AZƏRBAYCAN-NATO MÜNASİBƏTLƏRİNDƏ YENİ DÖVR – Stoltenberqin Bakıda verdiyi mesajlar nə vəd edir?

NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibə verib.

“AzPolitika” xəbər verir ki, o, müsahibədə həm ikitərəfli münasibətlərin tarixinə nəzər alıb, həm də əməkdaşlığın yeni perspektivlərini dəyərləndirib, regionun təhlükəsizlik problemlərinin yaratdığı risklərdən, NATO-nun yardım təkliflərindən söhbət açıb.

Qeyd edək ki, Y.Stoltonberq Cənubi Qafqaz regionuna səfərə Azərbaycandan başlayıb, Prezident, xarici işlər və müdafiə nazirləri ilə görüşlər keçirib. Dövlət başçısı İlham Əliyevlə görüşdən sonra mətbuata birgə bəyanatda NATO rəhbəri ikitərəfli əməkdaşlığın dərinləşməsinə və Azəraycan-Ermənistan sülh razılaşmasının vacibliyinə diqqət çəkib.

AZƏRTAC-a müsahibəsində isə cənab Stoltonberq ötən 30 ildə Azərbaycanın tərəfdaş kimi üzərinə götürdüyü öhdəlikləri bacarıqla və ləyaqətlə yerinə yetirməsini xüsusi ilə vurğulayıb. O, Azərbaycanın Əfqanıstandakı missiyasının işini, rəsmi Bakının antiterror koalisiyasının üzvü kimi fəaliyyətini, Şimali Atlantika müttəfiqlərinə verdiyi dəstəyi yüksək qiymətləndirib.


“Mən Əfqanıstanda olarkən azərbaycanlı əsgərlərlə görüşmüşəm və onların peşəkarlığının və fədakarlığının şahidi olmuşam. Azərbaycan hərbçiləri xüsusilə Əfqanıstandakı missiyanın sonlarına yaxın səfirliyi və hava limanını qorumaqda böyük rol oynayıb və yüz minlərlə insanın Kabil hava limanından təxliyəsində bizə kömək göstərib. Beləliklə, ərazini ABŞ və bir sıra digərləri ilə birlikdə tərk edən son hərbçilər azərbaycanlılar olublar. Biz, həmçinin bir sıra digər sahələrdə praktiki əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində Azərbaycanın oynadığı rolu alqışlayırıq. NATO uzun illər bir sıra müxtəlif məsələlərdə Azərbaycanla əməkdaşlıq edib və hazırda biz əməkdaşlığımızı daha da inkişaf etdirməyin yolları üzərində işləyirik” – deyə, Baş katib vurğulayıb.

Azərbaycanın NATO üçün önəmi haqda danışan Stoltonberq xatırladıb ki, tərəflər arasında praktiki tərəfdaşlıq və siyasi dialoq mövcuddur.

O, Azərbaycanın Avropann enerji təchizatında artan rolunu xüsusui ilə yüksək qiymətləndirib və Avropa İttifaqı ilə 2022-ci ildə imzalanmış Memorandumu dəstəklədiyini vurğulayıb: “Azərbaycan həm də NATO üçün enerji təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətli ölkədir. Xüsusilə Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edən Rusiya NATO müttəfiqlərini çəkindirmək üçün təbii qazdan alət kimi istifadə etməyə başladıqdan sonra bu, daha çox vacibdir. Azərbaycan tərəfdən artan qaz tədarükü NATO müttəfiqlərinin qaz təminatçısı kimi Rusiya asılılığından azad olmasına imkan yaradıb. Bu proses çoxsürətli oldu və çox çətin şəraitdə kifayət qədər yaxşı alındı. Azərbaycan qazının ixracının 12 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması ilə bağlı tələbat var. Bu, Avropa qaz tələbatının vacib tərkib hissəsidir və Azərbaycandan gələn qaz bir sıra müttəfiqlər üçün çox vacibdir. Mən, həmçinin təkcə təbii qaz deyil, həmçinin elektrik kabelləri vasitəsilə enerji ixracı sahəsində atılan addımları yüksək qiymətləndirirəm. Azərbaycan tərəfindən enerjinin birbaşa ixracı gələcəkdə ölkənizin Avropa üçün enerji təminatçısı kimi rolunu artıracaq”.

Burada NATO Baş katibi Azərbaycanın külək və günəş enerjisi vasitəsilə bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi sahəsində göstərdiyi səylərə diqqət çəkib. Azərbaycanın böyük enerji keçidi potensialını vurğulayan Stoltonberq, bu kontekstdə COP29-un Azərbaycanda keçirilməsi çox vacib olduğunu qeyd edib: “Azərbaycan bu ilin noyabrında böyük iqlim konfransı olan COP29-a ev sahibliyi edəcək. Bu konfrans beynəlxalq ictimaiyyətə qlobal istiləşmə, iqlim dəyişikliyi, maliyyələşmə kimi bir sıra vacib məsələlərlə bağlı qərar vermək üçün platforma rolunu oynayacaq. Böyük enerji keçidini təmin etmək üçün böyük investisiyalar çox vacibdir”.

Sonuncu cümlədə NATO rəhbəri Azərbaycanın ehtiyac duyduğu xarici investisiyaları qeyd etməsi təsadüfi deyil. O, Qərbin bu sahədə Bakıya yardım edəcəyinə eyham vurur. Təbii ki, bu yardımların vaxtı, həcmi ikitərəfli münasibətlərdə baş verəcək yüksəlişlərdən asılıdır.


Ələbəttə, NATO Baş katibinin regiona səfərində başlıca məsələ Rusiya-Ukrayna müharibəsindən dolayı artan təhlükəsizlik problemləri, bu konteksdə ikitərəfli münsibətlərin inkişaf perspektivləridir. Y.Stoltonberq Cənubi Qafqazın ən böyük, iqtisadi və hərbi cəhətdən ən güclü ölkəsinin imkanlarını qeyd edir.

“Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir. Onlar uzun illər Əfqanıstanda hava limanının müdafiəsində böyük rol oynayıblar. Azərbaycan hərbçiləri uzun illərdir müxtəlif tapşırıqların öhdəsindən bacarıqla gəlirlər”, - o, əlavə edib.

Stoltonberq daha sonra regionda formalaşmış yeni reallıqlar fonunda NATO ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün gündəlikdə duran məsələlər, fəaliyyət planı haqda danışıb və mesajlarını çatdırıb: “Azərbaycanla Ermənistan arasında davamlı sülhün tənzimlənməsi bizim üçün çox vacibdir. Mən Prezident İlham Əliyevin görüşümüz, mətbuata bəyanat və şam yeməyi zamanı verdiyi mesajları alqışlayıram. Prezident İlham Əliyev aydın şəkildə bildirdi ki, biz indi sülh müqaviləsinə hər zamankından daha yaxınıq. Bir sıra həll olunmalı məsələlər hələ də qalır, lakin mən əminəm ki, Azərbaycan və Ermənistan sülh razılaşmasını imzalamaq üçün yaranmış bu imkanı görür. Regionda sülh və sabitliyin əldə olunması bölgə əhalisi üçün çox vacibdir. Bu, həmçinin investisiyanın cəlbi və rifah üçün şəraitin yaradılması baxımından çox əhəmiyyətlidir. Çünki biz bilirik ki, sülh və sabitlik iqtisadi inkişaf və dirçəliş üçün əsas şərtdir. Regionda sülh və təhlükəsizlik beynəlxalq sülh və təhlükəsizlik baxımından da vacib rola malikdir. Ona görə də davamlı sülhün əldə olunması həm də NATO müttəfiqlərinin marağındadır. Buna görə də mən qəti şəkildə inanıram ki, davamlı sülh və təhlükəsizliyin əldə olunması üçün bütün işlər görüləcək”.

Baş katib NATO-nun növbəti illər üçün prioritet hədəflərini, bu hədəflərin icrasında Qafqaz regionunun rolu belə sıralayıb: “Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox vacibdir. NATO və Avropa İttifaqı Qafqaz ölkələri ilə əlaqələrin daha da inkişafında maraqlıdır. Təbii ki, Gürcüstan bu baxımdan fərqli mövqedədir. Belə ki, bu ölkə NATO üzvlüyünə müraciət edib. NATO bunun baş verəcəyini dəfələrlə bəyan edib.

Bununla yanaşı, Qafqaz Rusiyanın genişmiqyaslı təcavüzkar müharibə apardığı Ukraynadan o qədər də uzaq deyil. Bu da həm Avropa, həm də Qafqaz üçün vacibdir. Əgər Prezident Putin Ukraynada qalib gələrsə, bu, təkcə Ukrayna üçün faciə deyil, həm də hər kəsə, o cümlədən Azərbaycana və NATO müttəfiqlərinə təhlükə törədər. Çünki Prezident Putinə mesaj budur ki, istədiyi hər şeyi əldə etmək üçün hərbi yola əl atdıqda beynəlxalq hüququn pozulmasına və başqa ölkəyə hərbi müdaxiləyə görə cavab verməli olduğunu bilməlidir. Bu, həm də gələcəkdə gücə əl atmaq cəhdlərini azaldacaq. Ona görə də NATO müttəfiqlərinin, Azərbaycanın və dünyada bütün ölkələrin marağında olan odur ki, Prezident Putinin qalib gəlməsinin qarşısı alınsın. Mən, həmçinin Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımı və minaların təmizlənməsi sahəsində dəstəyini yüksək qiymətləndirirəm. Lakin düşünürəm ki, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmaq da çox vacibdir. Çünki bu ölkə beynəlxalq hüququ pozmaq və başqa ölkənin ərazisinə hücum etməyin əvəzini ödəməlidir”.

Müsahibənin bu hissəsində Y.Stoltonberqin Azərbaycandan istəklərini və gözləntilərini belə sıralamaq olar:

1.Ukraynada hərbi qələbə qazansa, Rusiya Azərbaycana qarşı da təhlükə törədə bilər. Ona görə də rəsmi Bakıya da Qərbin anti-Moskva siyasətinə dəstək verməsi təklif edilir;

2.Azərbaycanın da Rusiyaya qarşı Qərbin iqtisadi sanksiyalarına qoşulması arzu olunur;

3. Ukraynaya daha çox humanitar yardım (neft məhsulları, pul, dava-dərman, dağılmış infrastrukturun bərpası və s.) göstərməsi xahiş edilir;

4.Azərbaycanın NATO ilə hərbi əməkdaşlığı dərinləşdirməsi, Rusiyadan birgə müdafiə strategiyasını qəbul etməsi təklif olunur.

Əlbəttə, rəsmi Bakı bu istək və təkliflərə Azərbaycanın dövlət maraqları çərcivəsində cavab verəcək.


Prezident İlham Əliyevlə əldə etdiyi razılaşmalara toxunan NATO Baş katibi, onlar haqda geniş danışmayıb. Yalnız onu qeyd edib ki, NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır: “Bu çərçivə sənədi qarşılıqlı fəaliyyət məsələlərinə köklənəcək və burada əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması üçün birgə işləməkdir. Biz, həmçinin hərbi təhsil məsələlərinə də önəm veririk. Bu da tərəflər arasında qarşılıqlı fəaliyyəti inkişaf etdirəcək. Biz, eyni zamanda, əməkdaşlığımızı gələcəkdə inkişaf etdirə biləcəyimiz digər sahələri də nəzərdən keçiririk. Bütün bunlar Azərbaycan və NATO qüvvələrini bir-birinə daha da yaxınlaşdıracaq və düşünürəm bu, hər iki tərəf üçün faydalı olacaq”.

Bu, Azərbaycan-NATO münasibətlərində yeni dövrün başlanmasının anonsu sayıla bilər. Doğrudur, indiki geosiyasi gərginlik dövründə Bakı mövcud balanslaşdırılmış siyasi xəttinə zidd hansısa qərar verməsi, nümayişkəranə addımlar atması gözlənilmir. Bu, heç doğru da deyil. Amma sakit, reklamsız iş davam edəcək. Azərbaycan dünyanın ən güclü hərbi ittifaqının ona verdiyi önəmin əhəmiyyətini dəyərləndirir və perspektivdə özünün təhlükəsizliyini daha da möhkəmləndirmək üçün bu potensialdan da yararlanmaq niyyətindədir.


Azərbaycan NATO-nun ən böyük və ən güclü hərbi potensiala malik ölkələrindən olan Türkiyə ilə strateji müttəfiqidir. Azərbaycan ordusu məhz Türkiyənin mükəmməl ordu sisteminə uyğun yenidən qurulur. Azərbaycan ordusunun rəhbərliyi, zabit heyəti Türkiyədə təhsil almış hərbçilərlə əvəz olunur. Azərbaycan və Türkiyə ordusu vaxtaşırı birgə geniş miqyaslı hərbi təlimlər həyata keçirirlər. Bunlar da Azərbaycanın NATO ilə də gələcəkdə əməkdaşlığının dərinləşdirilməsi üçün zəmin yaradır.

NATO Baş katibi Bakıda Azərbaycan-Ermənistan sülh prosesinə xüsusi dəstəyini də ifadə etdi. Fransa kimi ermənipərəst siyasət yürüdən bəzi Qərb ölkələrindən, Avropa Parlamentindən fərqli olaraq, NATO regionda davamlı təhlükəsizliyin, sabitliyin əldə olunmasında və Rusiyanın bölgədən çıxarılmasında başlıca məsələ kimi sülh müqaviləsinin imzalanmasını görür. Stoltonberq Prezident İlham Əliyevlə görüşdən sonra bu istiqamətdə nikbin mesajlar aldığını vurğuladı.

Yekunda qeyd edək ki, NATO Baş katibinin səfəri, burada verdiyi mesajlar və ona verilən cavablar Azərbaycanın özünün hərbi, siyasi, təhlükəsizlik doktrinasında göstərdiyi hədəflərdən yayınmadığını göstərir. Strateji tərəfdaşlıq davam edir və onun yaxşı perspektivləri var…

Elçin Rüstəmli

“AzPolitika.info”

635x100

Şərhlər

B.Qarabağlı 2024-03-24 13:06:34

Beynəlxalq münasibətə də türk misalımız-Ağlamayan uşağa nam*(süd) verməzlər?, misalı yada düşür. ABŞ Prezidenti terrora məruz *azərbaycanlı ailələrinin BMT TŞnın qərarı üzrə doğma mülkləribnə Kreml(RF) daha təhlükəsiz qaytara bilər!* təklifinə TVdə izləyəndə belə düşünürdüm ki, *nədən, NATOnun Sülhməramlıları qaytarmasın?* Qəti təkidli müraciət lazımdı? Bəli, Etibar Əliyev?

Son yazılar