“Düşünürəm ki, prezidentimiz bizə kömək göstərəcək” - “Metroservis”in rəhbəri

“Bütün mühasibat işlərini ilin sonunadək bitirib ofisdən çıxacağıq”. Fəaliyyətinə xitam verilmiş “Metroservis” MMC-nin rəhbəri Bəkir Cəfərov noyabrın 18-də “Media forum” saytına belə deyib.

“Metroservis” Bakı metrosunun keçidlərində mətbuat yayımı ilə məşğul olub. Noyabrın 14-də qurumun fəaliyyətinə xitam verilib.

Bəkir Cəfərov “Media forum”a açıqlamasında vurğulayıb ki, onlar həmişə dövlətə xidmət ediblər: “Biz dövlətimizə xidmət eləmişik, bundan sonra da dövlətə xidmətimizi davam etdirəcəyik. Bizim köşklər də, iş yerimiz də, firmamızın adından göründüyü kimi, metro stansiyalarında idi. Demək olar ki, başqa yerdə fəaliyyətimiz olmayıb. Ola bilər ki, fəaliyyətimizin bir faizi başqa yerləri əhatə edib.

Noyabrın 15-dən bütün işçilər maaşlarını alaraq işdən azad olunublar. Bizə Bakı Metropolitenindən məktub daxil olub. Məktubda bizimlə müqavilənin ləğv edildiyi bildirilib. İşdən azad olunan işçilərimiz tezliklə özlərinə başqa yerdə iş tapıb işləyəcəklər. Mən prezidentimə inanıram. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Redaksiyalarla və Rusiyadan bizə qəzet-jurnal göndərənlərlə haqq-hesabı yekunlaşdırıb, borcumuzu ödəyib, ilin sonunda ofisdən çıxacağıq. Bizim qəzet-jurnal satdığımız köşklər metroya məxsus olub. Sadəcə, müqavilə ilə aylıq pulumuzu ödəyirdik. Metro rəhbərliyi də mətbuata həmişə qayğı göstərib. Biz əvvəldən qəzetçiliklə məşğul olmuşuq. Mən hələ “Metroservis” MMC fəaliyyətə başlamazdan əvvəl “Qasid” mətbuat yayımı firmasında və digər yayım firmalarında işləmişəm. Mənim işim qəzetçilikdir. Başqa iş bacarmıram. Düşünürəm ki, prezidentimiz bu məsələdən xəbər tutacaq, bizə kömək göstərəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar