“Ortaq tarix” yaratmaq nə nəticə verəcək?

Nadir İsrafilov, təhsil eksperti

Artıq məlum olduğu kimi, bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin təhsil nazirlərinin Bakıda keçirilən üçüncü görüşü baş tutub. Mətbuatın yaydığı məlumata əsasən, görüşdə geniş fikir mübadiləsi aparılıb, bir sıra məsələlər müzakirə olunub. Türkdilli ölkələr təhsillə bağlı ortaq qərar da qəbul ediblər. Ortaq Türk tarixi kitabının proqramı qəbul olunub. İlk qərara əsasən, 1500-cü illərə qədər gələn ortaq tariximiz əvvəl “seçməli, sonra məcburi şəkildə oxudulacaq.” Eyni əməliyyat gələn ilin aprel ayına gədər coğrafiya və ədəbiyyat kitabları üçün də reallaşdırılacaq. Qərara əsasən bu kitablar Türk Akademiyası tərəfindən hazırlanacaq. Beləcə, uşaqlarımız ortaq tarix, coğrafiya və ədəbiyyatımızı birinci əldən tanıma fürsəti əldə edəcəklər.

Peşəkar tarixçi olmadığımdan “Ortaq tarix” ideyasının reallaşdıralacağı halda tariximizin və təhsilimizin nə qazanıb, nə itirəcəyini bəri başdan deyə bilmərəm. Bunu “fundamental” tədqiqatlarla məşğul olan tarixçilərimiz deməlidir. Tarixçilərimizin bu ideyadan xəbəri olub-olmadığını, məsələ ilə bağlı hər hansı bir rəy bildirib-bildirmədiyini də bilmirəm. Bildiyim budur ki, hələ iki il bundan qabaq, daha dəqiq desək 2012-ci ilin mart ayında sabiq təhsil naziri Misir Mərdanov Azərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyətilə görüş zamanı, ümumi təhsil sahəsində əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinə diqqət çəkmiş, hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirmişdi.

O vaxt ortaq dərslik ideyası söz xatirinə söz olaraq qalmışdı. Çünkı bu yanaşma o zaman ciddi gəbul olunardı ki, ilk olaraq Türkiyə və Azərbaycan təhsil sistemlərinin yaxınlaşdırılması məsələsi gündəmə gətiriləydi. Sistemlərin yaxınlaşması dedikdə nəyi başa düşürük?

Bu, o deməkdir ki;

Birincisi, Türkiyədə olduğu kimi, biz də 12 illik məcburi təhsilə keçməliyik.

İkincisi,orta təhsilin pillələrini Türkiyə ilə eyniləşdirməliyik.

Üçüncüsü, tədris planlarımızı və təhsil proqramlarımızı Türkiyə ilə maksimum bir-birinə yaxınlaşdırmalıyıq.

Yalnız, bu işlər görüldükdən sonra, ortaq dərsliklər haqqında söhbət gedə bilərdi. Özü də “ortaq” ifadəsini bütün dərsliklərə yox, ancaq təbiət-riyaziyyat fənləri üzrə dərsliklərə şamil etmək yolu ilə. Digər dərsliklərinsə yalnız bir-birinə uyğunlaşdırılmasından danışa bilərik.

Nə demək olar, bəlkə də bu ortaq dərsliklərinmi deyək, kitablarınmı ərsəyə gətirilməsi, bizim dərs vəsaitlərinin hazırlanması ilə məşğul olan tarixçilərimizə və buna məsuliyyət və cavabdehlik daşiyan təhsil və nəşriyyat məmurlarımıza bir dərs oldu.

Hər halda bu variantı da sınayaq. Onsuz da, tariximiz və təhsilimiz, çoxdan bəri ən “münasib” eksperiment meydanına çevrilib. Müstəqilliyimizin əvvəllərində 5-ci sinif üçün nəzərdə tutulan Azərbaycan tarixi kursunu “lapdan-şapdan” “Ata yurdu” adlandıranda yəqin hesab etmişdik ki, biz artıq matriarxat dövründə deyil, patriarxat dövründə yaşayırıq. Ona görə də, tariximizin “ana xətti” təcili dəyişdirilərək “ata xətti” ilə əvəzlənməlidir. Kim bilir, bəlkə də aşağı siniflər üçün nəzərdə tutulan bu dərsliyi “Ata yurdu”na çevrirmək ideyasının təşəbbüskar(lar)ı rus dilinin incəliklərinə “dərindən” bələd olduğundan, rus terminologiyasında işlədilən “Oteçestvo” ifadəsini əsas götürərərək, belə bir fikir irəli sürüb. Əslində bu ideya müəllif(lər)ini qınamaq da “ədalətsizlik” olardı. Çünki bu rusların dilində elə “qəribəliklər” var ki, hər adam bundan baş çixara bilmir. Gəl indi bu “Oteçestvo”( Vətən) ilə “Otçestvo” (soyad ) arasındakı bir hərf fərqinə görə baş sındır. Hər halda ziyanın yarısından dönmək də bir işdr.

Nə yaxşi ki,dərsliklərimizdə rus dilində işlənən “oteçestvennaya istoriya” ifadəsini “ata tarixi”, “oteçestvennaya voyna” ifadəsini “ata müharibəsi”, “za oteçestvo” ifadəsini “ata uğrunda”, “rodina matъ zovet” ifadəsini “ata vətən çağırır” kimi ifadə etməmişik. Aləmə biabır olardıq.

Daha gəribə olanı odur ki, “ana vətən”, “ana torpaq” deyə-deyə, birdən yurdumuzu “atamızın mülkiyətinə” çeviririk. Dərslik vasitəsi ilə yurdun ataya, yaxud anaya məxsus olmasını vurğulamaqla, bəlkə uşaqlarımıza elə erkən vaxtlardan “mülkiyyət hüququnun əsaslarını” öyrədirik? Yurdun ataya, yaxud anaya məxsusluğunu ön plana çəkməklə bu yurdu onun gələcək qurucularına və qoruyucularına sevdirməyə, onu necə qurmağı və qorumağı öyrətməyə çalışırıq?.

Yerı gəlmişkən, orta məktəblərdə tədris olunan “ibtidai hərbi hazırlıq” məşğələlərinin adını dəyişərək “çağrışaqədərki hazırlıq” qoyanda da, bəlkə zənn etmişik ki, bu yolla gələcək əsgərlərimizin döyüş ruhu bir az da yüksələcək, ya da ki, vətənpərvərlik hissləri daha da artacaq.

Yoxsa, birinci sinifdən başlayıb uşaqlarımıza hərflərin və sadə söz birləşmələrinin öyrədilib başa çatdırılması sevincini yaşatdıran “Əlifba”nı “Ana dili” ilə əvəzləməklə, qarşımıza hələ ana nəvazişindən ayrı durmağa öyrəşməyən cocuqlara doğma dilimizin zənginliklərini “incələmək” məqsədi qoymuşduq? İstisna olunmaya bilər ki, ərəb mənşəli bu söz birləşməsi (“Əlif”- “Bey”) kim (lər)insə “milli dirçəliş” ruhunu narahat edib. Onda zəhmət çəkib, elə həmin mənşədən olan Əl-Cəbr-in adını da “Cəbr və analizin başlanğıcı” kursundan çıxaraq. Elə çıxmasın ki, dilimizdə işlənən ərəb və fars mənşəli söz təkcə əlifba imiş. Heç olmasa, yaxın sərhəd qonşularımız olan rusların “Al-qebra” və “Az-buka” söz birləşmələrinə münasibətindən nümunə götürəydik.

Yalnız bir neçə dərsliyimizlə bağlı imkan daxilində sadalanan bu kimi “əməliyyatlar” təhsilimizin dıgər sahələri üçün də xarakterikdir. Əgər digər sahələrə də gözucu nəzər yetirsək, bir daha əmin ola bilərik ki, apardığimız bütün dəyişikliklər məzmun istisna olmaqla, əsasən formaya xidmət edib.

Nəyə görə biz təhsilin keyfiyyətcə yeni mərhələyə daxil olmasını təmin edə biləcək məzmun islahatlarına deyil, daha çox görüntü yaratmaq məqsədinə xidmət edən yerli-yersiz forma dəyişikliyinə meyl göstəririk?

Təhsil proqramını “kurikulum”, şagird gündəliyini “məktəbli kitabçası”, adı şagird dəftərini “iş dəftəri” adlandırmaqla, 1 sentyabr “Bilik gününü” 15 setyabrla, rüblüyü “yarımilliklə”, imtahanı “kreditlə”, zaçotu “kollokviumla”, 5 ballıq klassik qiymətləndirməni “diaqnostik”, “formativ”, “summativ” adı ilə əvəzləməklə, imtahanların sayını və formasını tez-tez dəyişməklə, texniki peşə məktəblərini peşə liseylərinə, institutları ucdantutma universitetlərə, elmlər namizədini “fəlsəfə doktoruna” çevirməklə və s. və i.a, hansı yüksəlişə nail olmuşuq? Bunun təhlilini aparıb müsbətini, mənfisini ortalıqa qoyan olubmu?

Heç kəsə sirr deyil ki, təhsil elmsiz, elm təhsilsiz inkişaf edə bilməz. Bu iki məfhum bir-biri ilə üzvi surətdə bağlı olan anlayışlardir. Təhsilin kökündə elm, elmin kökündə təhsil dayanır. Qabaqcıl dünya təcrübəsində təhsil elmi əsaslar üzərində qurulur, pedaqogika, psixologiya, fiziologiya, metodologiyanın nailiyyətlərinə əsaslanır. Bəlkə bizdə elm təhsildən, təhsil elmdən ayrı düşüb, hər iki stratejı sahənin birgə fəaliyyət göstərməsi danılmaz zərurətə çevrilib?

Bəlkə, elm və təhsili birləşdirib yeni strukturlaşma aparaq? “Elm və təhsil” nazirliyi yaradıb, bütün yaradıcı potensialımızı bir vahid mərkəzdə cəmləşdirək? Heç kəs deyə bilməz ki, elm və təhsilə böyük yatırımlar qoyan Rusiya, bu yolu tutmaqda səhv edib. Digər tərəfdən bu məsələ artıq ictimailəşib. Respublikamızın bir çox tanınmış professorları, təhsil ekspertləri bu təkliflə çıxış edib, situasiyanı dəyərləndiriblər.

Dünya təcrübəsi ilə əlaqədar səmərə verə biləcək təkliflərə məhəl qoymuruqsa, heç olmasa öz “Dövlət Proqramı”mızda qarşımıza qoyulan tələbə əməl edək: ”Təhsil sisteminin tədris, elmi-metodik və informasiya təminatının elmi əsaslarını yaradıb, təhsil sisteminə tətbiq etmək məqsədilə Təhsil Nazirliyi nəzdində Azərbaycan Respublikasının Təhsil Akademiyasını yaratmaq” (2.1.6 Təhsil Akademiyasının yaradılması.) vəzifəsi ki, kimlərinsə tərəfindən irəli sürülən təklif deyil, bir- başa Azərbaycan Respublikası Prezidentinin10 mart, 1998-ci il tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən hazırlanmış, Ölkə başçısının 15 iyun, 1999-cu il tarixli, 168 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın tələbidir. Özü də, həmin tələbin icrasına yönəlik təkliflərin hazirlanması Təhsil Nazirliyi ilə yanaşı, həm də Nazirlər Kabinetinə, Elmlər Akademiyasına və Maliyyə Nazirliyinə həvalə edilmişdi. Təhsil Akademiyası niyə kağızda qaldı?

Proqrama görə, Təhsil Akademiyasının təsis edilməsi təhsil sistemini gücləndirməli, bu nüfuzlu qurumda pedaqoji sahənin tanınmış alimlərinin təmsil olunmasını təmin etməli idi. Proqramın qəbul edilməsindən 15 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, hələ də bu akademiya yaradılmayıb (halbuki,“Tennis akademiyası”na qədər bütün akademiyaları yaratmışıq).

Digər bir nüans. Bildiyimiz kimi, Azərbaycan Milli Akademiyasında (AMEA) pedaqogika bölməsi yoxdur. Deməli, pedaqoji sahənin alimləri burada təmsil oluna bilməzlər. İndi paradoksal bir vəziyyət yaranıb. Bu alimlər AMEA-ya üzv seçilə bilmirlər, seçilmək üçünsə, özlərinin akademiyaları yoxdur. Belə çıxır onların heç biri akademik (və ya müxbir üzv) adını daşımağa layiq deyil.

Sözümün canı ondadir ki, türk qardaşlarımız son illər ərzində öz tarix və təhsil problemlərini həll etməklə yanaşı, həm də Türk Universitetlər Birliyinin qurulması, Türk Akademiyasının təsis olunması və eləcə də, bu qəbildən digər müştərək layihələr həyata keçirərək türkdilli ölkələrlə yüksək əməkdaşlıq nümayiş etdirir. Biz isə...

Nə isə. Biz də heç olmasa, müştərək bir yana, öz doğma tariximizi və təhsilimizi dirçəltmək üçün nə isə edək. Bu şərtlə ki, bu “nə isə” nəticəsində başqa “nə isə” lər yaranmasın.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar