Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində casusluqda ittiham olunan İran vətəndaşı Qaedi Məhəmməd Nəcəf oğluna hökm oxunub.

Məhkəmə onu cəzasını ciddi rejimli koloniyada çəkməklə 12 il azadlıqdan məhrum edib.

Ötən ilin martında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti əcnəbi vətəndaşın saxlanılması barədə bildirmişdi.

Bildirilirdi ki, Qaedi (1994-cü ildə anadan olub) uzun müddətdir ki, aktiv olmayan Feysbuk səhifəsində İranın Tehran şəhərinin Niavəran rayonundan olduğunu qeyd edib. Məhəmməd Qaedinin Feysbuk dostlarının əksəriyyətinin azərbaycanlılar olması da diqqət çəkib. Paylaşdığı fotoların birində isə məşhur Azərbaycan şairi Şəhriyarın portreti ilə yanaşı dayanıb.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Məhəmməd Qaedi tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanılmış çoxsaylı sübutlar əsasında onun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.

O, Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsilə cinayət məsuliyyətinə cəlb edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar