“Putin Rusiyanı hərbiləşmiş polis dövlətinə çevirdi”- 39 Nobel mükafatçısı Putini prezident kimi tanımamağa çağırdı

39 Nobel mükafatçısı Vladimir Putin rejiminə qarşı açıq müraciət imzalayıb. 

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, alimlər, iqtisadçılar və yazıçılar dünya liderlərini Rusiyanın işğalına qarşı dirənən Ukraynaya dəstəyi artırmağa, Rusiyadakı siyasi məhbusları müdafiə etməyə, Putini qanuni seçilmiş prezident kimi tanımamağa çağırıblar.

“İki il əvvəl Vladimir Putin Ukraynaya qarşı İkinci Dünya Müharibəsindən bəri görünməmiş ölüm və dağıntılarla nəticələnən əsassız, genişmiqyaslı təcavüzə başladı. Bu müharibə Rusiyanın özündə siyasi həyatın və söz azadlığının getdikcə daha qəddar şəkildə sıxışdırılması ilə müşaiyət olunur. Bu yaxınlarda Putinin əsas siyasi rəqibi Aleksey Navalnının ölümü dünyanı şoka saldı. Həbsxanaya düşməzdən, işgəncələrə məruz qalmazdan və sonda öldürülməzdən əvvəl Navalnı Putin rejiminin təşkil etdiyi kimyəvi silahla zəhərlənmə cəhdindən sağ çıxdı. Bu dəhşətli sui-qəsd cəhdinə baxmayaraq, o, görünməmiş şücaət və vətənpərvərlik nümayiş etdirərək Rusiyaya qayıtdı”, - müəlliflərin müraciətində qeyd olunur.

Nobel mükafatçıları bildirirlər ki, Ukraynadakı müharibə və Aleksey Navalnının qətli təkcə Rusiya və Ukraynanı narahat etmir: “Putin rejimi bütün bəşəriyyət üçün birbaşa və açıq təhlükə olduğunu göstərdi. 2000-ci ildə hakimiyyətə gəldikdən sonra Putin sistematik olaraq postsovet demokratik institutlarını məhv edib və keçmiş Sovet İttifaqında münaqişələri qızışdırıb. Ukraynaya qarşı genişmiqyaslı təcavüz və Aleksey Navalnının qətli təhlükəni yeni səviyyəyə qaldırır, çünki Putin rejimi artıq insan hüquqlarının və beynəlxalq normaların pozulması ilə bağlı heç bir məhdudiyyət görmür”.

Müraciətdə daha sonra qeyd olunur ki, 20-ci əsrin dünya müharibələrinin dəhşətləri bizə xatırladır ki, bəşəriyyət yalnız demokratiya prinsiplərinə və beynəlxalq insan haqları hüququna riayət etdikdə özünü məhv etməkdən qaça bilər. “Putin rejimi onları həyasızcasına tapdaladı. Totalitarizmin faciələri fərdin azadlığına və ləyaqətinə hörmət etməyə çağırır. Putin onları açıq şəkildə ələ salır. O, Rusiyanı ən böyük nüvə arsenalına malik, dünyanın mövcudluğu üçün təhlükə yaradan son dərəcə hərbiləşdirilmiş polis dövlətinə çevirdi”, - deyə alimlər, yazçılar bildirirlər.

Müracitdə o da bildirilir ki, beynəlxalq elmi ictimaiyyətin üzvləri olaraq, onlar elmi tərəqqinin, xüsusən pandemiyalar, iqlim dəyişikliyi və kütləvi qırğın silahlarının ekzistensial təhlükəsi fonunda qlobal əməkdaşlığın çox vacib olduğu halda, intellektual azadlığı boğan diktatorlar tərəfindən təhdid edilməsindən dərin narahatdırlar:

“Biz dünya liderlərini və bütün xoşməramlı insanları cənab Putin və onun cinayətkar rejimi haqqında istənilən illüziyalardan əl çəkməyə çağırırıq. Tarix bizə öyrədir ki, təcavüzkarı sakitləşdirmək insanlığa qarşı növbəti cinayətlərə gətirib çıxarır. Heç bir müvəqqəti müavinət buna haqq qazandıra bilməz. Biz 1938-ci il Münhen sazişinin təkrarlanmasının qəti əleyhinəyik!” Nobelçilər dünya liderlərini Ukraynaya dəstəyi artırmağa çağırıblar.

Qeyd edək ki, müraciəti Ədəbiyyat üzrə Nobel Mükafatı laureatları Svetlana Aleksiyeviç, Elfriede Jelinek, Herta Müller, Vole Soyinka; Fiziologiya və ya Tibb üzrə laureatları Harvey J. Alter, Fransua Barre-Sinoussi, Carol W. Greider, Sheldon Lee Glashow, Louis J. Ignarro, Barry J. Marshall, May-Britt Moser, Edvard İnqjald Moser, Paul Nurse, Çarlz M. Rays, Ser Richard J. Roberts, Bert Sakmann, Randy W. Schekman, Gregg L. Semenza, Jack W. Szostak, Drew Weissman, Erik F. Wieschaus;

Kimya üzrə laureatlarTomas R. Çex, Elias James Corey, Roald Hoffmann, Roger D Kornberq, Brian K. Kobilka, Roderick MacKinnon,

Nobel Sülh Mükafatı laureatları Şirin Ebadi, Codi Uilyams, Oleksandra Matviiçuk;

Fizika üzrə laureatlar Takaaki Kajita, Ferenc Krausz, John C. Mather, Mişel Mayor, James Peebles, William D. Phillips, H. David Politzer, Gerardus 't Hooft və İqtisadiyyat üzrə Nobel Mükafatı laureatı Vernon L. Smith imzalayıblar.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar