PUTİNİN QƏLƏBƏSİNDƏN ÇIXARILA BİLƏCƏK 5 ƏSAS NƏTİCƏ - Rusiyanı nə gözləyir?

Vladimir Putinin seçkidəki qələbəsinin miqyasından Ukraynadakı təcavüzün davam etdirilməsinə haqq qazandırmaq üçün istifadə edəcəyi gözlənilir.

“AzPolitika” xəbər verir ki, “The New York Times” nəşrinin Rusiyadakı seçkilərlə bağlı məqaləsində belə deyilir.

Yazıda qeyd olunur ki, Rusiyadakı seçkidə Putin 87%-dən çox səslə qalib gəlib: “71 yaşlı Putin indi ən azı 2030-cu ilə qədər prezident olacaq və konstitusiyası prezidentliyi guya iki müddətlə məhdudlaşdıran ölkəyə beşinci müddətə rəhbərlik edəcək”.

“The New York Times” yazır ki, seçkilər müharibə üçün ictimai mandat yaratmaq və sabitliyin təcəssümü kimi Putinin imicini bərpa etmək məqsədi daşıyırdı. 

Nəşr Putinin qələbəsindən çıxarıla biləcək 5 əsas nəticəni təqdim edib.

“1. Qələbə proqnozlaşdırılsa da, Putinin “performansı” gözləntiləri üstələdi. Mütəxəssislər Kremlin bu dəfə 80 faiz civarında nəticə əldə edəcəyini gözləyirdilər, lakin Putin səslərin daha yüksək faizini - 90 faizə yaxın səs topladı”.

Nəşr qeyd edir ki, Rusiyada prezident seçkiləri uzun müddətdir bütün sistem üçün legitimlik vasitəsi kimi çıxış edib. Lakin Putinin həddindən artıq böyük, şişirdilmiş üstünlüyünü əks etdirən “nəticələr” bunu pozmaq riski daşıyır. Çünki bu, rusiyalılarda getdikcə avtoritarlaşan Kremldə belə bir illüziyaya, bu dərəcədə saxtakarlığa nə üçün ehtiyac yarandığına dair suallar yarada bilər.

“2. Kreml istədiyi milli birlik obrazına tam nail ola bilməyib. Putin həmişə siyasi sabitlik və nəzarət imici yaratmağa çalışır. Amma bu dəfə müxalifətlə bağlı siyasətdə Putinin imicini korlayan üç hadisə oldu.

Birincisi, yanvar ayında, ölkənin hər yerində yüz minlərlə rusiyalı müharibənin əleyhinə olan Boris Nadejdinin namizədliyinə imza atmaq üçün növbəyə düzüldü. İkincisi, Putinin ən qatı siyasi rəqibi Aleksey Navalnı fevral ayında həbsxanada qəflətən öldü və on minlərlə rusiyalı Putinə etiraz etmək üçün Moskvada onun dəfn mərasiminə gəldi. Və nəhayət, seçkilərin üçüncü günü günorta saatlarında seçki məntəqələrində əvvəldən razılaşdırılmış qaydada Putinə və müharibəyə səssiz etiraz əlaməti olaraq kütləvi fəallıq oldu.

3. Putin Ukraynada müharibəni davam etdirmək üçün xalqın mandatına iddia edəcək. Putinin kampaniyası və səsvermənin özü müharibənin məhsuludur, müharibə tərəfindən hazırlanıb. O, qeydə alınmış 112 milyondan çox seçicinin 74 faizindən çoxunu təşkil edən seçkilərdəki fəallığı “vətəndaşlarımızın, xalqımızın mənafeyini müdafiə etmək üçün sözün əsl mənasında silaha sarılmağa məcbur olması” kimi qələmə verib.

4. Müharibə Kreml üçün təşkilatlanma prinsipi olaraq qalacaq.Fevral ayında xalqa etdiyi illik müraciətində Putin vəd etmişdi ki, Rusiya hətta iqtisadiyyata və infrastruktura sərmayə qoymaqla belə, hərbi məqsədlərinə nail ola bilər. Putin həmçinin deyib ki, müharibə veteranları ölkəni idarə edəcək “yeni elitanın” özəyini təşkil etməlidir, çünki onların xidməti Rusiyanın maraqlarına sadiqliyini sübut edib. Bu təklifin hökumət rəsmilərinin güclü vətənpərvərlik nümayiş etdirmə tendensiyasını sürətləndirəcəyi gözlənilir. Putin isə yaşlı kadrlarını gənc nəsillə əvəz etməyə çalışır.

5. Rusiyalılar gələcəklə bağlı narahatdırlar. İstənilən prezident seçkilərindən sonrakı dövr Kremlin adətən qeyri-populyar siyasət yeritdiyi dövrdür. Məsələn, 2018-ci ildən sonra Putin pensiya yaşını qaldırdı. Rusiyalılar qorxurlar ki, yeni hərbi səfərbərlik və ya daxili repressiyaların artması uzaqda deyil”.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Vətəndaş 2024-03-18 19:26:06

Eynilə bizdəkikimi............

Son yazılar