Paşinyan anklavlardan danışıb

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün Tavuş vilayətinə səfər edərək Azərbaycanla bu ərazidə baş tutacaq delimitasiya və demarkasiya prosesləri barədə yerli sakinlərlə danışıb.

APA "Past"a istinadən xəbər verir ki, Baş nazir Əskipara kəndində yerli sakinlərlə, eləcə də Bağanisdə sakinlərlə görüş keçirib, daha sonra Kirants (Güney) kəndinə baş çəkib. Bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə toxunub.

Baş nazir Əskiparadakı çıxışında Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinin praktiki mərhələyə qədəm qoyduğunu deyib:

“Mən sizinlə hansı praktiki sualı müzakirə etməyə gəlmişəm? Söhbət ondan gedir ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Delimitasiya və demarkasiya ümumilikdə və xüsusilə Ermənistan Respublikasına münasibətdə nə deməkdir? Bu, Ermənistan Respublikasının başladığı yerdə gedib işarələmək deməkdir. Hamımız bilirik, siz məndən daha yaxşı bilirsiniz sərhədlər haradan başlayıb, harada bitir”.

Baş nazir iştirak edənlərə Ermənistanın konturlarını göstərib və qeyd edib ki, bu, Ermənistan Respublikasıdır: “Delimitasiya və demarkasiya prosesi belədir: delimitasiya komissiyaları gedib Ermənistan Respublikasının haradan başladığını müəyyən etməlidir və bu, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinə çevrilməlidir. Niyə bu barədə danışırıq və niyə Əskiparada bu məsələni müzakirə etməyə gəldik? Çünki elə məsələlər var ki, onların üzərində müzakirə aparmalıyıq. Məsələ ondadır ki, görürük ki, biz əsl delimitasiya və demarkasiya prosesinə bu hissədən başlaya bilərik: Baqanisdən Berkaberə qədər”.

O deyib ki, demarkasiya sərhədin koordinatlarını xəritədə müəyyən etmək, delimitasiya isə yerlərdə bu prosesi aparmaqdan ibarətdir. O, Ermənistan sərhədlərinin harada başlayıb harada bitməsini müəyyən etməli olduqlarını deyib:

“Bizim üçün Ermənistanın ərazi bütövlüyünün möhkəmləndirilməsi vacibdir. Bizim bu gün regionun bir sıra ölkələri ilə problemimiz ondan ibarətdir ki, biz onlardan razılaşmaya əsasən Ermənistanın ərazi bütövlüyünü tanımasını istəyirik. Amma başqalarının bunu tanımasını istəyiriksə, ilk növbədə özümüz tanımalıyıq. Gəlmişəm deməyə ki, gələcəyimizi qurmağın yeganə yolu budur”.

O, hazırda heç bir razılaşmanın, heç bir qərarın olmadığını deyib.

Paşinyan Ermənistanın legitim olaraq özünə məxsus olanı tələb etmək istədiyi halda, legitim olaraq ona məxsus olmayandan əl çəkməli olduğunu deyib.

O, Azərbaycanın ilk növbədə 4 anklav olmayan kəndi ilə bağlı məsələni qaldırdığını deyib. Hələlik söhbət 4 qeyri-anklav kəndindən gedir.

Paşinyanın Ermənistanın müharibəyə imkan verməməli olduğunu diqqətə çatdırıb:

“Siyasətimiz ondan ibarətdir ki, biz müharibəyə imkan verməməliyik, müharibənin başlamasına imkan verməməliyik. Və həm də bu səbəbdən biz Ermənistan Respublikasının bu ərazilərdə sərhədini dəqiqləşdirmək qərarına gəldik və bunu təkcə Ermənistan Respublikası naminə deyil, həm də konkret olaraq Voskepar (Əskipara) kəndi üçün, Kirants (Güney) kəndi, bu kəndlərin təhlükəsizliyini təmin etmək üçün edirik”.

Sonra Baş nazir sakinlərin delimitasiya və demarkasiya, infrastruktur, mümkün problemlər və onların həlli yolları ilə bağlı çoxsaylı suallarını cavablandırıb. Voskepar (Əskipara) və Kirants (Güney) yaşayış məntəqələrinin nümayəndələrinin mütəmadi olaraq sərhədlərin delimitasiyası və təhlükəsizliyi komissiyasının üzvləri ilə görüşərək proses haqqında məlumat mübadiləsi və mövcud məsələlərin müzakirəsi barədə razılıq əldə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar