REGİONDA YAŞAMAĞIN MİNBİR ƏZABI – Rusiyadan pul gəlmir, təsərrüfat sərfəli deyil, sərhədlər də bağlı...

“Azərişıq” abonentlərinin 55 faizi Bakıdadır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir. Bir sətirlik bu informasiya çox böyük problemlərdən xəbər verir. Ona əsaslanıb regionlarda əhalinin güzəranı, iqtisadiyyatın durumu, on milyardlarla manat xərclənmiş dövlət proqramlarının nəticələri haqda mühakimə yürütmək olar.

DSK-nın məlumatına görə, Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) 90 faizdən artığı Bakı-Abşeron iqtisadi rayonunda formalaşır. Respublikanın digər bölgələrinin milli gəlirin formalaşmasında payı cəmi 7-8 faizdir. Bu statistika da regionlarda sosial-iqtisadi vəziyyətin, sahibkarlığın durumundan xəbər verir. Son illərdə bu sahədə vəziyyət bir qədər də ağırlaşıb, böyük potensial olsa da, qeyri-neft ixracı ümumi xarici ticarət dövriyyəsində kiçik yer tutmaqda davam edir.

Problemləri geniş iqtisadi, mürəkkəb statistik təhlillər aparmadan da görmək mümkündür. Əhalinin, sahibkarların durumunu ağırlaşdıran bir neçə vacib amili qeyd etmək olar.

Əvvəla, regionlarda yaşayan vətəndaşların gəlirləri əsasən bir neçə mənbədən formalaşır. İlk yerlərdən birində Rusiyadan və başqa ölkələrdən əldə olunan gəlirlər dayanır. Bu vəsaitlər dövlət qurumlarının iştirakı olmadan ailə təsərrüfatlarına daxil olur və xərclənir. Müstəqillik əldə olunduqdan sonrakı illərdə bölgələrdə vətəndaşların mənzil-məişət şəratinin yaxşılaşması, rifahının yüksəlməsi əsasən bu amillə bağlı olub. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsindən dolayı tətbiq edilən sanksiyalar qonşu ölkədə iqtisadi vəziyyəti pisləşdirib, rublun məzənnəsi aşağı düşüb, nəticədə Azərbaycana göndərilən vəsaitlər kəskin azalıb.

İkincisi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) 2018-2023-cü illərdə on minlərlə ailəni pensiya və müavinətlərdən məhrum edib, ünvanlı sosial yardımın şərtlərini ağırlaşdırıb. Hazırda bölgələrdə bu yardımı əldə edənlərin sayı əvvəlki dövrlərlə müqayisədə dəfələrlə azdır. Bu vəsaitlər də bilavasitə ailə təsərrüfatlarında xərclənirdi və insanların ən zəruri tələbatlarının ödənilməsinə sərf olunurdu. Təəccüblü haldır ki, nazirlik pensiya, müavinət və sosial yardımdan məhrum etdiyi ailələrin sonrakı durumu, gəlirləri ilə qətiyyən maraqlanmır. ƏƏSM dövlətin sosial müdafiə siyasətini icra etməkdən daha çox, bu sahəyə büdcədən yönəldilən vəsaitlərə sərt nəzarət mexanizmi, sanksiyalar tətbiq etməklə onu vətəndaşlardan “qorumaq” funksiyasını icra edir. Regionlarda minlərlə ailə ağır sosial məşəqqətlər içində çabalasa da, dövlətin sosial müdafiə proqramlarına əli çatmır. Bu ailələrdə böyüyən uşaqlar normal qidalanmadan, tibbi xidmətlərdən və təhsildən məhrum olunmuş vəziyyətdə yaşayır. Qeyd edək ki, əlillik imtiyazları ləğv olunmuş vətəndaşların ailələri də acınacaqlı həyat şərtlərinə məhkum edilib. ƏƏSMN birmənalı şəkildə əlillik təyinatlarını vermək istəmir, vətəndaşlar demək olar ki, onu bu dövlət qurumundan aylarla davam edən süründürməçilikdən sonra zorla, dava-dalaşla alırlar...

Bu sahədə çoxsaylı problemləri sadalamaq olar. Beləliklə, aydındır ki, regionlarda vətəndaşları sosial vəziyyətini ağırlaşdıran səbəblərdən biri də elə bu sahəyə cavabdeh olan sosial müdafiə qurumlarıdır.

Üçüncüsü, bölgələrdə əhalinin ənənəvi gəlir mənbələri olan kənd təsərrüfatı sahələri və heyvandarlıqla məşğul olmaq imkanları azalıb. 10-15 il və daha əvvəl hər kəs fərdi təsərrüfatını əkib-becərib, mal-qara saxlayıb güzəranını təmin edə bilirdisə, hazırda belə ailələrin sayı kəskin azdır. Bir neçə səbəb var:

- Kiçik təsərrüfatlarda bol məhsul əldə etmək imkanı yoxdur. Toxum, su və subsidiya əlçatan deyil;

- Əldə olunan məhsulu satmaq üçün bazarlar yoxdur, paytaxt və iri şəhərlərdəki bazarlar ya ləğv olunub, ya da onlarda mal satmaq adi fermerin, kəndlinin işi deyil;

- Əmək qabiliyyətli insanların çoxu kəndləri tərk edib, xaricə və günəmuzd işlər üçün paytaxta üz tutub.

Qeyd olunan problemlərə görə 1996-cı ildə aparılmış aqrar islahatlardan sonra kəndlilərə paylanan torpaq sahələrinin əhəmiyyətli hissəsi məmur sahibkarlığının və imkanlı adamların nəzarətinə keçib.

Dördüncü səbəb aqrar sektora dövlət dəstəyinin yetərli olmamasıdır. Aidiyyatı qurumlar bir çox hallarda iri holdinqlərin maraqlarını müdafiə edir, ailə təsərrüfatlarının sıradan çıxmasına göz yumur. Habelə maliyyə ilə yanaşı dövlətin digər resurslarını – su, texnika, təşviq və s. onların sərəncamına verir. Nəticədə kiçik fermer təsərrüfatları onlarla ədalətsiz rəqabətə dözməyərək sıradan çıxır.

Beşinci səbəb dövlətin 20 ildə regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirdiyi proqramların icrasına sərf olunan (70-90 milyard manat) vəsaitlərin daha çox abadlaşdırma, infrastruktur layihələrinə xərclənməsi, habelə korrupsiyanın yeminə çevrilməsidir. Təkcə onu qeyd etmək kifayətdir ki, nəhəng maliyyə resurslarının ayrılmasına baxmayaraq, Azərbaycanda ÜDM 90-92 faizi neft-qaz satışının və Bakı iqtisadi rayonunun payına düşməkdə davam edir.

Altıncı səbəb 4 ildən artıq bağlı olan quru sərhədlərdir. Məlumdur ki, sərhədyanı bölgələrdə yaşayan əhali qonşu ölkələrlə ticarət apararaq dolanışığını çıxarıb. Vətəndaşlar həm öz məhusllarını bu bazarlara çıxarıb satmaq, həm də oradan daha ucuz qiymətə tələbat malları almaq, onların bölgədə ticarəti ilə məşğul omaq imkanından məhrum edilib.

Başqa statistikalara gözucu baxmaq kifayətdir ki, regionlarda əhalinin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Məsələn, maaşlar şəhərə nisbətdə aşağıdır, bank kreditləri daha yüksək faizlə verilir. Əksər rayonlar hələ də büdcədən verilən dotasiya hesabına yaşayır...

Hazırda əhalinin büdcə təşkilatlarında çalışan, pensiya alan, həmçinin Rusiyadan hələ də gəlir əldə edən hissəsi gündəlik qayğılarını həll edə bilir. Son aylarda Qarabağda həyata keçirilən bərpa-quruculuq layihələrində çalışanlar, müvəqqəti olsa belə, ailələrinin dolanışığını təmin edir.

Azərbayanın nəhəng iqtisadi potensialı olan regionlarda həyatın canlandırılması dövlət qurumları üçün prioritet olmalıdır. Əks təqdirdə, bölgələrdə həyat daha da öləziyəcək, ölkənin ən qiymətli sərvəti olan insanlar ağır məhrumiyyətlər altında məhv olmaqda davam edəcəklər. Ölkənin əsas gəlir mənbəyi olan neft istehsalı sürətlə azalır, onun yerini dolduracaq əsas mənbə aqrar sektordur. Heç olmasa, əhali əkib-becərib öz dolanışığını təmin etsin. Buna imkan yaramaq lazımdır...

E.Rüstəmli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar