NİCAT QULİYEVDƏN İBRAHİMBƏYOVUN ƏLEYHİNƏ İFADƏ ALINMAĞA ÇALIŞILIR - ŞOK

Milli Şura təkcə bir struktur kimi deyil, siyasi partiyaları, vətəndaş cəmiyyətini və ayrı-ayrı vətəndaşları birləşdirən bir format kimi qorunub saxlanılmalıdır. Məhz bu format Azərbaycan ictimaiyyətinin demokratik gələcək uğrunda birləşmiş səylərini qoruyub saxlamağa kömək edər. Bu barədə Turan-a müsahibəsində Milli Şuranın rəhbəri, kinodramaturq Rüstəm İbrahimbəyov bildirib.

Milli Şuraya həmsədrlik ideyası haqqında suala cavab verərkən o qeyd edib ki, bu yaxınlarda məktubla Milli Şuraya müraciət edib və həmsədr postu tətbiq etməyi təklif edib.

“Cəmil Həsənlinin prezident seçkilərində müxalifətin keçmiş namizədi adlandırmaqdan imtina etməyin vaxtı gəldiyini düşünürəm. O sübut edib ki, Milli Şura adlı ictimai birliyə rəhbərlik etmək iqtidarında olan yetişkin və müstəqil siyasətçidir. Məlum səbəblərdən mən uzaqdayam, buna görə Cəmil Həsənlinin şəxsində həmsədr postu tətbiq etməyi təklif etdim”, deyə İbrahimbəyov bildirib.

Bu zaman o dəqiqləşdirib ki, Milli Şuranın ikinci həmsədri olaraq o, özü qalacaq.

Təklifinin necə qəbul edildiyi haqqında suala cavabda dramaturq deyib ki, prinsipcə, reaksiya müsbət olub, lakin bəzi siyasətçilər bu təklifi pis qarşılayaraq, hər şeyi olduğu kimi saxlamaq lazım olduğunu – Milli Şuranın bir sədri qalmalı olduğunu deyiblər.

“Hesab edirəm ki, Milli Şuranın rəhbərliyi siyasi partiya ilə bağlı olmamalıdır, qurum özü isə hər-hansı partiyanın nəzarəti altında və ya onun davamı olmamaldır”, deyə İbrahimbəyov qeyd edib.

Nə vaxt qayıdacağı ilə bağlı suala cavabda kinodramaturq bildirib ki, bu, sabiq xarici iqtisadiyyat naziri Nicat Quliyevə qarşı cinayət işindən asılı olacaq.

“Bu prosesin yekunlaşmasını gözləyirəm, belə ki, hakimiyyət məni Quliyevə qarşı irəli sürülmüş cəfəng ittihamlarla əlaqələndirmək istəyir. Konkret olaraq söhbət guya Milli Şura tərəfindən çevriliş hazırlanmasından gedir. Hakimiyyətin versiyasına görə, Nicat Quliyev bu planları maliyyələşdirib. Onun mənzilinə və bağına silah və narkotik atıblar, cinayətkar kimi xüsusi təyinatlıların iştirakı ilə saxlayıblar”, deyə İbrahimbəyov bildirib.

Dramaturq qeyd edib ki, Quliyevə qarşı repressiyaların səbəbi onun İbrahimbəyov prezident vəzifəsinə namizədliyini irəli sürərkən dəfələrlə ona zəng etməsi və ikili vətəndaşlıq məsələsi ilə bağlı məsləhətlər verməsi olub.

“Məhz bundan sonra o həbs edilib, məndə hakimiyyətin mənim ölkədən çıxış hüququmu məhdudlaşdırmaq üçün bu işdən istifadə edəcəyi haqqında məlumat var. Belə ki, istintaqda ondan mənim əleyhimə ifadələr almaq istəyirlər.”, deyə İbrahimbəyov bildirib.

“Xaricdə ikən mən daha çox fayda verə və normal fəaliyyət göstərə bilərəm. Ölkədə baş verən hər şeyə görə utanıram, ölkəni məhvə doğru aparan hakimiyyətə görə utanıram.

Ümid edirəm ki, onlar bunu başa düşəcəklər, zəruri islahatları aparacaqlar, çox ümid edirəm ki, onlar bunu gec olmadan başa düşəcəklər”, deyə Rüstəm İbrahimbəyov bildirib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar