

Daş yağdırır adam

adamın başına,

Olmaya, Allah bezib yerdən,

buraxıb yeri, başdı başına.

Nurəddin İsmayıl

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar