İsrail Ramazan bayramından sonra Rəfahda quru əməliyyatına hazırlaşır

Qətərdəki danışıqların son raundunun uğursuzluğundan sonra İsrail HAMAS-a əlavə güzəştə getmək istəmir və Ramazan bayramından sonra və ya ən geci mayın əvvəlində Rəfahda əməliyyata hazırlaşır.

APA xəbər verir ki, bu barədə Livanın "Əl-Əxbar" qəzeti İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmiləri ilə təmasda olan Misir mənbələrinə istinadən yazıb.

Mənbələrin bildirdiyinə görə, HAMAS-ın Qəzza zolağındakı son qalası daxilində İsrailin quru əməliyyatı 4-8 həftə arasında davam edəcək və Rəfaha sığınan mülki əhalinin (təxminən 1,5 milyon insan) təxliyəsi ilə müşayiət olunacaq. Əməliyyatlardan əvvəl Rəfahın hər bölgəsində mülki şəxslərə Qəzza zolağının mərkəzinə doğru müəyyən marşrutlar boyunca və müəyyən vaxtlarda evakuasiya ilə bağlı xəbərdarlıq ediləcək.

Misir rəsmiləri bildiriblər ki, qəzzalı mülki vətəndaşlar arasında heç bir HAMAS döyüşçüsü və ya israilli girov gizlənməməsi üçün kütləvi təxliyə yerdən və havadan izləniləcək.

"Əl-Əxbar"ın yazdığına görə, Qahirə IF-nin Rəfah bölgəsində əməliyyatı ilə bağlı dərin narahatlığını ifadə edir və qeyd edir ki, bu, təkcə Qəzzada deyil, bütün regionda gərginliyin daha da artmasına səbəb ola bilər.

Livan qəzeti həmçinin, Misir Prezidenti Əbdülfəttah əs-Sissinin İsrailin Baş naziri Binyamin Netanyahunun əlaqə saxlamaq üçün birbaşa xətt istəməsini rədd etdiyini bildirir.

Bundan əlavə nəşr Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə İsrail girovlarına dərmanların verilməsi müqabilində Qəzza zolağına böyük miqdarda dərmanların gətirilməsi üçün danışıqların aparıldığını iddia edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar