“Kiyev Moskva ilə danışıqlara hazırdır...” – Kuleba şərtləri açıqladı

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib ki, rəsmi Kiyev Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi Sülh Formulası çərçivəsində Rusiya ilə sülh danışıqlarına başlaya bilər.

“AzPolitika” xəbər verir ki, Kuleba bunu Hindistanın NDTV telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, indiyə qədər Kiyev ümumiyyətlə, işğalçı qoşunlar bütün Ukrayna ərazisindən çıxmayana qədər hər hansı danışıqları rədd edirdi.

Kulebanın sözlərinə görə, Kiyev Ukraynanın sülh planının müzakirə olunacağı sammitlər arasında diplomatik prosesə başlamağa hazırdır: “Biz dedik ki, birinci sammitdə bu prinsipləri bölüşən bütün dövlətləri bir araya gətirəcəyik (Zelenskinin Sülh Formulası nəzərdə tutulur-red.), onlar üzərində işləmək istədikləri elementləri seçəcəklər. Sonra birinci və ikinci sammitlər arasında Rusiya ilə iştirakçıların təsdiqlədiyi qaydalara uyğun olaraq ünsiyyət həyata keçirilə bilər”.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti İsveçrəyə səfəri zamanı Berndən hərbi münaqişənin həlli variantlarını müzakirə etmək üçün yüksək səviyyəli sülh konfransı təşkil etməyi xahiş etmişdi.

Zelenski Kiyevin nizamlanma planını Moskvaya ötürmək niyyətində olduğunu təsdiqləyib, lakin bunu danışıqlar hesab etmədiyini vurğulayıb.

Xatırladaq ki, Zelenskinin Sülh Formulasında 10 bənd var. Onlardan biri Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını və 1991-ci il sərhədlərinə dönməsini, o cümlədən Krımın və Donbasın qaytarılmasını nəzərdə tutur. Kreml dəfələrlə bəyan edib ki, Kiyevlə sülh yolu ilə nizamlanmaya yalnız “yerdə” mövcud olan reallıqlar nəzərə alınmaqla nail olmaq olar. Moskva müharibənin başa çatması üçün Ukrayna ərazisinin ilhaqının faktiki olaraq tanınması şərtini qoyur.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar