“PUTİNİN UKRAYNA İLƏ BAĞLI PLANLARI DAHA GENİŞDİR” – “Rusiyanın Ukraynadakı qruplaşmasının sayı artacaq”

Belə görünür ki, Vladimir Putin məqsədinə çatmayana qədər Ukraynada apardığı müharibəni bitirmək fikrində deyil. Buna görə də Rusiyada başlanılacaq yeni səfərbərlik dalğasından sonra Ukraynaya qarşı daha iri miqyaslı hücum gözlənilir. Bu hücum vasitəsi ilə Rusiya ordusu Ukraynanın şimal vilayətlərini ələ keçirmək və orada geniş “sanitar zona” yaratmaq niyyətindədir. Ancaq hələlik Moskvanın planlarının tamamilə əksinə olaraq, rus könüllülərindən ibarət batalyonlar müharibəni Rusiya ərazisinə keçirməklə məşğuldurlar...

“AzPolitika” xəbər verir ki, Ukraynanın “Qlavred.info” saytına verdiyi müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin keçmiş sözçüsü, hərbi ekspert Vladislav Seleznyov Vladimir Putinin Ukrayna ilə bağlı planlarını şərh edib. Həmin müsahibəni qısa ixtisarla təqdim edirik:

- Vladimir Putin bu günlərdə Ukrayna ərazisində “sanitar zona”nın yaradılmasının mümkünlüyündən sdanışıb. Bu kontekstdə Xarkov, Sumı, Kiyev və Çerniqov vilayətlərinə iri miqyaslı hücum təhlükəsi gözlənilirmi?

- Biz indi Rusiyanın bufer və ya “sanitar zona” yaradılması prosesinə başlamasını müşahidə edirik. Son günlər ruslar Sumı vilayətinin ərazisinə artilleriya və aviasiya zərbələri endirirlər. Düşmən bütün sərhədyanı ərazilərimizi demək olar ki, yerlə bir edərək yerli sakinləri oradan qaçmağa məcbur edir. Nə vaxt ki, Putin “sanitar zona”nın yaradılmasından danışır, deməli, söhbət bu cür hərəkətlərdən gedir.

- Lakin rusların “sanitar zonaları”nın formatı, ölçüsü və sahəsi barəsində nəsə anlamaq çətindir. Putinin fikrincə, bu “zonalar”ın miqyası elə olmalıdır ki, Ukrayna ordusu öz balansındakı NATO silahları ilə Rusiya Federasiyasını təhdid edə bilməsin. Bu, onlarla və hətta yüzlərlə kilometr demək deyilmi?

- Hələlik aydın deyil. Putinin planı istənilən formatda və miqyasda ola bilər, onun Kiyevi üç günə, bütün Ukraynanı isə üç həftəyə ələ keçirmək arzusunu unutmamışıq. Amma artıq üçüncü ildir ki, iri miqyaslı müharibə gedir. Biz Putinin bəyanatını tamamilə rasional dəyərləndirməliyik və düşməni metodiki məhv etmək üçün öz resurslarımıza istiqamətlənməliyik. Düşmənin artilleriya və aviasya hücumlarının qarşısının alınması variantlarını axtarmalıyıq. Bundan başqa, bizə düşmənin bomba daşıyan təyyarələrini məhv edə biləcək dronlar gərəkdir. Bu cür təyyarələr adətən döyüş meydanından 150-300 kilometr uzaqlıqdakı hərbi aerodromlarda yerləşirlər. Dronlarımızın sərhədimizdən 800-1000 kilometr uzaqlıqdakı Rusiya neft sənayəsinə məxsus obyektləri vurması göstərir ki, Ukrayna ordusunun müəyyən resursu var. Bu məsələylə bağlı avstriyalı ekspert Tom Kuperin möqeyini dinləmək məntiqli olardı. Tom Kuper düşmənin enerji infrastrukturuna vurduğumuz dron zərbələrini rusların hərbi aerodromlarına yönəltməyimizi daha məqsədəuyğun sayır.

- Biz Rusiyanın Xarkovu və Ukraynanın şimal vilayətlərini işğal etmək üçün lazımi imkana malik olmadığnı tez-tez eşidirik. Necə fikirləşirsiniz, Rusiya ordusu “sanitar zona” yaradılması planı çərçivəsində gələcək hücumlar üçün Ukrayna ərazisindən istifadə etmək məqsədilə platsdarm qura bilərmi?

- Hazırda Ukrayna kəşfiyyatı Çerniqov, Sumı və Xarkov vilayətləri yaxınlığında Rusiya qüvvələrinin cəmləşməsini müşahidə etməyib. Rusiyanın Bryansk, Kursk və Belqorod vilayətlərində 27 min rus əsgəri yerləşdirilib və bu, operativ-taktiki səviyyədə hərbi əmilyyatın reallaşdırılması üçün kritik dərəcədə azdır. Məsələn, Sumını mühasirəyə almaq üçün bu istiqamətdə ruslara 300 min nəfərdən ibarət qruplaşma lazımdır. Onlarda bu cür resurs yoxdur, ona görə də Xarkov, Sumı və Çerniqov vilayətləri indiki məqamda təhlükədə deyillər. Sərhədyanı zonalar Rusiya aviasiyasının və artilleriyasının zərbə məsafəsindədirlər, amma iri miqyaslı döyüş təhlükəsi hələlik yoxdur. Lakin burada çox vacib bir məqam var. Rusiya Mərkəzi Seçki Komissiyası Vladimir Putinə 87 faiz qələbə yazdı və bu, qeyri-populyar qərarların verilməsi üçün ciddi mandatdır. Həm də ki, bu mandat Rusiyada qismən və ya tam səfərbərliyin həyata keçirilməsində mühüm yer tutur. Yaxın bir neçə gün ərzində Putin və onun ətrafının qərarlarını diqqətlə izləmək lazımdır. Əgər səfərbərlik maşını işə salınarsa, yüz minlərlə Rusiya vətandaşı orduya cəlb ediləcək.

Bu halda bizi bir neçə aydan sonra döyüş meydanında kifayət qədər ciddi canlanma gözləyir. Prezident Zelenski artıq xəbərdarlıq edib ki, ordumuz mayın sonu, iyunun əvvəlində Rusiyanın geniş miqyaslı hücumunu dəf etməyə hazırlaşır. Döyüş meydanındakı hadisələrin inkişaf perspektivi Ukrayna ordusunun resurs imkanlarından asılıdır. Döyüşçülərimiz ciddi təzyiqlə qarşılaşırlar, çünki möhkəmləndirilmiş mühəndis istehkam qurğularından ibarət müdafiə xətti yoxdur. Ləng də olsa, mövqelərimizi qərbə tərəf çəkməyə məcburuq.

Ukraynanın müdafiə sənayesi ordumuzun ehtiyaclarını tam ödəmək qabiliyyətində deyil. Qərb tərəfdaşlarımızla əlaqəli işləmək lazımdır. Avropa Ukraynaya hərbi-texniki planda göstərilən zəif dəstəyə görə ABŞ-ni haqlı olaraq qınayır. Bu məsələdə Ağ Evlə Konqres arasında qəribə ötür-ötür oyununu müşahidə edirik. Bu, xoşagəlməz hisslər yaradır.

Bütün dünya anlayır ki, indi Ukrayna ordusu Avropa qitəsinin təhlükəsizliyini təmin edir. Silah və mərmi çatışmazlığı ciddi problem törədir, çünki belə bir silah-sursat qıtlığında Putin aqressiyasına qarşı dayanmaq çətindir. 

- Rusiyalılar nə qədər insan səfərbər etmək imkanına malikdirlər? Səfərbər edilənlər nəyə qadir olacaqlar?

- Rusiyada səfərbərliyə qarşı geniş müqavimət başlayacağı illüziyasına qapılmamalıyıq. Demək olar ki, Rusiya hər gün orduya təqribən min nəfər adam çağırır. İnsanlar könüllü orduya gedirlər, çünki onlara ayda 200 min rubl( 2000 dollar) pul verirlər, uzaq əyalətlərdəkilər bu pulu heç yerdə qazana bilməzlər. Orduya getməyi arzulayanlar kifayət qədərdir. Hətta baxmayaraq ki, bu cür səfərbər edilənlərin heç də az olmayan hissəsi cəsəd torbalarında və ya sink tabutlarda geri dönürlər. Əslində isə əksəriyyəti heç qayıtmır və Ukrayna çöllərində ölüb qalırlar.

Maraqlıdır ki, 3-4 ay bundan öncə Krım qaulyauteri(rəhbəri) Sergey Aksyonov “Krım hökuməti”-ndə keçirdiyi müşavirədə deyib ki, martın ortalarından başlayaraq Krımda səfərbərlik tədbirləri əhəmiyyətli dərəcədə genişlənəcək. Beləliklə, Aksyonov eyham vurub ki, Putinin yenidən seçilməsindən sonra Rusiyanın Ukraynadakı işğal qruplaşmasının sayı artacaq və bununla yanaşı, sərt tədbirlərdən istifadə olunacaq. Muzdlu könüllülər çoxdur, lakin onlar Rusiya ordusunun bütün ehtiyaclarını ödəyə bilməzlər.

O ki qaldı səfərbər edilənlərin sayına, hesablar müxtəlif ola bilər. Rusiyada həyata keçirilən öncəki səfərbərlik dalğasında 320 min nəfər toplanmışdı. Putinin Ukrayna ilə bağlı planı daha geniş miqyaslı olmağa başlayıb. Ona görə də yeni kampaniyada söhbət bir neçə yüz min insanın səfərbər edilməsindən gedir. Putin Ukraynanın tam işğal olunması arzusunu və gözləntilərini gizlətmir.

- Belqorod və Kursk vilayətlərində könüllülər “boz zona”nı artıq Rusiya ərazisində genişləndirirlər. Görürük ki, onlar bu dəfə tank və artilleriyanın köməyil ilə Rusiyanın iki regionunda daha iri miqiyaslı əməliyyatlar həyata keçirirlər. Siz bu əməliyyatı necə dəyərləndirirsiniz? Könüllülər orada möhkəmlənə biləcəklərmi?

- “Rusiya Könüllülər Korpusu”, “Rusiyanın Azadlığı Legionu” və “Sibir batalyonu” taktiki xarakterli tədbirlər həyata keçirirlər. Əsas tapşırıq ondan ibarətdir ki, informativ-silahlı güc əməliyyatı yoluyla Rusiya vətandaşları Putin rejiminə qarşı sialhlı müqavimətə cəlb edilsin. Bu batalyonlar avtomat, pulemyot və zirehli texnikanın köməyi ilə müqavimətin mümkün olmasını göstərirlər. Ancaq mən bu cür aksiyaya Rusiyanın dərinliklərində, məsələn, Novosibirsk və ya Omskda hay veriləcəyini düşünmürəm. Rusiyalılar daha çox öz daxili problemləri ilə məşğuldurlar, informasiya məkanında könüllərdən ibarət müqavimət qüvvələrinin fəaliyyəti barəsində çox az məlumat var.

Çox güman ki, Rusiya əvvəllər olduğu kimi, könüllülərin qabağını saxlaya biləcək. Bryansk, Kursk və Belqorod vilayətlərində Putin ordusu 26-27 min hərbçi saxlayır. Onların balansında artilleriya, aviasiya var və könüllüləri məhv etməkdən ötrü hal-hazırda Rusiyanın ərazisindəki yaşayış məntəqlərini havaya uçururlar. Putin və onun generalları üçün Kreml ordusunun artilleriya və aviasiya hücumları nəticəsində nə qədər dinc rusiyalının ölməsinin əhəmiyyəti yoxdur.Putin üçün əsas məsələ könüllülərin məhv edilməsidir.

Əlbəttə, könüllülərin Rusiya ərazisindəki reydləri yerlərdəki hakimiyyəti və Kreml rəhbərliyini əsəbləşməyə məcbur edir. Amma Kursk və Belqorod vilayətlərində və Ukraynadan 900 kilometr aralıdakı Neft Emalı Zavodunda nələrin baş verməsi Putinin elə də vecinə deyil. Onu yalnız öz sağlamlığı və həyatı maraqlandırır. O, öz təhlükəsizliyi ilə bağlı yalnız bir dəfə, Priqojin Moskvanın 200 kilometrliyinə yaxınlaşanda həyacan keçirib.

V. Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar