AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİ İYUNDA KEÇİRİLƏCƏK! - Səbəbi məlum oldu (Özəl)

Bu dəfə Milli Məclis özünü buraxmayacaq, ancaq...

Məlum olduğu kimi, Azərbaycanda sonuncu parlament seçkiləri 9 fevral 2020-ci il tarixində növbədənkənar qaydada keçirilib. Növbəti parlament seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlı isə indiyə qədər mətbuatda müxtəlif versiyalar səsləndirilib.

Xatırladaq ki, Azərbaycan Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndinə görə, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Bu, o deməkdir ki, seçki 2024-cü ilin noyabr ayında keçirilməli idi. Lakin seçkinin daha tez keçiriləcəyi gözlənilir.

“AzPolitika”-ya mötəbər mənbələrdən daxil olan məlumata görə, ölkəmizdə növbəti parlament seçkisi 2024-cü ilin noyabr deyil, iyun ayında keçiriləcək. Bunun səbəbi ölkəmizi cari ildə gözləyən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin sıx qrafikidir.

Həmçinin Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir ki, buna da hazırlıq işləri aparılmalıdır və ardıcıl olaraq qısa zaman kəsiyində iki seçki keçirmək, eyni zamanda da böyük beynəlxalq tədbir təşkil etmək həm paytaxtı, həm də bu işlə məşğul olacaq strukturları hədsiz dərəcədə yükləmiş olardı.

Böyük beynəlxalq tədbir deyərkən, əlbəttə ki, noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – “COP29” nəzərdə tutulur. Bu tədbir öz əhəmiyyəti və kütləviliyi ilə xüsusi seçilir. “COP29”-a dünyanın 5 qitəsindən 80 mindən artıq qonağın gələcəyi gözlənilir. Gələn qonaqlar arasında çoxlu sayda hökumət və dövlət başçıları olacaq.

Yəni bu beynəlxalq tədbirin əhəmiyyətini kiçiltmək mümkün deyil və onun təhlükəsizliyi də daxil olmaqla, təşkilatçılıq işləri kifayət qədər böyük vaxt, əmək və resurslar tələb edəcək. Onu da qeyd edək ki, ölkəmizdə keçiriləcək kütləvi beynəlxalq tədbirlər “COP29”-la məhdudlaşmır.

Sentyabr ayında “Formula-1” yarışı keçiriləcək ki, bu tədbir də ciddi hazırlıq, təşkilat işləri tələb edir.

Bütün yuxarıda qeyd edilənlər nəzərə alınaraq, parlament seçkisinin noyabrda keçirilməsi məqbul sayılmır. Ona görə də seçkinin daha əvvələ - iyun ayına təyin edilməsi qərara alınıb.

Mənbələrimiz qeyd edir ki, bu dəfə ölkə parlamenti 2020-ci ilin fevralından fərqli olaraq, özünü buraxmayacaq. Bu praktikanı təkrar etməmək qərara alınıb. Ona görə də Milli Məclisin ölkə başçısının müvafiq qərarı ilə buraxılacağı gözlənilir.

Konstitusiyanın 98-ci maddəsində Prezidentin parlamenti buraxmaq səlahiyyətinə malik olduğu təsbit edilib. Həmin maddəyə görə, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədlərini Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə Prezident parlamenti buraxır.

Bundan başqa, Konstitusiyanın 94-cü (Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) və 95-ci (Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər­) maddələrində, 96-cı (Qanunvericilik təşəbbüsü hüququ) maddəsinin II, III, IV və V hissələrində, 97-ci (Qanunların imzalanmaq üçün təqdim olunması müddəti) maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Prezident Milli Məclisi buraxır. 

Daha dəqiq desək, Konstitusiyaya görə, Milli Məclisə təqdim edilən layihələrə 20 gün ərzində baxılmazsa və 14 gün müddətinə təsdiq olunmazsa, Prezident parlamenti buraxa bilər. Göründüyü kimi, bütün bunlar texniki məsələlərdir və böyük ehtimalla ölkə başçısının parlamentin buraxılması barədə qərarından öncə həmin şərtlər təmin olunacaq.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Moshu 2024-03-19 21:34:17

Hər dəfə Azpolitikaya şərhi gec vermələrinə görə iradım olur. Bu da o iradlardan biridir. Sən demə bunların da "ağıllı" parlamentariləri var imiş. Biz Avropa Şurasından, Avropa İttifaqından inciyirik, küsürük və günahı ermənilərin qoçaqlığında, çevikliyində görürük. İnanın səmimiyyətimə, bunların hamısının səbəbi bizim özümüzdədir. Bir ara bir Elxan Suleymanov adlı korrupsioneri gətirib deputat kreslosunda əyləşdirdilər. O, da Avropada adımızı korrupsioner kimi tanıtdı. Xanhüseyn Kazımlı adlı deputatımız Milli Məclisin Komitə iclasında elə bir nitqə imza atdı ki, elə təsəvvür yarandı ki, elə bil bu hadisələr Milli Məclisin binasında deyil, hansısa psixiatriya mərkəzində baş verir. Fəzail Ağamalının Hüseyn Abdullayevə "döyüşü" MMA döyüşlərini xatırlatdı. Hüseynbala Mirələmov əsl simasını nəvəsi yaşında birisinin üstündən "toza" təmizləməyi isə heç bir məntiqə sığmır. Astaradan olan keçmiş deputat Neft kontraktı ilə bağlı məsələ müzakirə edilərkən çıxışında qeyd edir ki, bu neft kontraktları Azərbaycana xeyli xiyar gətirəcək. Parlamentarilər bu çıxşı gülüşlə qarşıladıqda, sabiq deputat yazdığı çıxışdan düzəliş edib qeyd edir ki, bu neft kontraktları Azərbaycana xeyli xeyir gətirəcək. Bayrağının altında outran Naqif Həmzəyev Məmmədəmin Rəsulzadənin ünvanına hədyanlar yağdırır. Hadı Rəcəbli cənabları isə müəllimlərə boş vaxtlarında fəhləliklə məğul olmağı tövsiyə edir, başqa deputatımız isə qeyd edir ki, su vedrə ilə ölçülür. “Qynana” bədii filmində yanğınsöndürənlə çağırışa gələndə mənzərəni görüb, deyir ki, bura dəlixanadır ki,” Bəli, əsl komediya. Heç kinoya baxmağa ehtiyac da yoxdur. Savadlı resissor olsa kino baqajımızı zənginləşdirmək olardı. Heç kimə sirr deyil ki, deputatlar bu kreslolara necə əyləşdirilirlər, nazirlər, komitə sədrləri, idarə rəhbərləri hansı meyarlarla vəzifələrə təyin edilirlər? Gəlin etiraf edək ki, istisnalar olmaqla kadr siyasətimiz “0” dərəcəsindədir. Olanımızı etraf edib nəticə çıxarsaq nəyəsə nail ola bilərik. O ki, qaldı Milli Məclisə seçkilərə, əgər bu dəfə də seçkilər əvvəlki, köhnə qaydada keçiriləcəksə, müsbət heç nə gözləyəsi deyilik. Onda vay bizim halımıza. Dilimizdə bir deyim də var utanmasan, oynamağa nə var? Əgər kiməsə təkli edilirsə deputatlığa namizədliyini versin, əgər sən bu yükü daşıya bilməyəcəksənsə, bu yükün altına gərək girməyəsən. Səhərisi gün bu hərəkətlərdən övladlarımız əziyyət çəkəcəklər. Millət yazıqdır.

CƏMŞİD BƏYƏ 2024-03-19 08:43:39

ZZƏRBAYCAN KONSTİTUSİYASI HEÇ OLMASA 1950-Cİ İLİN HALINA GƏTİRİLMƏLİDİR.YOXSA SONRADAN HAKİMİYYƏTƏ GƏLƏNLƏR ONU .... SƏVİYYƏSİZ VƏ MÜCƏRRƏD HALA SALIBLAR....

Şəkidən 2024-03-18 22:14:46

Parlament vaxtında buraxılsa çox yaxşı olar,çünki deputatlar özləri üçün çalışırlar................?

Cəmşid Dərələyəzli 2024-03-18 18:56:28

Gözləyirik ki, Ölkə Başçısı mövcud idarəetmə sisteminin dəyişilməsi ilə bağlı konstitusiyada dəyişiklik edilməsi və bununla bağlı öncə referendumun keçirilməsini önə çəkilməsi ilə bağlı qərar verərdi. Sonra Parlament seçgilərinə yeni qaydalarla ve yeni say artımı ilə gedilərdi. Artıq bu dəyişiliklər labüddür və Ölkənin gələcək inkişafında yeni mərhələnin başlaması fundamental islahatlardan keçir. Ümid edirik ki, cənab Prezident bu məsələdə də qətiyyətini ortaya qoyacaqdır.

Vətəndaş 2024-03-18 16:02:06

Heç olmasa bu seçkilərdə saxtakar Məzahiin komandasını təzələyin.Bəlkə seçkilərə inanan tapılar..

Son yazılar