"MƏN BU MÜBARİZƏDƏ SONADƏK VARAM..." - Əli İnsanov meydan oxudu 

"Əfv ərizəsi yazmayacam..."

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev yenidən Avropa Şurasının Nazirlər Komitəsinə, quruma üzv olan ölkələrin xarici işlər nazirlərinə, Avropa Şurasının insan haqları komissarına və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarların icrası departamentinə şikayət edib. Babayev “Media forum” saytına açıqlamasında deyib ki, Azərbaycan hökuməti Avropa Məhkəməsinin İnsanovla bağlı qərarını icra etməyib: “Ali Məhkəmənin Plenumunun qərarından Avropa strukturlarına şikayət etmişik”.

İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti İnsanova 10 min avro kompensasiya da ödəməlidir.

Noyabrın 15-də Ali Məhkəmənin Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin İnsanovla bağlı qərarına baxıb. İnsanov barəsində Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib. Birinci məhkəmə instansiyasının qərarı dəyişdirilməyib və İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apellyasiya məhkəməsinə göndərilib.

Vəkil Babayev noyabrın 18-də həbsxanada sabiq nazirlə görüşüb. İnsanovun Ali Məhkəmə Plenumunun qərarına münasibəti belə olub: “Mən rahat və nikbinəm. Azərbaycan hakimiyyəti mənimlə açıq mübarizə aparır. Mən də bu mübarizədə sonadək varam. Mövqeyimi Həzrət Əlinin bir fikri ilə çatdırmaq istəyirəm: “Qaçanı qovmayacam, üstümə gələnin qabağından qaçmayacam”. Qoy ədalət bərqərar olunsun”.

Babayev deyib ki, İnsanovun səhhəti normalıdır, özünü yaxşı hiss edir: “O yalnız qanun əsasında və ədalətin bərpa olunması ilə azadlığa çıxmağı düşünür. Başqa təklifləri müzakirə etməyib və etmək niyyətində də deyil. Kiməsə ərizə yazmayacaq, müraciət etməyəcək. Sabiq nazir Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə azadlığa çıxacağını gözləyirdi. Amma bu baş vermədi. İndi apellyasiya məhkəməsinə hazırlaşırıq”.

Vəkilin sözlərinə görə, İnsanovun işinə Bakı Apellyasiya Məhkəməsində nə zaman baxılacağı məlum deyil: “Ali Məhkəmə Plenumunun qərarı hazırlanmalı, Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya məhkəməsi də hakim təyin etməlidir. Hər şey Ali Məhkəmənin qərarı hazırlayıb apellyasiya məhkəməsinə göndərməsindən, Bakı Apellyasiya Məhkəməsinin işə necə yanaşmasından asılıdır. Biz Ali Məhkəməyə məktubla müraciət edəcəyik ki, işi tez bir zamanda göndərsinlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar