Arzuların dəfn olunduğu meydan...

Əbil HƏSƏNOV

O, səhəri dirigözlü açdı. Həm arvadının sızıltısı, həm də öz canının ağrıları onu bu gecə də yatmağa qoymamışdı. Yerindən qalxıb əl-üzünü yuyub, paltarını geyinib evdən çıxdı. Hara gedəcəyini bilmirdi.

Arvadını bir neçə həkimə göstərmişdi. Ona - Bu xəstəliyin müalicəsi burada bahadır, İrana apar - demişdilər. Yetimin aldığı maaşsa nəinki yeməklərinə, kommunal xərclərə belə güclə çatırdı. Hələ dərmanlar bir yana qalsın. O, bunları fikirləşə-fikirləşə gəlib böyük bir meydanın qarşısında dayandı. Meydan bomboş idi. Ara- sıra maşınlar şütüyürdü. Neçə illər bundan qabaq bu meydanda ürəyində neçə arzular baş qaldırmışdı. Ancaq heç biri həyata keçməmişdi, elə qəlbində arzu olaraq qalmışdı. O,meydanın bir tərəfinə gəlib, qələmi ilə yeri qazmağa başladı. Asfalt dəmir kimi möhkəm olsa da, rahat qazılırdı. Bu vaxt ağ paltarlı, ağ saçlı, ağ saqqalı bir qoca ona yaxınlaşaraq;

- Nə qazırsan oğul? - deyə soruşdu.

- Gor qazıram, dədə, gor.

- Kimin üçün qazırsan goru, oğul? - dedi.

- Ürəyimdə ölmüş arzularım üçün dədə, deyə bilmədiyim sözlərim üçün dədə, cəsarətim üçün, özüm üçün dədəəə - deyə bağıraraq cavab verdi.

Kişi diksinmiş halda tez çıxıb getdi. O, ürəyindəki bütün ölmüş arzularını həmin yerə dəfn etdi. Bir müddətdən sonra meydan məzarlığa döndü. Başı elə qarışmışdı ki, insanların onu əhatəyə alıb heyrətlə baxdıqlarının fərqinə varmamışdı. Hər tərəfdən meydana adamlar axışırdı. Onlar məzarların üstünə gül dəstələri düzürdülər.

Bayaqkı ağ paltarlı, ağ saçlı, ağ saqqallı kişi də ağlaya-ağlaya üzünü Ağ evə tərəf tutaraq deyinirdi:

Biz Azadlıq istədik ki,

HAMIYA PAY DÜŞSÜN ONDAN!

Təkcə Sizin olmasın.....

Təkcə Sizin oollmassıınn...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar