Tofiq Yaqublu ilə İlqar Məmmədovun məhkəməsi uzadılır

Dövlətin ayırdığı vəkillər prosesə gəlmədi, iclas təxirə salındı

Noyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinin təşkilində ittiham edilərək həbsə alınmış Müsavat başqanının müavini Tofiq Yaqublu, ReAL Hərəkatının rəhbəri İlqar Məmmədov və digərlərinin məhkəməsi davam etdirilib.

“Yeni Müsavat”ın Şəkiyə ezam olunmuş əməkdaşının bildirdiyinə görə, polislər ittiham olunanların valideynlərini məhkəmə salonuna qrup-qrup buraxıblar. Jurnalistlər isə məhkəmə zalına buraxılmadan proses mediaya qapalı keçirilib.

Məhkəmə iştirak etmək üçün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat başqanının müavini Gülağa Aslanlı, partiya fəalları Nizaməddin Qulıyev, Hüseyn Məlikov, Elman Fəttah, ReAL təşkilatının təmsilçiləri Natiq Cəfərli və Xalid Bağırov Şəkiyə gediblər.

Bundan başqa, məhkəmə binasının önünə yüz nəfərə yaxın adam toplaşıb. Məhkəmədə müşahidə aparmaq üçün ABŞ səfirliyinin nümayəndələri də prosesə qatılıb.

Hakim İsmayıllıdan olan müttəhimlərin vəkillərinin məhkəməyə gəlməməsi səbəbindən prosesin təxirə salındığını və noyabrın 19-da davam etdiriləcəyini deyib. Reportyorumuzun verdiyi xəbərə görə, məhkəməyə zərərçəkən qismində cəlb edilmiş Bəxtiyar adlı göyçaylı bir DYP işçisi müttəhimlərdən Ceyhun adlı şəxsə deyib ki, müstəntiqlər onun adından ifadə yazıblar və göstəriblər ki, guya Ceyhun adlı İsmayıllı sakini onun başını yarıb. DYP işçisi bildirib ki, bu ifadədən xəbərsizdir və Ceyhunun üzünə durmayacaq.

T.Yaqublunun vəkili Nemət Kərimli bildirib ki, prosesin təxirə salınması və digər məsələlər məhkəməni uzatmaq üçündür: “Təqsirləndirilən şəxslərə dövlət tərəfindən təyin edilmiş vəkillərdən ikisi gəlmədiyinə görə məhkəmə günortaya qədər təxirə salındı. Günortadan sonra yenə dedilər ki, vəkillər gəlməyib. Elan edildi ki, vəkillər gəlməyəcək, buna görə də məhkəmənin ayın 29-a dək təxirə salmağa qərar verildi. Boş yerə məhkəməni uzadırlar”.

Təqsirləndirilən şəxslərin İsmayıllıdan gələn yaxınları da məhkəmənin təxirə salınmasına etiraz etdilər.

İsmayıılı olaylarına görə yaxınlarına dəstək verməyə gəlmiş Şahin Banayev bunun bir işgəncə növü olduğunu deyib: “Necə olur ki, bütün vəkillər gəlir, dövlət tərəfindən təyin edilmiş vəkillər gəlmir. Biz hər gün bu qədər yolu gəlib-gedə bilmirik. Elə adam var ki, çörək almağa pul tapmır. Hər dəfə İsmayıllıdan durub bura gəlirik, nə içəri buraxırlar, nə də ki, düz-əməlli məhkəmə keçirilər. Ya bir dəfəlik desinlər ki, 5- 10 il iş veririk, ya da açıb buraxsınlar. Məsələnin bu şəkildə uzadılması bizə mənəvi işgəncədir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar