YENİ QADAĞA, YENİ MƏHRUMİYYƏTLƏR... – AYNA qatarlardan istifadə edən vətəndaşları niyə nəzərə almayıb?

Martın 11-dən etibarən “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ərazidə yerləşən ödənişli parkinq isə ləğv edilib. Sonrakı günlərdə qadağadan xəbəri olmadığına görə əraziyə daxil olan sürücülər yol polisi tərəfindən 80 manat və 3 bal cərimə ilə cəzalandırılıb.

Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, qərar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən birgə həyata keçirilir.

"Məqsəd sürücüləri cərimələmək yox, ərazini piyadaların hərəkəti üçün daha əlverişli zonaya çevirmək və təhlükəsizlik mühitini formalaşdırmaqdır", - məlumatda qeyd olunur.

Maraqlıdır, bu qərar verilərkən piyadalarla bərabər həmin ərazidəki infrastrukturdan istifadə edən, ticarət, iaşə obyektlərində çalışan vətəndaşların rahatlığı niyə nəzərə alınmayıb?

Qeyd edək ki, “28 May” metrostansiyasının qarşısı paytaxın əsas nəqliyyat qovşaqlarından biri hesab olunur. Gün ərzində bu nöqtədən yüzlərlə ictimai nəqliyyat, avtobus müxtəlif istiqamətlərə hərəkətə edir. Əraziyə həm “Azadlıq” prospekti, həm də Səməd Vurğun bağı istiqamətdən daxil olmaq mümkündür. Meydanın keçmiş Dəmiryol Xəstəxanasının qarşı tərəfi ödənişli parkinq kimi istifadə edilir. Ətrafda yüzlərlə xırda ticarət və iaşə obyektləri var. Bakı Dəmir Yol Vağzalı, Asan Kommunal Mərkəzi, “28 Mall” Ticarət və Əyləncə mərkəzi, ADNSU, “28 May” Metrostansiyası gün ərzində on minlərlə vətəndaşın baş çəkdiyi ünvanlardır.

Təbbi ki, məhdudiyyət qərarı insanların bir qismi üçün rahatlıq yaradacaq, amma qadağalardan xeyli sayda vətəndaş əziyyət çəkəcək. Məsələn, Dəmir Yol Vağzalı həm ölkənin müxtəlif bölgələrinə, həm Bakı ətrafı yaşayış maasivlərinə, həm də Bakı-Sumqayıt qatarları ilə gedib-gələn sərnişinlərə xidmət edir. Nəzərə alaq ki, bölgələrə üz tutanlar və geri qayıdanların əksəriyyəti yüklərini taksi və ya fərdi avtomobillə “28 May” meydanına, oradan yük arabaları vasitəsi ilə dəmir yol platformasına daşıyırlar. Qadağalardan sonra necə olacaq? Vətəndaş qatara minən və ya qatardan düşüb şəhərə gələrkən uzun məsafəni ağır yüklə qət etməyə məcburdur. Qadağa müəllifləri bu barədə niyə düşünməyib?

Daha bir problemlə ərazidəki iaşə obyektlərində çalışan vətəndaşlar üzləşib. Məlumdur ki, yaxınlıqda ödənişli parkinqlər yoxdur, yalnız “28 Mall”ın məhdud yerli parkinqi var ki, orada isə gün ərzində avtomobil saxlamaq 10 manata başa gəlir. Yaxınlıqdakı küçələr dar olduğuna görə maşın saxlamağa icazə verilmir, nisbətən geniş yerləi isə AYNA işarələyib, onların xidmətindən isə yüksək gəlirli vətəndaşlar istifadə edə bilər. Çünki iş saatlarını çalışan şəxs gün ərzində ödənişli parkinqə azı 8-10 manat xərcləməlidir.

Xatırladaq ki, ərazidə yerləşən Dəmir Yol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Nazirlik onu əlillərin sağlamlığı və reablitasiyası mərkəzinə çevirmək niyyətindədir, hazırda təhvil-təslim işləri gedir. Sözügedən binanın qarşına avtomobillə dayanmağa icazə verilmir, belə çıxır, gələcəkdə əlil vətəndaşlarımız üçün indiki qadağaların götürülməsi lazım gələcək.

E.Rüstəmli

“AzPolitika.info”

635x100

Şərhlər

RR 2024-03-17 09:15:35

Savadsizlar elinden , millet eziyyet cekir.! Klassika !!!

Milli balta 2024-03-16 15:12:09

Çox doğru qərardır. Maşın lüks deməkdir, lüks yaşamaq istəyən gərək rüsumunu ödəsin.

JJ 2024-03-16 06:45:15

"Watchman" ve "Qara Molla" adi ile comment yazan........

Watchman 2024-03-15 11:54:37

Qərar düzgün qərardır, lakin sona qədər qoruyub saxlaya bilsələr. Eyni qayda 20 yanvar metrosu, 3 mkr dairəsi ətrafındakı ərazilərdə də tətbiq edilməlidir. Kim harda istəyir saxlayır, avtobuslara, sərnişinlərə mane olur. Müəllifin bu yazısındakı dəlillərlə razı deyiləm, əlacları olsa 10 metr yolu piyada getməmək üçün maşınları birbaşa qatarların kupesinə, xəstəxananın palatasına sürərlər.

Qoca Molla 2024-03-15 09:23:51

Qərəzli yazıdır. Çünki 28 mayın ətrafında ən azı 2 nəhəng parking sistemi var. Birincisi Qış Parkının altındakı və ikinicisi də Azadlı meydanının altındakı nəhəng parkinglər. Sadəcə insanlar maşınlarını düz iş yerlərinin qarşısında saxlamaq isteyirlər. Ya da həmin parkinqlərdəki qiymətlər sərfəli deyil.

MRP 2024-03-15 08:51:44

AYNA-nın yarıtmaz fəaliyyəti nəticəsində piyada səkiləri avtodayanacağa çevrilib.Pul ödəmək istəməyən sürücülər maşınlarını piyadalar üçün nəzərdə tutulan səkilərdə saxlayırlar.

Son yazılar