Müsavat Gənclər Təşkilatında narazılıq

Rüfət Hacıbəyli: “Seçkini partiyanın İcra Aparatı deyil, Gənclər Təşkilatı keçirməli idi”

Noyabrın 17-də Müsavat Partiyası gənclər təşkilatında yeni sədr seçkiləri keçirildi. Sədrliyə namizədlər Əhliman Abbas, Rüfət Hacıbəyli və Nurlan Əliyev olub. Nurlan Əliyev sonradan namizədliyini Rüfət Hacıbəylinin xeyirinə geri götürüb. Daha sonra qapalı səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə Əhliman Abbas Müsavat Gənclər Komitəsinin sədri seçilib.

Ancaq, nəticələr açıqlanandan sonra müxtəlif narazılıqlar meydana çıxıb və tərəflər arasında mübahisə yaranıb. Belə ki, sədrliyə namizəd Rüfət Hacıbəyli APA-ya açıqlamasında bildirib ki, seçki prosesində onun tərəfdarlarına qarşı müəyyən təzyiqlər olub: “Seçki zamanı səsvermə və səs sayılması prosesində heç bir saxtakarlıq baş verməyib. Lakin seçkini partiyanın İcra Aparatı deyil, Gənclər Təşkilatı keçirməli idi. Seçki dövründə və bundan əvvəl də bizim tərəfdarlara müəyyən təzyiqlər oldu. Partiya daxilində nüfuzumuzun artmasından qorxan bəzi qüvvələr bizə qarşı çıxdılar. Ad çəkmək istəmirəm. Müəyyən araşdırmadan sonra bunları təfsilatı ilə açıqlayacağam. Əhliman Abbas 1 ay olar İngiltərədən gəlib. Onun sədr seçilməsi qeyri-ciddi görünür. Mənim Əhlimanla heç bir problemim yoxdur. Lakin ciddi faktlar ortaya çıxacaqsa, biz nizamnaməyə uyğun hərəkət edəcəyik”.

Müsavatçı gənclərin yeni lideri Əhliman Abbas isə eyni sayta açıqlamasında Rüfət Hacıbəylini yalan danışmaqda ittiham edib: “Rüfət Hacıbəylinin bu iddianı irəli sürməsi mənim üçün təəccübləndirici oldu. Çünki dünən seçkidən sonra məni təbrik etmişdi. Yəqin, daha sonra bunları demək məqsədəuyğun sayılıb. Mənim 3 ildir fəaliyyətsiz olmağım ağ yalandır. Bunu partiyada çox adam və şəkilli sübutlar təsdiqləyə bilər. Mən 2011-ci ildə partiya adından aksiyalarda, beynəlxalq görüş və tədbirlərdə iştirak etmişəm. Bunları Rüfət də bilir, digərləri də. Bu qədər yalan danışmağa ehtiyac yoxdur. İkincisi, seçki prosesi lentə alınıb, hər hansı narahatlıq varsa, sübutlu şəkildə Divana müraciət etmək lazımdır”.

Seçkilərdə müşahidəçi qismində iştirak etmiş MGT üzvü Nərgiz Yaqublu qəzetimizə açıqlamasında bildirdi ki, seçkilər şəffaf keçirilib və bütün proses lentə alınıb: “ Seçkidə 167 nəfər təşkilat üzvü iştirak edib. Səsvermənin nəticələrinə görə Əhliman Abbas 99, Rüfət Hacıbəyli 67 səs qazanıb,1 bülleten isə etibarsız sayılıb. Mənim üçün hər 2 namizəd eynidir və hər ikisinə böyük hörmətim var. Bu seçkidə heç bir təzyiq olmayıb və bütün proses lentə alınıb. Hətta seçkidən sonra Rüfət Əhlimanı təbrik etdi. Müşahidəçi kimi deyə bilərəm ki, seçki şəffaf keçirilib”.

Müsavatçı gənclərin yeni sədr seçkisi üçün keçirdikləri konfransda 366 nəfər işitrakçı qeydiyyatdan keçib, Lakin maraqlıdır ki, onlardan cəmi 160-ı səsvermədə iştirak edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar