İlyas İsmayılov deputatlardan Konstitusiya Məhkəməsinə şikayət etdi

Milli Məclisin deputatı olan rektorların guya müvafiq ali məktəblərdən əmək haqqı almaması faktı da onların rektor kimi fəaliyyətinin xarakterinə təsir göstərmir

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Ədalət Partiyasının sədri İlyas ismayılov icra strukturlarında çalışan deputatların mandatdan məhrum edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə müraciət edib. Xatırladırıq ki, bundan əvvəl millət vəkili Mərkəzi Seçki Komissiyasına iki dəfə məktub göndərsə də, cavab almayıb. Aşağıda həmin müraciəti təqdim edirik:

Hörmətli Fərhad müəllim!

Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinə görə, icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilə bilməzlər. Konstitusiyanın bu imperativ tələbi əsas qanunumuzun 7-ci maddəsinin 3 hissəsində təsbit olunan hakimiyyətin bölünməsi prinsipindən doğur. Əgər deputat hər hansı bir dövlət qulluğu da yerinə yetirərsə, onda o, müvafiq dövlət qulluğu ierarxiyasında özündən yuxarıdakına tabe olur ki, bu da deputatın fəaliyyətinə təsir etmək ehtimallarını gücləndirir. Deməli, Konstitusiya tələb edir ki, deputat əsas diqqətini məhz parlament fəaliyyətinə yönəltməli, deputat fəaliyyəti də bütün mandat müddətində onun yeganə fəaliyyət növü olmalıdır. Bu həm də deputatların öz funksiyalarını sərbəst, qərəzsiz həyata keçirmələrinin şərtidir.

Elmi, pedaqoji və yaradıcılıq idarələrində inzibati vəzifələrdə çalışmaq yuxarıda qeyd edilən müddəalara aid deyildir. Bu vəzifələrdə çalışan və Milli Məclisə deputat seçilmiş namizədlər Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 173-cü maddəsinə əsasən, ən geci 60 gün müddətində deputat statusuyla bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin 2-ci hissəsində göstərilən vəzifələrdən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya bu fəaliyyətinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin göstərilən imperativ tələblərinə baxmayaraq, bu gün Milli Məclisdə bəzi deputatlar icra sistemlərində və başqa yerlərdə ödənişli fəaliyyətlə məşğul olurlar (bəziləri hətta, iki və daha artıq vəzifə tuturlar). Bunlar universitet rektorları, açıq səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri və sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan digər şəxslərdir.

Hesab edirəm ki, aşağıdakı əsaslara görə də həmin şəxslərin Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olması Konstitusiyanın 85 və 89-cu maddələrinin tələblərinə daban-dabana ziddir.

Birincisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 saylı qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin 5.3-cü bəndində nəzərdə tutulur ki, “Ali təhsil müəssisəsinin fəaliyyətinə bilavasitə rəhbərlik rektor tərəfindən həyata keçirilir. Dövlət ali təhsil müəssisəsinin rektoru Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur və vəzifəsindən azad edilir... Rektor əvəzçiliklə təyin oluna bilməz”. Başqa sözlə, ali təhsil müəssisəsinə rəhbərlik rektorun əsas fəaliyyət növüdür və o, başqa dövlət və qeyri-dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarda hər hansı digər fəaliyyətlə məşğul ola bilməz.

İkincisi, rektorun əmək funksiyaları onun fəaliyyətini elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyətinə aid etməyə imkan vermir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçasının (Hissə-75) 8-ci bölməsində ali məktəb rektorunun əmək funksiyası belə müəyyən olunmuşdur: “Rektor ali məktəbin fəaliyyətinin nəticələrinə görə tam məsuliyyət daşıyır və mövcud qanunvericiliyə uyğun olaraq ali məktəb adından fəaliyyət göstərir. Bütün orqanlarda, yuxarı təşkilatlarda, idarələrdə, müəssisələrdə və s. onu təmsil edir, müqavilələr bağlayır, etibarnamələr verir, bankda hesab açır. Öz səlahiyyəti daxilində bütün işçilər, aspirantlar, doktorantlar, dinləyicilər, tələbələr üçün məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir. O, prorektorların konkret vəzifələrini və məsuliyyətlərini müəyyən etmək, öz səlahiyyətlərinin bəzilərinin icrasını onlara vermək hüququna malikdir. Rektor əmək qanunvericiliyinə uyğun olaraq ali məktəbin fəhlə və qulluqçularını (təsisçinin nomenklaturasında olanlardan başqa) işə götürür və işdən azad edir, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirir”.

Göründüyü kimi, rektorun əmək funksiyaları elmi, pedaqoji və yaradıcı deyil, inzibati idarəetmə və təşkilati sərəncamverici xarakterlidir. Belə funksiyaları yerinə yetirən şəxslər isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissələrinə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən vəzifəli şəxs hesab olunurlar.

Ali məktəb rektorlarının müvafiq kafedralarda 240 saata qədər dərs aparmaq hüquqlarının olması onların rektor kimi fəaliyyətinin inzibati idarəetmə və təşkilati sərəncamverici xarakterini dəyişmir.

Üçüncüsü, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının izahı barədə” Azərbaycan Respublikasının Milli Məclisinin 14 sentyabr 1995-ci il tarixli 1107 saylı qərarı ilə müəyyən edilmişdir ki, Milli Məclisin deputatlığına namizədliyinin irəli sürülməsi ilə əlaqədar olaraq “vəzifədən azad olunması tələb olunan vətəndaşların dairəsi müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, elm, təhsil və digər yaradıcılıq sahələrində dövlət və qeyri-dövlət hüquqi şəxslərinin (yaradıcı ictimai birliklərdən başqa) rəhbərləri, onların müavinləri, ali məktəblərin dekanları, onların müavinləri istisna olmaqla, elmi, pedaqoji və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olanlar və siyasi partiyaların orqanlarında işləyənlər deputatlığa namizəd göstərildikdə onlardan vəzifədən azad olunmaq istədiklərini bildirmək tələb oluna bilməz”. Bu gün də qüvvədə olan həmin qərar rektorun fəaliyyətini elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə aid etmir.

Dördüncüsü, Milli Məclisin deputatı olan rektorların guya müvafiq ali məktəblərdən əmək haqqı almaması faktı da onların rektor kimi fəaliyyətinin xarakterinə təsir göstərmir. Beləliklə, ali məktəb rektorlarının əmək funksiyaları və fəaliyyəti elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə deyil, inzibati idarəetmə və təşkilati sərəncamverici xarakterə malik olduğu üçün onların Milli Məclisin deputatı olaraq eyni zamanda rektorluq fəaliyyətini həyata keçirmələri Konstitusiyanın 85 və 89-cu maddələrinin tələblərinə tamamilə zidd hesab edilməlidir.

Milli Məclisin deputatı olan açıq səhmdar cəmiyyətinin, dövlət şirkətinin, digər dövlət və qeyri-dövlət təşkilatlarının rəhbərlərinin fəaliyyətinin xarakterinə və əmək funksiyalarına münasibətdə də eyni fikirləri söyləmək olar. Həm də nəzərə almaq lazımdır ki, açıq səhmdar cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq kommersiya təşkilatı hesab olunur. Kommersiya təşkilatı rəhbərinin fəaliyyətinin kommersiya və ya sahibkarlıq fəaliyyətti olması isə heç bir şübhə doğurmur.

Beləliklə, bu dözülməz qanun pozuntuları aradan qaldırılmalı, həmin şəxslər ya deputat mandatından məhrum edilməli, ya da tutduqları vəzifələrdən qeyri-şərtsiz azad olunmalıdırlar. Bu kobud qanun pozğunluğuna rəvac verən və ona göz yumanlar isə şübhəsiz, cəzalandırılmalıdırlar.

Bu barədə 30.04.2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına müraciət etdim. Xeyli müddətdən sonra Prezident Aparatının şöbə müdiri Şahin Əliyev eyni məzmunlu məktubla MSK-nın sədri M.Pənahova müraciət etməyimi tövsiyyə etdi.

27.06.2013-cü il və 18.10.2013-cü il tarixlərində iki dəfə M.Pənahova məktub göndərdim. (müraciətlərin surətləri əlavə olunur) O isə qanuna hörmətsizliyini çox təəssüf ki, davam etdirməkdədir. Halbuki Azərbaycan Respublikası Seçki Məcəlləsinin 173-cü maddəsinə əsasən “seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə tam xitam verdikdə MSK onu deputat kimi qeydə almalı və ona deputat vəsiqəsi verməli idi”. Habelə Seçki Məcəlləsinin 173.2-ci maddəsinə görə, namizəd bu Məcəllənin yuxarıda qeyd olunan 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət etməli və təkrar seçkilər keçirməli idi.

Göründüyü kimi MSK cənab M.Pənahovun rəhbərliyi ilə Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Seçki Məcəlləsinin göstərilən maddələrinin birmənalı tələblərini mənə məlum olmayan, hər bir halda dövlət maraqlarına zidd olan, niyyətlə kobud surətdə pozmuşdur.

Odur ki, bütün bunları diqqətinizə çatdırmaqla Sizdən xahiş edirəm: Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin göstərilən maddələrinə zidd olaraq MSK tərəfindən ayrı-ayrı məmurların deputat kimi qeydə alınması və onları deputat vəsiqəsi verilməsinə dair qərarlarını qüvvədən düşmüş hesab edəsiniz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar